Bolşeviklərin 1917-ci ilin noyabrında hakimiyyəti ələ alması ilə Rusiya imperiyası dağıldı. Bu vəziyyətdə Rusiyanın geopolitik vahidi kimi formalaşan Zaqafqaziya (Cənubi Qafqaz) bir tərəfdən onun ağır nəticələri, digər tərəfdən isə yaranmış vəziyyətin təsiri altında yeni dövrə qədəm qoydu. Bu dövr Zaqafqaziyanın parçalanması və müstəqil dövlətlərin yaranması ilə başa çatdı. Belə bir kontekstdə Qərbi Azərbaycanın Ümumazərbaycan torpaqlarından ayrılaraq erməni dövlətinin coğrafiyasına çevrilməsi prosesi başladı və 1918-ci il mayın 28-də Ermənistan Respublikasının yaradılmasında mühüm rol oynadı. Azərbaycan Milli Şurası tərəfindən İrəvanın Ermənistana verilməsi (1918, 29 may) və Osmanlı-Ermənistan Batum müqaviləsilə (1918, 4 iyun) onun rəsmən tanınması isə Ermənistan Respublikası dövründə (1918-1920) davam etdirildi.
İlk Zaqafqaziya hökumətinin yaradılması
1917, 15/28 noyabr – 1918, 26 mart –Rusiyada bolşevik çevrilişi nəticəsində Müvəqqəti hökumətin Zaqafqaziyadakı orqanlarının süqutu. Zaqafqaziya komissarlığı (Zakavkom) adlı müvəqqəti koalision hökumətin yaradılması. Sədri, eyni zamanda əmək nazirliyi işləri və xarici işlər üzrə komissarı Y.P.Gegeçkori idi. Tərkibinə azərbaycanlılardan F.X.Xoyski (xalq maarifi komissarı), M.Y.Cəfərov (ticarət və sənaye komissarı), X.A.Məlikaslanov (yollar komissarı), X.B.Xasməmmədov (nəzarət komissarı) daxil idi. Zaqafqaziya Komissarlığının ilk bəyannaməsində qeyd edilirdi ki, “Rusiya inqilabı tərəfindən elan edilən millətlərin tam olaraq öz müqəddəratını müəyyən etməsi nöqteyi-nəzərində dayanan Zaqafqaziya Komissarlığı Zaqafqaziyanın milli məsələsinin tezliklə və ədalətlə həll edilməsi üçün addımlar atacaqdır”. [8, док. №7,с. 9] Bu koalision hökumətin yaradılması ilə Zaqafqaziyanın ərazi bölgüsünün etnik əsası da qoyuldu. Azərbaycan və gürcülərin ermənilər ilə bir koalisiyada birləşməsi onların ərazi təminatının tanınması oldu. Bu fikir Seym və onun yaratdığı müvəqqəti hökumətə, həmçinin Zaqafqaziya respublikasına da aiddir.
1917, noyabr – İrəvan quberniyasının bütün inzibati-ərazi vahidləri ilə birgə Zaqafqaziya hökumətinin ərazisinə daxil olması.
1917, 2/15 dekabr – Mərkəz dövlətləri və Sovet Rusiyası arasında Brest-Litovskdə barışıq imzalanması. [16, №70.1, с. 337]
1917, 5/18 dekabr – Osmanlı imperiyası və Zaqafqaziya komissarlığı arasında Ərzincan barışığının imzalanması. [8, док. №14, с. 18-23] Bu barışıq nəticəsində Osmanlı imperiyası diplomatik, sonra isə hərbi üstünlüyə nail oldu. Zaqafqaziya komissarlığı tərəf kimi qəbul olundu. Rus qoşunlarının kütləvi şəkildə Qafqaz cəbhəsindən çəkilməsilə ərazidə güclənmək istəyən erməni hərbi qüvvələrinə qarşı tədbirlər görülməyə başlandı. Rusiya qoşunları ilə birgə, həmin əraziləri tərk edən erməni qaçqınları Qərbi Azərbaycan ərazilərinə axın etdi. Onların sayı ən azı 300 min nəfər təşkil edirdi.
1917, 29 dekabr/1918, 11 yanvar – Sovet Rusiyasının ermənilərin Türkiyə ərazisində təşkilatlanması üçün “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etməsi. Preambula, 4 maddə və qeyddən ibarət olan dekretin 1-ci maddəsinə görə Sovet Rusiyası “Türkiyə Ermənistanı”nda ermənilərin tam müstəqilliyədək öz müqəddəratını təyin etmək hüququnu tanıyırdı. Dekretin həyata keçirilməsində əsas rol 1917-ci ilin dekabrında Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin edilən Şaumyana ayrılırdı. [16, №69.5, с. 334-335] Dekret daha çox deklarativ xarakter daşıyırdı.
1918, 12 fevral–25 aprel –Osmanlı irəli hərəkatı. Ərzincan, Trabzon, Ərdəhan və b. yerlərin azad edilməsi. 1918-ci il aprelin sonlarında Osmanlı-Rusiya imperiyası arasındakı 1877-ci il sərhəddi bərpa edildi. [2, s.553] Bu hərəkat nəticəsində faktiki olaraq, Osmanlı ərazisində Rusiyanın və ermənilərin erməni dövləti yaratmaq siyasəti süquta uğradı. Bu siyasət Zaqafqaziyaya, Qərbi Azərbaycan torpaqlarına keçirildi. I Dünya müharibəsinin gedişi zamanı bu ərazilərdəki türk-müsəlman əhaliyə qarşı soyqırımı törədən ermənilər bu əraziləri tərk edərək Qərbi Azərbaycana köçməkdə davam edir.
Zaqafqaziya Seymi. Seym hökumətinin təşkili
1918, 23 fevral–26 may – Zaqafqaziya Seymi. Sədri N.S.Çxeidze (gürcü sosial-demokrat (menşevik)). Seymin 125 üzvündən 44-ü müsəlman fraksiyasından ibarət idi. Seym Y.P.Gegeçkorinin başçılığı altında Müvəqqəti Zaqafqaziya hökuməti (26 mart -22 aprel) təşkil etdi.
1918, 3 mart – Brest-Litovsk müqaviləsi. [16, №70.2, с. 337-347]Osmanlı imperiyası sülhün şərtlərinə uyğun olaraq, Elviyey-i selaseni (“Üç liva”), yəni Qars, Batum və Ərdəhan üzərində hakimiyyətini bərpa etmək hüququ aldı. [8, док. №48,с.85-86] Bu məsələ Zaqafqaziyaya aid olduğu üçün, Komissarlıq tərəfindən etirazla qarşılandı. Osmanlı dövləti ilə Zaqafqaziya komissarlığı arasında ərazi məsələsi meydana gəldi. Elə ilk sınaqda Zaqafqaziya hökuməti daxilində də ərazi üzrə ziddiyyətlər ortaya çıxdı. Türkiyə isə komissarlıq ilə xarici sərhədlərinin nizamlanmasından əvvəl Brest üzrə, sonra isə hərbi yol ilə tutulmuş torpaqların təsdiqinə başladı. Nəticədə Zaqafqaziyanın ərazisi getdikcə kiçildi. Bu da Zaqafqaziyada ərazi uğrunda mübarizəni daha da kəskinləşdirdi. Türkiyə Zaqafqaziya ilə sərhədlərinin müəyyən edilməsilə birgə, Zaqafqaziyada daxili hüdudların müəyyən edilməsinə də təsir göstərməyə başladı. Beləliklə, Zaqafqaziyada ərazi məsələsi beynəlxalq xarakter aldı. Mübahisəli məsələləri həll etmək üçün Trabzonda konfrans çağırılması qərara alındı.
Trabzon konfransı
1918, 14 mart–14 aprel –Trabzon konfransı. Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hüseyn Rauf bəy (Orbay), Seymin 40 nəfərlik nümayəndə heyətinə daxili işlər naziri A.Çxenkeli rəhbərlik edirdi. Nümayəndə heyəti içərisində müsəlman fraksiyasından M.H.Hacınski, X.B.Xasməmmədov, İ.Heydərov, Mir Yaqub Mehdiyev, Ə.Şeyxülislamov var idi. Erməni heyətinə A.Xatisov rəhbərlik edirdi. [8, №№ 54-84, с.107-184;9, c.85-94]
Xatisov Seymin çoxsaylı nümayəndə heyəti haqqında Türkiyə mətbuatının belə bir baxışını xatırladırdı: ²Əgər, hərbi dəstə gəlibsə o azsaylıdır, əgər bu sülh nümayəndəliyidirsə, onda o olduqca böyükdür². [7, c.278] İstər Seymdə, istərsə də onun nümayəndə heyəti tərkibində mövcud vəziyyətə dair ciddi fikir ayrılığı var idi. Seym Brestin şərtlərini qəbul etmədiyi üçün aprelin 14-də nümayəndə heyətini geri çağırdı.
1918, 26 mart – Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Trabzon konfransından yenicə gələn Şeyxülislamovun məruzəsindən sonra, Brest-Litovsk müqaviləsi üzrə ona keçən ərazilərin verilməsi haqqında Türkiyənin ultimatumu ilə əlaqədar müsəlman partiyalarının taktikası barədə məsələ müzakirə edilir. [14, док. №3, с. 77]
1918, 31 mart – Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Məsul partiyaların Türkiyəyə müharibə elan etmək qərarı ilə əlaqədar müsəlman partiyalarının hərəkət xətti haqqında məsələnin müzakirəsi. “Hümmət”in nümayəndələri gürcü menşevikləri ilə bir olur. Müsəlman sosialist bloku partiyaları müharibənin davamına mənfi baxır və Seymdə müstəqil çıxış etmək qərarına gəlir. “Müsavat”, bitərəflər qrupu və Rusiyada müsəlmanlıq partiyası “İttihad” müharibənin əlverişli ləğvi üçün bütün tədbirləri görəcəyini bildirir. Seymdə bu qətnamənin səsləndirilməsi Ş.Rüstəmbəyova həvalə edilir. [14, док. №4, с. 77-79]
1918, 1 aprel – Seym üzvlərinin fraksiyalararası iclası. İclasda Türkiyəyə müharibə elan edilməsilə əlaqədar olaraq Seymin işinə iki həftəlik ara verilməsi və 3 nəfərdən ibarət fövqəladə səlahiyyətə malik olan hərbi kollegiyanın seçilməsi məsələsi müzakirə edilir. [14, док. №5, с. 79-80]
1918, 3 aprel – Seym üzvlərinin fraksiyalararası iclası. Sülh komissiyasının üzvü X.B.Xasməmmədovun məruzəsi dinlənilir. Zaqafqaziya hökumətindən təlimat almaq adı altında nümayəndəlik geri qayıdır. Müzakirələrdən aydın olur ki, türklər Zaqafqaziya müsəlmanlarının vəziyyəti haqqında çox yaxşı məlumatlıdırlar və anarxiyanın yatırılması üçün aktiv güc ilə kömək göstərilməsinə vəd veriblər. [14, док. №6, с. 81-82]
Zaqafqaziya Seymi hökuməti ilə Osmanlı dövləti arasında müharibə (1918, 14-22 aprel)
1918, 14–22 aprel – Zaqafqaziya Seymi hökuməti ilə Osmanlı dövləti arasında 8 günlük müharibə. Türkiyə Oltu, Artvin, Ərdəhan, Sarıqamış, Batum, müharibədən az sonra isə Qarsı tutur. Seym təslim olur. [15, c.350]
ZDFR-in yaradılması
1918, 22 aprel–26 may – 8 günlük müharibənin nəticələrindən biri kimi Zaqafqaziyanın müstəqilliyi elan edilir. Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) yaradılır. Zaqafqaziyanın siyasi birliklərindən ən qısa ömürlüsü idi. Cəmi 34 gün mövcud ola bildi. Baş nazir və xarici işlər naziri Trabzonda Seymin nümayəndə heyətinin rəhbəri A.İ.Çxenkeli idi. Tərkibinə azərbaycanlılardan X.B.Məlikaslanov (yollar naziri), F.X.Xoyski (ədliyyə naziri), N.B.Yusifbəyov (xalq maarif naziri), M.H.Hacınski (ticarət və sənaye naziri) və İ.Heydərov (dövlət nəzarətçisi) daxil idi. [12, c.63-64] Hökumət yaradıldıqdan sonra ilk iş Türkiyə ilə danışıqların bərpası oldu.
1918, 23–26 aprel – Osmanlı və Zaqafqaziya hökuməti arasında yeni müzakirələrin başlanması və konfrans yeri olaraq hökumət başçısı Çxenkeli tərəfindən irəli sürülmüş Batumun qərara alınması. Konfrans haqqında qərar qəbul edildikdən sonra, tərəflər nümayəndə heyətini müəyyən etmişdir. Osmanlı tərəfindən nümayəndə heyətinin başçısı Ədliyyə naziri Xəlil bəy, ikinci önəmli şəxs III Türk ordusu komandanı Vehib paşa müəyyən edilmişdi. Zaqafqaziya nümayəndə heyəti isə belə idi: A.İ.Çxenkeli (sədr), gürcülər: Nikolay Nikoladze, general Odişelidze, Noy Ramişvili, Qriqori Qvazava və b.; azərbaycanlılar: M.H.Hacınski, M.Ə.Rəsulzadə və b.; ermənilər: A.Xatisov (Xatisyan), H.Kaçaznuni, M.Papacanyan və b. Ümumilikdə heyətin sayı 45 nəfər idi. [2, s.512-523] Batum konfransı diplomatiya tarixində nadir hadisələrdən hesab oluna bilər. Konfrans işinə iki dövlət arasında başlamış, dörd dövlət ilə başa çatmışdır. Konfransın təşkili və işinin idarə olunmasında sədrəzəm Tələt paşa və Baş komandan vəkili Ənvər paşa həlledici rola malik idi. Onlardan da ən əsası Ənvər paşa idi. Təsadüfi deyil ki, Tələt paşanın konfransa ünvanlanmış teleqramlarının əksəriyyətində qeyd edilir ki, Ənvər paşa da onun yanındadır. Bu baxımdan hər ikisinin mövqeyi, daha doğrusu Tələt paşanın mövqeyi, əsasən, Ənvər paşanın fikirlərini əks etdirir. Subordinasiyaya uyğun olaraq, Tələt paşa daha çox Xəlil paşaya, Ənvər paşa isə Vehib paşaya müraciət edirdi. Nadir nümunələrdən biri də o idi ki, konfransın gedişi zamanı Tələt və Ənvər paşa tandemindən fərqli olaraq, həm onlar ilə nümayəndəlik arasında, həm də Xəlil paşa ilə Vehib paşa arasında nəinki fikir ayrılığı, hətta təlimatlara əməl edilməməsi belə müşayiət olunurdu. Konfransa o zamankı Osmanlı dövlətindən digər nümayəndələr təyin edilsəydi, hansı rol oynayacağı, yalnız mühakimə predmeti kimi maraqlı ola bilər. Zaqafqaziya hökuməti və onun nümayəndə heyətinin də özünəməxsus problemləri var idi. Burada da birlik yox idi, lakin bunun səbəbi fərqli idi. Nümayəndə heyəti bir-birilə ziddiyyətdə olan üç qrupun nümayəndələrindən ibarət idi. Burada hər hansı bir təlimat və ya vahid mövqedən yanaşma da yox idi.
1918, 26 aprel – Osmanlı dövlətinin ZDFR-i tanıması. [2, s.501-503] Bu da çox maraqlıdır ki, Türkiyə Zaqafqaziya Respublikasının yaradılması və tanınmasında olduğu kimi, onun dağılmasında da həlledici rol oynadı.
1918, 1 may – Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Trabzon sülh konfransı nümayəndə heyətinin üzvü M.H.Hacınskinin məruzəsinin müzakirəsi. Hacınski qeyd edir ki, ən əlamətdar hadisələrdən biri Ənvər paşanın Trabzon və Batuma gəlməsi olub. Hacınski Türkiyə siyasətinin əsas rəhbəri kimi Ənvər paşanın Zaqafqaziyanın siyasi quruluşuna, ən başlıcası azərbaycanlı və osmanlıların gələcək qarşılıqlı əlaqələrinə dair baxışları barədə bildirir ki, onun fikrincə, ümumi Seym ilə Azərbaycan, Gürcüstan və Ermənistan Türkiyə ilə sıx ittifaqda ümumi federativ və konfederativ Zaqafqaziya yaratmalıdır. Vahid Zaqafqaziya yaratmaq mümkün olmadıqda Türkiyə ilə ümumi sərhəddi olan müstəqil Azərbaycan Osmanlı imperiyası ilə Avstriya-Macarıstan formasınadək daha sıx ittifaq yarada bilər. Ermənistanın müstəqilliyinə münasibətə isə Ənvər paşa cavab verib ki, əgər erməni xalqı ingilis-rus siyasəti naminə türklərin əksinə öz intriqalarını dayandırarsa, Türkiyə müstəqil erməni dövlətinin yaradılması əleyhinə deyil. Hacınski məruzəsinin sonunda göstərir ki, Vehib paşa və Rauf bəyin bu məsələyə münasibəti Ənvər paşadan fərqlənir. Onlar burada sülhün saxlanılması naminə Zaqafqaziyanın daxili işlərinə qarışmamağın tərəfdarıdır. [14, док. №13, с. 97-100] Bu məlumat əsas götürülsə, bəzi mühakimələr irəli sürmək olar: 1) Ermənistan dövlətinin yaradıla biləcəyi diqqət mərkəzinə gəlmişdir; 2) Ənvər paşa siyasətçilərə məxsus bir şəkildə alternativli bir fikir irəli sürmüş, onun yaradılmasını inkar etməmişdir; 3) Bu məsələ barəsində Türkiyə hakim dairələrində fikir ayrılığı olmuşdur; 4) Batum konfransında da nümayəndə heyətinin üzvü olan Hacınski, həm də Seymin bütün müsəlman fraksiyalarının üzvləri Osmanlı dövlətinin liderlərindən olan Ənvər paşanın mövqeyi ilə tanış olmuşdur və s. Təəssüf ki, burada Seymin müsəlman fraksiyasının üzvlərinin bu məsələyə münasibətindən bəhs olunmur.
1918, 1–6 may – Türk heyətini, o cümlədən general Lossovun rəhbərliyindəki alman nümayəndələrini Batuma aparan Gülnihal vapurunu 1 mayda İstanbuldan Tələt paşa və Ənvər paşanın iştirak etdiyi qələbəlik bir heyət yola salmış, 6 mayda onlar Batuma gəlmişdilər. Zaqafqaziya nümayəndə heyəti də həmin gün Batuma çatmışdır.
1918, 2–10 may – Ənvər paşa tərəfindən Osmanlı dövlətinin III ordu komandanı Vehib paşaya Batum konfransına dair 11 maddədən ibarət təlimat göndərilməsi. [1, sənəd №33, s.121-122] Bu təlimatın yerinə yetirilməsi faktik olaraq Zaqafqaziyanın Osmanlı dövlətindən asılı vəziyyətə düşməsi demək idi. Təlimatın önəmli maddələri saxlanılmaqla, 4 və 5 may tarixlərində də yeni təlimatlar ünvanlanıb.
1918, 6 may – Seymin bütün müsəlman fraksiyalarının və Zaqafqaziya Mərkəzi müsəlman şurasının birgə iclası. Seym üzvü F.X.Xoyski belə bir bəyanatla çıxış edir ki, Daşnaksütun partiyasının Seym fraksiyası bildirdiyinə görə onlar Bakıdakı gələcək hakimiyyətin sırf müsəlman deyil, internasional olması və erməni hissələrinin burada qalması şərti ilə Bakı hadisələrinin ləğvini üzərinə götürür. F.X.Xoyski əlavə edir ki, o, belə bir həyasız təklifi taktiki mülahizə üzündən həmin an rədd etməyib. Seym üzvü Yusifbəyov isə qəti olaraq bildirir ki, belə bir xidmətdən imtina edir, çünki bu sülh şəraitində yaşamaq kimi səmimi arzudan deyil, türk ordusunun yaxınlaşmasından irəli gəlir. Seym üzvü Xasməmmədov da bu barədə kəskin çıxış edir. Xoyski sonda daşnaksakanlara aşağıdakı şərtləri irəli sürməyi təklif edir: Bakıda hakimiyyətin müsəlmanlara verilməsi, bu hakimiyyətə kömək üçün şəhərə müsəlman hərbi hissələrinin daxil olması və tərksilah edilmiş hərbi hissələrin çıxarılması. Taktiki və siyasi mülahizələrə görə bu danışıqların uzadılması və hökumət başçısına nə Bakıda, nə də qəzetlərdə bu barədə rəsmi məlumat verilməməsinin tapşırılması qərara alınır. [14, док. №15, с. 103-104]
1918, 7 may – Xəlil bəyin sədrəzəm və xarici işlər nazirliyinə teleqrafı. Saat yeddidə Çxenkelinin onun yanına gəldiyini və görüşdüyünü bildirir. Görüş zamanı Xəlil bəy Qafqazdakı vəziyyətdən, xüsusilə ermənilərin fəaliyyətindən narazılığını qeyd edir. Ermənilər tərəfindən İrəvanda müsəlman kəndlərindən əhalinin qovularaq, yerinə ermənilərin yerləşdirilməsi diqqətə çatdırılır. Xəlil bəy sonra birlikdə Camal paşanın (gənc türklərin liderlərindən idi) ziyarətinə getdiklərini yazır. Yeməkdə Vehib paşa İrəvan üzərinə hərəkət etmək üçün Ənvər paşadan əmr aldığını söyləyir. [2, s.553-554] Xəlil paşaya görə Qafqazın tutulması vəziyyəti mürəkkəbləşdirə bilər və bu hal Osmanlı dövlətinin xeyrinə olmaz. Bu hərəkatın gürcü və erməniləri sıx birləşdirə biləcəyindən ehtiyatını da dilə gətirir. [1, № 34, s.123-124] Buradan aydın olur ki, Türkiyənin Qafqaza dair siyasəti paralel olaraq həm diplomatik, həm də hərbi yol ilə davam etdirilir.
1918, 9–10 may – Ənvər paşa 9 mayda göndərdiyi bir təlimatda müzakirələrin sürətlə başa çatdırılmasını tələb edir. Bu arqumentlər içərisində ermənilərin İğdır və İrəvan əhalisi tərəfindən vurulan teleqramlar əsas götürülməklə ermənilərin müsəlmanlara qarşı təcavüzünün təcili şəkildə dayandırılması qeyd edilirdi. [2, s.526-531] Ənvər paşanın sərhəd layihəsində isə Osmanlı dövlətinin ZDFR ilə xarici sərhədləri müəyyən edilirdi. Bu sərhəd xətti 1:400000 miqyaslı xəritə üzərində çəkilərək göndərilmiş, həmin xəritə 10 mayda Xəlil bəyə verilmişdir. [1, sənəd №36, s.138-139]
Batum konfransı
1918, 11 may–4 iyun – Batum konfransı. Konfrans öncəsi tədbirlər və planlar ilə onun işə başlamasının reallaşdırılmasına cəhd edilir. Konfransın yalnız bir ümumi, açılış iclası keçirilir, sonra münasibətlər notalar mübadiləsi ilə aparılır, nəhayət, ZDFR-in dağılması ilə konfransın işi ayrı-ayrı nümayəndə heyətləri ilə davam etdirilir. Bu baxımdan konfransın fəaliyyətini iki yerə bölmək olar: 1918-ci il 26 mayadək (Seymin buraxılması) və sonrası. Cənubi Qafqazın müasir siyasi coğrafiyası, bəzi istisnalar ilə, Batum konfransında dizayn edilmişdir.
1918, 11 may – Batum konfransının ilk iclası. İclassaat 16:00-da Batum (gürcü) klubunun taxta binasında Xəlil bəyin sədrliyilə başlamış, 18:35-də başa çatmışdır. İclasda Osmanlı, Zaqafqaziya hökuməti, konfransın razılığı əsasında Şimali Qafqaz nümayəndə heyəti ilə eyni zamanda, fon Lossovun rəhbərlik etdiyi alman nümayəndə heyəti də iştirak edirdi. Qeyd etmək lazımdır ki, alman faktoru da konfransın gedişində mühüm rol oynadı. Gürcüləri himayə altına alaraq, onların mövqelərini gücləndirdi, federasiyanın dağılmasını sürətləndirdi. Çxenkeli danışıqların Brest müqaviləsi əsasında aparılmasına və İttifaq dövlətlərinin də cəlb edilməsinə nail olmaq istəyirdi. Xəlil bəy isə Trabzon konfransından sonra yeni şəraitin əmələ gəldiyini, yəni Türkiyənin Brest müqaviləsindəki əraziləri müharibə yolu ilə əldə etdiyi üçün qan töküldüyünü və buna uyğun olaraq, yeni ərazi tələblərinin zəruri olduğunu bildirdi. Brest müqaviləsinin danışıqların əsası kimi qəbul edilməsini, eyni zamanda İttifaq dövlətlərinin qatılmasını rədd etdi. Osmanlı dövləti yalnız Zaqafqaziya hökuməti ilə müqavilə bağlamaq istəyirdi. Bununla da, Batum konfransının fəaliyyəti fərqli istiqamətə yönəldi. Bu ümumi iclas ilk və son oldu. [8, №131, с. 312-316;1, sənəd №37, s.140-141; 2, s.545-550] Batum konfransı bir səhnə, burada cərəyan edənlər isə bəzən mənalı, bəzən də mənasız diplomatik oyunlar idi. Əsas məsələ onun nəticəsində, 4 iyun müqavilələrində oldu.Bunu nəzərə alaraq, daha çox həmin müqavilələrə diqqət yetirmək lazımdır. Qısa müddətə olsa da, həmin dövrün beynəlxalq münasibətlər sistemində Batum alt sisteminin yaradıldığı da qeyd olunur. [13, с.5-22]
1918, 12 may – Zaqafqaziya nümayəndələrinin toplantısı. Türkiyənin tələbləri ətrafında müzakirələr aparılmış, vahid fikir hasil edilə bilməmişdir. Sonda, Türkiyə hökumətinə bir nota verilməsi qərara alınmışdır. [2, s.551-553;5, с.45 ]
1918, 13 may – Zaqafqaziya nümayəndə heyətinin notası. Sənəd və materiallarda 1-ci memorandum adlandırılır. Bu nota Avalov tərəfindən tərtib edilmişdi. [8, с. 268-269) ] Burada əsas məqsəd Almaniyanı müzakirələrə cəlb etmək üçün siyasi manevr idi. [2, s.553]
– Xəlil bəyin Xarici işlər nazirliyinə teleqramı. Bu teleqramda İrəvan istiqamətində irəli hərəkatının Brest müqaviləsinə zidd olması bildirilir. [1, sənəd №38, s.142] Xəlil bəy hər vasitə ilə İrəvan üzərinə hərəkatın qarşısını almağa çalışır.
– Xəlil bəyin gürcü, erməni və müsəlman nümayəndələrilə ayrı-ayrılıqda görüşləri. Bu konfransın gedişində yeni formatın yaranması demək idi. Gürcü (Çxenkeli), erməni və azərbaycanlı (Rəsulzadə) nümayəndələr ²təshihi hüdud² barədə fikirlərini bildirir. O, bu barədə Tələt paşaya məlumatında yazırdı: Çxenkeli osmanlıların ərazi tələbləri nəticəsində Zaqafqaziya hökumətinin və Seymin dağılacağını qeyd edir. Xəlil bəy heç bir güzəşt olmayacağını bildirir. Erməni nümayəndə heyəti ilə görüş haqqında yazılırdı ki, onlar Rusiya ilə birləşib, Türkiyəyə qarşı müharibədə iştirakdan peşiman olublar və indi ona sığınmaq istəyirlər və s. Rəsulzadə ilə görüşdə də ərazi məsələsi müzakirə edilir. [1, sənəd №41, s.147-149 ]
– Seymin bütün müsəlman fraksiyalarının birgə iclası. Qəbul edilən tədbirlər içərisində Zaqafqaziyanın üç başlıca xalqının ərazisinin hüdudlandırılmasının sürətləndirilməsi də qeyd edilir. [14, док. №16, с.106] Göründüyü kimi Osmanlı dövləti ilə Zaqafqaziya respublikası arasındakı sərhədlər ilə birlikdə, daxili sərhədlərin də müzakirəsi əhəmiyyətli faktora çevrilir.
1918, 13–14 may – Gəncə və İrəvan nümayəndələrinin Tələt paşaya müraciətləri. Bu müraciətdə Naxçıvan, Ordubad, Qarabağ və İrəvanda erməni zülmündən bəhs edilir. Burada da İrəvan vilayətində son aylarda 130 kəndin dağıdılması, əhalisinin qaçqına çevrilməsi və ermənilərin yerləşdirilməsi, digər yerlərlə bərabər İrəvan şəhərinin mühasirəyə alınmasının nəticələri qeyd edilir və yardım istəklərini nəzərə çatdırırlar. [1, s.143-144] Beləliklə, Qərbi Azərbaycan ərazisi siyasi proseslərin mərkəzinə çevrilir. I Dünya müharibəsində fəal rol oynayan erməni silahlı dəstələri burada azərbaycanlı əhaliyə qarşı soyqırım həyata keçirir və Osmanlı imperiyasından olan ermənilərin yerləşdirilməsi üçün yerli əhali deportasiya edilirdi. Qərbi Azərbaycandan olan azərbaycanlı qaçqınların sayı artırdı.
1918, 14 may – Xəlil bəyin mərkəzi hökumətə teleqramları. Bu teleqramdan birində gürcü və ermənilərin vəziyyətindən bəhs edilir, Qafqazın tutulmasındansa, müstəqil olmasının vacibliyi qeyd edilir. Digər bir teleqramda Sovet Rusiyasının Qafqaz işlərinə müdaxiləsi zərərli hesab olunur. Həmin günə aid başqa bir teleqramda isə sərhədlər məsələsindən bəhs olunur.[1, sənəd №40, s.145-146; №41, s.147-149; №42, s.150-151; №43, s.152-153).]
1918, 14 may, gecə yarısına doğru – Türkiyə tərəfdən Xəlil bəyin türk ordusunun Aleksandropol (Gümrü) vasitəsilə Culfaya (İran) buraxılması haqqında notası.[8, с.269-270; 10, с. 111-112] Burada əsas məqsəd Zaqafqaziya nümayəndə heyəti tərəfindən türk tələblərinin qəbul edilməsi idi.
Osmanlı dövlətinin Qərbi Azərbaycanda hərbi əməliyyatları. Erməni-Osmanlı müharibəsi (1918-ci il)
1918, 15 may – Çxenkeli cavab yazısında hərbi əməliyyatların başlamasını protesto edirdi. [8, док. №134, с.271;2, s.555]
– Osmanlı nümayəndə heyətinin cavab notası. 4 maddədən ibarət idi. Danışıqların Brest müqaviləsi əsasında aparılması qəbul edilmirdi. [8, №136, с.272-273;2, s.557-558]
1918, 15 may axşam saat 6:00 – Ermənilərin Aleksandropoldan çəkilməsi. [2, s.574] Bu hadisə “Erməni-Osmanlı müharibəsi”-nin başlanğıcı kimi qəbul edilir. Bu müharibənin gedişində Osmanlı ordusu Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsini ermənilərdən azad edir. Qərbi Azərbaycan torpaqlarının digər hissələrində isə erməni silahlı qüvvələri qalmaqda davam edir. Osmanlı dövlətinin tutduğu ərazilər 1918-ci il 30 oktyabr Mudros müqaviləsinədək onun tərkibində qalır. İdarə sistemi yaradılır və s. Ermənilər isə əllərində olan Qərbi Azərbaycan torpaqlarında deportasiya və soyqırımı siyasəti həyata keçirir. Osmanlı dövlətinə keçən Qərbi Azərbaycan torpaqları Mudrosun şərtlərinə görə geri qaytarıldıqdan və Osmanlı ordusu bu əraziləri tərk etdikdən sonra ermənilər bu ərazilərdə də azərbaycanlılara qarşı qətliamı davam etdirir. Aleksandropolun azad edilməsinə gəldikdə, 1) bu fakt erməni və gürcüləri yaxınlaşdırır; 2) erməni dövlətinin yaradılması üçün ərazi məsələsində adı keçir.
1918, 16 may – Zaqafqaziya hökuməti nümayəndəliyinin ikinci notası. Bu notada da danışıqların Brest müqaviləsi əsasında aparılması əsas kimi irəli sürülürdü. [8, №137, с.273-277]
– Sədrəzəm Tələt paşanın Xəlil bəyə teleqramı. Teleqramda erməniləri təkləmək üçün gürcülər ilə iş birliyi tövsiyyə edilirdi.[1, sənəd №45, s.157]
1918, 17 may – Zaqafqaziya nümayəndə heyətinin 2-ci memoranduma (16 may) əlavə notası. Yenə Brest müqaviləsi üzərində israr edilirdi. [8, док. №140, с.281-282]
– Xəlil bəyin cavab notası. 15 may protestosuna cavab olaraq bildirilir ki, 13 may görüşündə Osmanlı ordusunun strateji hərəkət etməsi zərurətindən bəhs edib, lakin cavab alınmayıb. 17 may notasına gəldikdə isə ordu komandanı ilə oradakı faktların nəzərdən keçirməsinin lazım olduğu qeyd edilir. Notanın sonunda mübarizənin başa çatdırılması və xoşagəlməz mürəkkəbliklərin əngəllənməsi üçün dostluq müqaviləsi bağlanmasına hazır olduğunu göstərir. [8, док. №141, с.282-283]
1918, 18 may – Xəlil bəyin sədrəzəm Tələt paşanın gürcülər ilə iş birliyi haqqındakı teleqramına (16 may) cavabı. Xəlil bəy cavabında yazırdı : “Gürcüleri elde etmek için Müslüman murahhaslarına (nümayəndələrinə -K.Ş.) Gürcüleri biraz arâzî vererek memnûn etmelerini tavsiye ettim. Biz de Ahılkelek Kazâsı’ndan biraz bir şey kendilerine verirsek Gürcüleri tamâmıyla kazanacağımızı ve Ermenileri yalnız bırakacağımızı ve işimizi sühûletle (asanlıqla-K.Ş.) göreceğimizi ümîd ediyorum. Ne buyruluyor?”[1, sənəd №45, s.157] Beləliklə, Batum konfransında Osmanlı dövləti ilə Zaqafqaziya respublikası arasındakı sərhədlərdən Zaqafqaziyanın daxili sərhədlərinə də müdaxilə edilməyə başlanır. Osmanlı nümayəndə heyətinin üzərinə belə bir missiya götürməsi vəziyyəti mürəkkəbləşdirir. İlk dövrdə belə bir fikir hakim idi ki, yalnız iki dövlətin xarici sərhəddindən bəhs edilir.
– Seymin daşnak fraksiyasının rəhbəri Karçikyanın Batumdakı nümayəndələr Xatisov və Kaçaznuniyə teleqramı. Teleqramda türk ordusunun maneəsiz olaraq Culfaya buraxılmasına razılıq verilməsindən bəhs olunur, yolların almanların nəzarətinə verilməsi təklif edilirdi. Əks halda İrəvan quberniyasında erməni-azərbaycanlı toqquşması yaranacağı qeyd olunurdu. [8,док. №142, с. 283-284; 2, s.562 ]
– Çxenkelinin Xəlil bəyin 17 may notasına cavabı. Burada türk qoşunlarının Aleksndropol-Culfa dəmir yolu ilə irəliləməsinə əmr verilməsi Zaqafqaziyanın suverenliyinin pozulması kimi dəyərləndirilir, hadisələrin günahı Türkiyəyə aid edilirdi. [8, док. №143, с. 284-285;2, s.563]
– Zaqafqaziya respublikasının Aleksandropolun alınması haqqında hökumət bəyannaməsi. [8, док. №144, с. 287-288]
– Xəlil bəyin Zaqafqaziya hökumətinin 16 may tarixli notasına cavabı. [8, док. №145, с. 288-290;2, s.563-566]
1918, 19 may, bazar günü – alman nümayəndə heyətinin rəhbəri fon Lossovun Türkiyə ilə Zaqafqaziya hökuməti nümayəndələri arasında gərgin vəziyyətdən istifadə edərək, vasitəçilik barədə Çxenkeliyə müraciət etməsi. [8, док. №147, с. 293; 2, s.566]
– axşam saat 20:30 – Zaqafqaziya hökuməti nümayəndə heyəti iclasında fon Lossovun vasitəçilik təklifinin müzakirəsi. Vasitəçiliyin qəbul edilməsi haqqında fon Lossova cavab. Bununla da Almaniya və Türkiyə arasında yollar ayrılmağa başlayır. [8, док. №148, с. 293-301, №149, c.301-302; 2, s.566-567]
1918, 20 may – Danışıqların dalana dirənməsi ilə Zaqafqaziya hökumətinə təsir göstərmək üçün yeni bir irəli hərəkatının başlanması. Qarakilsənin şimalındakı Cəlaloğlu və İğdırın tutulması. [2, s.575]
– Erməni Milli Şurasının üzvləri A.Ohancanyan və A.Zöhrabyanın Batuma gəlməsi.
– Xəlil bəyin Tələt paşaya teleqramı. Burada gürcü, erməni, müsəlman və Şimali Qafqaz nümayəndələri ilə müzakirələrdən bəhs olunur. Çxenkeli ilə görüşü barədə yazır ki, ermənilər yanaşmadığı halda müsəlmanlar ilə birlikdə konfederasiyanı mühafizə etmələrini tövsiyə etdim, lakin bunun qeyri-mümkün olduğunu bildirdi. Buradan gürcülərin ermənilərə dövlət yaratmaqda israrlı olduğu ortaya çıxır. Erməni nümayəndələri ilə görüşdən aydın olur ki, ermənilərə də Türkiyənin ultimatum verəcəyi qəti bir dil ilə bildirilmiş, erməni nümayəndələri isə yeni gəldiklərinə görə vaxta ehtiyacları olduğunu qeyd edərək getmişlər. Müsəlmanlar, yəni azərbaycanlı nümayəndələr ilə görüşdən məlum olur ki, Xəlil bəy onlara təzyiq etməyə çalışmışdır. O, yazırdı: “Müslüman murahhaslarla da görüştüm. Onlar da Ermeniler inâd ederler ise ordunun önünden kaçacak yüz binlerce eli silâhlı ve yurtsuz yuvasız Ermeniler Müslüman köylerinde yapacakları tahrîbâttan pek mütedehhiş (qorxu) bulunuyorlar. Gürcülerin askerleri ve top ve tüfenkleri vardır. Onlar kendilerini muhâfaza edebileceklerdir. Kendileriyle sulhen tesviye-i maslahat olunur ise ordunun derhâl mu‘âvenetlerine şitâb (tələsmək) edeceğini, olmaz ise harben bu vazîfeyi îfâya çalışacağını, büyük mes’ele halleder iken, fedâkârlığa tahammul etmek lâzım geldiğini söyledim. Bizim alacağımız arâzînin öte tarafında da Ermenilere biraz yer ayrılabilir ise mukâvemetten sarf-ı nazar ettirmek kâbil olabileceğini, Müslümanlara söylediğim gibi, Çhenkeli’ye de bildirdim.” Sonda isə fikrini belə ifadə edir: “Hem konfederasyonu dağıtmamak hem teklîfâtımızı kabûl ettirmek, aks-i takdîrde Ermeniler ile Gürcüleri ayırmak ile meşgûlüm. Geçen zamânın bizim için çalışmasından emîn olunuz. Muhâsama (düşmənlik) tecdîd edilmeksizin mevcûd hükûmet ile arzumuz dâ’iresinde işi hıtâma erdirebilir isem pek bahtiyâr olacağım. Mevcûd anarşiyi tezyîd (artıracaq) edecek bir cereyân müşkülâtımızı pek ziyâde artıracak ve Müslümanlara pek yazık olacaktır.” [1, sənəd №47, s.159-160]
Erməni dövlətinin yaradılmasına münasibət: Azərbaycan elitasında fərqli baxışlar. Osmanlı dövlətinin mövqeyi.
1918, 21 may – Türklərin qərbdən Sərdarabada çatması.
– Aleksandropol – Culfa dəmir yol xətti barəsində razılıq. [1, sənəd №48, s.161;2, s.576-577]
– günortadan sonra – Azərbaycanlılarla gürcülərin toplantısı. Gürcülər: Nikoladze, Jordaniya, Surquladze, Avalov; azərbaycanlılar: Xoyski, Xasməmmədov, Səfikürdski, Pepinov, Yusifbəyov, Cəfərov. Azərbaycanlılar ermənilərin Qarabağdan vaz keçmələri müqabilində Cənubi Qafqazda bir erməni dövləti qurulmasını qəbul etdilər. Bu dövlət Türkiyənin nəzarətində olan Aleksandropol ətrafında yaradılmalı idi. Azərbaycanlılar türk tələblərinin davam edəcəyi təqdirdə, ermənilər xaric iki dövlətin-azərbaycanlı və gürcü dövlətlərinin qurulmasını qəbul edirdilər. Gürcülər bunun əleyhinə gedərək, federasiyadan çıxacaqlarını bildirdilər. [5,с.57; 2,s.579-580] Azərbaycan nümayəndələri içərisində ilk dövrdə erməni dövlətinin Eçmiədzin ətrafında yaradılması fikri üstün idi. [17, s.72-74] Buradan aydın olur ki, bu ideya Aleksandropol ətrafına keçmişdir. Daha sonra isə İrəvan ətrafı gündəliyə gəlmişdir. Hər bir halda, əsas hədəf Qərbi Azərbaycan torpaqları idi.
1918, 22 may – Gürcü nümayəndə heyətinin Batumda toplantısı. Gürcülərin müzakirə zamanı müstəqillik məsələsini rəsmən həll etməsi. Almaniyanın himayəsi üçün fon Lossova müraciət. [2, s.581]
– Zaqafqaziya nümayəndə heyətinin 17 may tarixində təqdim etdiyi “16 may tarixli notaya əlavə”sinə Xəlil bəyin cavabı. Burada da Brest müqaviləsi üzərində israr qəbul edilmir, digər tərəfdən müqavilənin yalnız Zaqafqaziya hökuməti ilə bağlanacağı irəli sürülürüdü. [8, №153, с.303-304; 2, s.565-566, 575]
– Osmanlı ordusu tərəfindən şimali-qərbdə Hamamlı (Spitak) stansiyasının tutulması.
– Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadənin Tələt paşa və Ənvər paşaya erməni dövləti yaranmasına dair mülahizələri haqqında məktubu. Burada erməni dövlətinin yaradılması məsləhət görülmür, konfederasiyanın qorunması təklif olunur. [1, sənəd №50, s.165-166] Beləliklə, azərbaycanlı siyasi elitasında erməni dövləti yaradılması məsələsində fikir ayrılığı yaranır. Xəlil bəy fəaliyyətində erməni dövləti yaradılmasına tərəfdar olan qrupa əsaslanmağa başlayır, bunun üçün Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadənin gözdən salınmasına çalışır. Tələt paşaya teleqramlarından da bu aydın görünür.
1918, 23 may – Türklərin Qarakilsə istiqamətində hücumuna Çxenkelinin protestosu. [8, с. 304-305; 2, s.577]
– Gürcü və alman görüşmələri. Almanlar Batum limanları və s. üzərinə imtiyazlar əldə edir. [2, s.581]
– Tələt paşanın Xəlil bəyə teleqramı. Burada qeyd edilir ki, “Ordumuz Kafkasya’ya girdikten sonra Gürcülerle Müslümanların ittihâdını te’mîn eder. Ermenilere gelince, onlar da Erivan’ın kanton kısmında teşekkül edebilirler. Hulâsaten işi fazla uzatmağı muzırr (zərərli) görüyorum”. [1,sənəd №51, s.167] Burada erməni dövlətinin harada yaradılması məsələsində Osmanlı dövləti ilə Azərbaycan nümayəndə heyəti arasında fərqli baxış ortaya çıxır. Azərbaycan nümayəndə heyəti Aleksandropol və ətrafını nəzərdə tutduğu halda, Osmanlı dövləti İrəvana diqqəti yönəldir. Məhz ikinci xətt üstün olur. Bunun əksinə, birinci xətt üstün olsaydı, tarix necə olardu? Müasir dövrdən baxılsa, onun daha səmərəli olacağı görünür, lakin bu yalnız mühakimə olaraq qalır.
– Xəlil bəyin Tələt paşaya teleqramı. Ermənilərin İrəvan və ətrafında dövlət yarada biləcəklərini bildirir. Ermənilər daha çox Osmanlıya ilhaq edilən ərazilərdə yaşadıqları üçün onun ətrafındakı torpaqlarda müsəlmanlar üstündür. Bu baxımdan həmin ərazilərdə erməni dövləti yaradılmasına müsəlmanların xoş baxmadığı qeyd edilir. [1, sənəd №52, s.168-169; №53, s.170-173]
– Batumdakı müsəlman nümayəndələr, Milli Şura və Seym üzvlərinin Ənvər paşaya məktubu. [1, sənəd №53, s.170-173] Bu məktubda erməni kantonunun yaradılması qəbul edilsə də, onun Türkiyənin nəzarətində olduğu ərazilərdə yaradılması fikri vurğulanır.
– Almanlar ilə gürcülərin yeni görüşü. Federasiyanın dağılması yolunda mühüm addım oldu. [2, s.582]
– Zaqafqaziya nümayəndə heyətinə qəti ultimatum verilməsi haqqında qərar qəbul edilməsi. Aleksandropolda olan Vehib paşaya məlumat verilir. O da vəziyyəti bildirməyə çalışır. Buradan aydın olur ki, əsas məsələ gürcü-erməni ittifaqının yaranmasına imkan verməmək idi. [2, s.588-589]
– Vehib paşanın Xəlil bəyə teleqramı. Cəlaloğlunun ələ keçirilməsi və Qarakilsənin tutulması nəticəsində Gəncə-Qarabağ müsəlmanları ilə əlaqənin yaradılmasının gürcülərin ermənilərdən ayrılmasına təsir edəcəyini bildirir. [1, sənəd №54, s.174; 2, s.200]
– Zaqafqaziya nümayəndə heyətinə veriləcək ultimatumun sürətləndirilməsi Mərkəzi hakimiyyət və Batumdakı nümayəndə heyətinin rəhbəri Xəlil bəy arasında teleqraf əlaqəsini intensivləşdirir. Eyni gündə Tələt paşanın teleqramı alınır, Xəlil bəy buna dörd teleqram ilə cavab verir. Tələt paşanın teleqramında ermənilərin bir hökumət halında təşkilindən bəhs olunur. Bununla əlaqədar deyilir: “Ermenilerin bir hükûmet hâlinde teşekkül etmesine kat‘î tarafdâr değilim. Küçük bir Ermeni muhtâriyeti beş sene sonra beş milyon nüfûslu (əhali) bir Ermeni devleti hâline gelecek ve bütün Kafkasya’ya hâkim olacak ve şarkın Bulgaristan’ı hâline gelecektir. İran’da, Amerika’da bulunan bütün Ermeniler orada ictimâ‘ edecek ve buyurduğunuz gibi İngiliz-Amerikan ve Fransızlar tarafından her sûretle mazhar-ı mu‘âvenet olarak ve ileride Hıristiyan Gürcülerle ve pek sühûletle Acemlerle aleyhimize hareket eyleyeceklerdir. Şu hâlde mümkün olsa çibanı kökünden temizlemek en hayırlı cihettir. Mümkün olmadığına göre gâyet za‘îf ve yaşamayacak şekilde teşekkül etmesi zarûrîdir. Bendeniz bu kadar ayrı ictihâdda (qənaətdə) bulunamayacağımızı ve fakat ayrılığın buna mâni‘ olduğu kanâ‘atindeyim. Yoksa biribirimizi muhakkak iknâ‘ eder idik”. Tələt paşa teleqramının sonunda Əhməd bəy Ağaoğludan da bəhs edərək yazır: “Ağaoğlu Ahmed Bey bence şayan-ı itimad olmadığından müzakireye müdahale ettirilmemesi muvafik olur”. [1, sənəd №55, s. 175] Buradan aydın olduğu kimi Tələt paşa da erməni dövlətinin yaradılmasına münasibəti Ənvər paşanın 1918-ci il 1 maydakı fikri kimi alternativ şəkildə qoyur.Xəlil bəy də bundan məharətlə istifadə edir.
1918, 24 may – Xəlil paşanın Tələt paşaya teleqramları. [1, sənəd №56, s.176-177; sənəd №57, s.178-179; №58, s.180; №59, s.181-182] Bu teleqramlarda erməni dövlətinin yaradılması fikri ardıcıl şəkildə müdafiə olunur. Bu fikri qəbul etməyən Ağaoğlu Əhməd bəyə də teleqramda yer ayırır: ²Ağaoğlu Ahmed Bey’i işe karıştırmayacağım tabî‘îdir. Kendisi buraya gönderilmemeli idi. Geldikten sonra Kafkasyalı hemşehrileriyle münâsebette bulunmasına mâni‘ olamaz idim. Enver Paşa Hazretleri tarafından gönderilmiş olduğuna göre Müslüman murahhaslar ve hey’etlerle görüşerek müzâkerâttan haberdâr olmuş ve ihsâsâtını (duyğularını) yazmak arzusunu izhâr eylemiştir². [1,sənəd №56, s.177] Bunun müqabilində Azərbaycan nümayəndələrinin Ənvər paşaya 23 may müraciətindən geniş iqtibas verir. [1, sənəd №57, s.179; №58, s.180; №59, s.181-182]
1918, 24–25 may – Gürcü Milli Şurasının Almaniyanın himayə təklifini qəbul etməsi.
1918, 25 may – Seymin bütün müsəlman fraksiyalarının iclası. Seymdəki Azərbaycan fraksiyası gürcülərin hərəkətindən xəbərdar olan kimi səhər və axşam iki iclas keçirir. Səhər iclasında gürcülərin federasiyanı tərk etməsi halında, azərbaycanlıların da müstəqilliyini elan etməsi qərara alınır. Axşam iclasında da müzakirələr davam etdirilir. Toplantıya rəhbərlik edən F.X.Xoyski Seymin sədri Çxeidzeyə gedib, 26 may iclasının gündəliyini öyrənmək istəyir. Az bir müddət sonra Çxeidze, Sereteli və Gegeçkori ilə birliktə geri dönür. Sereteli və Çxeidze çıxış edərək federasiyanın mümkünlüyünü istisna edir. F.X.Xoyski də çıxış edərək bildirir ki, əgər gürcülər müstəqilliyini elan etsə, biz də Azərbaycanın istiqlalını elan edərik. Gürcülər getdikdən sonra F.X.Xoyski məlumat verir ki, Seymin və hökumətin üzvü Karçikyan ilə söhbətindən bildirir ki, Seymin erməni bölməsi Gürcüstanın ayrılacağı halda Ermənistanın müstəqilliyini elan etməyə hazırlaşır. [14, док. №20, с.11-114; 2, s.583-584]
– Ənvər paşanın Vehib paşaya təlimatı. Burada qəti ultimatumdan sonra bağlanacaq müqavilə ilə sərbəst qalan qüvvələrin Bakıya göndərilməsi istənilirdi. [2, s.590 ]
– Fon Lossov Zaqafqaziya respublikasının dağılacağını bildirərək, Batumu tərk edir. Berlinə gedəcəyini bildirsə də, Potiyə gəlir. [2, s.569, 582]
– Tələt paşanın Xəlil bəyə teleqramı. Qeyd edilirdi ki, “Eğer Gürcüler ayrı ve müstakil bir hükûmet teşkîl ederler ise onlarla ayrıca müzâkere ederiz. Şimâli ve Cenûbî Kafkas Müslümanlarının ayrıca müstakil bir hükûmet teşkîl etmesi derece-i istiklâl ve irtibâtlarının ta‘yînini bi’l-âhare düşünülüyor. Gürcülerle Müslümanların Ermeni mes’elesi halledildikten sonra birleşmeleri imkânı vardır. Zât-ı devletleri şimdiden bu cihete çalışabilirsiniz”. [1, sənəd №61,s. 184]
– axşam – Konfransdakı nümayəndə heyəti, səhəri gün, 26 mayda Gürcüstanın müstəqilliyini elan ediləcəyi haqqında yazı alması. [2, s.569-570]
1918, 26 may – Xəlil bəyin Çxenkeliyə Osmanlı dövlətinin ərazi iddiaları ilə bağlı ultimatumu. Ultimatuma cavab üçün Çxenkeliyə 72 saat vaxt verilirdi. [1, c.134-135; 10, c. 115]
– Xəlil bəyin Tələt paşaya teleqramı. Burada qeyd edilirdi ki, “Müslüman murahhaslar bugün sabâh nezdime geldiler. Bakü vaz‘iyetinden pek endîşenâktırlar. Zira şehr-i mezkûr Ermenilerin elindedir. Bunun için bize terk edilecek arâzînin ötesinde Ermenileri kısmen muhavven edecek bir kanton kendilerine ayırmak istediler. Bi’l-âhare Taşnaksütyunların hâricinde olup da bugün Tiflis’te kesb-i ehemmiyet eden diğer bir Ermeni fırkasının re’îsi geldi. O da bu sûret-i tesviyenin tarafdârı göründü. Bize evvelce vukû‘ bulan iş‘âr-ı devletlerine istinâd ederek Hükûmet-i Osmâniye’nin böyle bir kantonun tefrîkine mu‘ârız (qarşı gələn) olmadığını bildirdim. Bunun için birkaç gün müddet istedi ve ültimatom verilecek ise bunun hiç olmaz ise üç gün müddet ile verilmesini ricâ etti. Bu böyle bir i’tilâf (anlaşma) tahakkuk-pezîr olur ise mûmâ-ileyh İstanbul’a bir hey’et gönderilerek Hükûmet-i Seniyye’ye arz-ı sadâkat edileceğini de ilâve ederek biraz da bizim tarafa lutf ve müsâmaha gösterilmesini istirhâm etti. Ermeniler tarafına bu sûretle vukû‘ bulacak tezâhürün Avrupa ve Amerika’da yapacağı te’sîr pek iyi olacaktır”.[1, sənəd №64, s.188-189]
1918, 26–28 may – Qarakilsənin ələ keçirilməsi. Gümrü-Tiflis dəmir yolunun ikinci ən önəmli stansiyası da ələ keçirilmiş olur. [2, s.576]
Zaqafqaziya Seyminin buraxılması
1918, 26 may, bazar günü saat 15:00 –Seymin buraxılması haqqında qərarın qəbul edilməsi.
Qısa biblioqrafiya
1. Azerbaycan Cümhuriyyeti. 1918-1920 (Osmanlı arşıv belgeleri). Önsöz: Kerim Şükürov. Nəşrə hazırlayanlar: Qiyas Şükürov, Vasif Qafarov. İstanbul, 2018
2. Enis Şahin. Trabzon ve Batum konferansları ve antlaşmaları (1917-1918). Ankara: Türk Tarih Kurumu, 2002
3. Enis Şahin. Kafkasyada rus-ermeni-türk ilişkileri (1914-1918)//Sevk ve iskanın 100.yılında türk-ermeni ilişkileri. İstanbul, 2014
4. Hovannisian R.G. The Republic of Armenia. vol. I. The First Year, 1918-1919. Los Angeles. London, 1971
5. Авалов З. Независимость Грузии в международной политике. 1918-1921. Париж, 1924
6. Азербайджанская Демократическая Республика (1918-1920. Внешняя политика. Баку, 1998
7. Амбарцумян К.Р., Величко Л.Н. События Трапезундской конференции в воспоминаниях А.И. Хатисова//Вопросы истории, 2021, №9 (12), с. 277-287
8. Документы и материалы по внешненй политике Закавказья и Грузии. Тифлис, 1919
9. Из истории иностранной интервенции в Армении в 1918 году. (Документы и материалы). Ереван, 1970
10. Каземзаде Ф. Борьба за Закавказье (1917-1921). Баку, 2010
11. Качазнуни О. Дашнакцутюун больше ничего делать! Баку: Элм, 1990
12. Мархулия Г. Армяно-грузинские взаимоотношения в 1918-1920-х годах. Тбилиси, 2007
13. Мирзеханов В.С., Ланник Л.В. Батумская подсистема как пространство Османской гегомонии в Закавказье в 1918 году: к постановке вопроса //Новая и новейшая история, 2021, №3, с.5-22
14. Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азербайджанского Национального совета 1918 г. Баку, 2006
15. Саркисян Е.К. Экспансионистская политика Османской империи в Закавказье. Ереван, 1962
16. Шукюров К.К. Азербайджан в системе международных отношений. 1648-1991. Документы и материалы. Баку, 2020
17. Xatisov A. Ermənistan Respublikasının yaranması və inkişafı. Beyrut, 1968 (erməni dilində).
Kərim Şükürov
Tarix elmləri doktoru, professor