İrəvan xanlığı

Xanlığın inzibati ərazisi

XVIII əsrin ortalarında tarixi Azərbaycan torpaqlarında yaranan İrəvan xanlığı Azərbaycanın Ağrı (Ararat) dağı ilə Alagöz (Ələyəz) dağı arasında qalan və Araz çayının hər iki sahilində yerləşən ərazisini əhatə etmişdir. İrəvan xanlığı şimaldan Pəmbək əyaləti, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy və Maku xanlıqları və Bayazid paşalığı ilə, qərbdən Qars paşalığı və şimali-qərbdən Şörəyel sultanlığı ilə həmsərhəd idi. İrəvan xanlığının ərazisi təqribən 23,8 min km² olmuşdur.

Təsvir olunan ərazi XV əsrin əvvəllərindən başlamış, İrəvan xanlığının yaranmasınadək olan dövrdə Qaraqoyunlu tayfa birliyinə daxil olan Səədli tayfasının başçıları tərəfindən idarə olumuşdur. Yerləşdiyi coğrafi mövqeyinə görə Çuxursəəd – yəni Səədin Çuxuru adlandırılmışdır. Bəzi mənbələrdə Çuxursəəd həmçinin İrəvan ölkəsi olaraq keçir. Çuxursəəd hakimi Əmir Səədin vəfatından sonra 1413-cü ildə onun oğlu Pir Hüseyn tərəfindən inşa olunan ailə məqbərəsi hazırda İrəvan şəhəri yaxınlığındakı Cəfərabad (1946-cı ildən Arqavand) kəndinin ərazisindədir və həmin abidəni indi ermənilər “Türkmən abidəsi” kimi təqdim etməyə çalışırlar.

1501-ci ildə Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından 4 bəylərbəyliyə bölünmüşdü və Çuxursəəd bəylərbəyliyi onlardan biri idi. Bəylərbəyliyin mərkəzi İrəvan şəhəri idi və o, İrəvan bəylərbəyliyi kimi də tanınırdı. Çuxursəəd bəylərbəyliyi müəyyən vaxtlarda Osmanlı Türkiyəsinin tərkibində olmuş və İrəvan əyaləti statusu ilə tanınmışdır. 1728-ci ildə Osmanlı tərəfindən tərtib edilən “İrəvan əyalətinin icmal dəftəri”nə görə əyalət inzibati-ərazi bölgüsü baxımından aşağıdakı hissələrə bölünmüşdü: İrəvan şəhəri, Qırxbulaq, Karbi, Maku, Xınzirək, Gərni, Vedi, Dərəçiçək, Abaran, Göyçə, Dərələyəz, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur nahiyələri, Şörəyel (Şürəgəl) və Naxçıvan sancaqları.

Nadir şahın hakimiyyəti dövründə (1736-cı ildən) İrəvan vilayəti Azərbaycan bəylərbəyliyinin tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əfşarlar imperiyası dağılmış, müstəqil xanlıqlar yaranmışdı. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlığı da inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə öz növbəsində kəndlərə bölünürdü.

İrəvan şəhəri ayrıca inzibati-ərazi vahidi kimi götürülürdü. Xanlığın mərkəzi kimi İrəvan şəhərində xeyli abadlıq və quruculuq işləri həyata keçirilmiş, memarlıq inciləri sayılan neçə-neçə məscidlər, karvansaralar, hamamlar inşa edilmişdi. İrəvan qalasının özü qala-şəhər kimi möhtəşəm memarlıq kompleksi idi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı vəziyyətə salmışdı. Qacar, eyni zamanda Şörəyel və Pəmbək ərazilərini xüsusi fərmanla İrəvan xanı Məhəmməd xanın tabeliyinə vermişdi. Mahalların coğrafi mövqeyi və inzibati vahidləri, müharibələr nəticəsində dağıdılmış kəndlər haqqında 1829–1832-ci illərdə keçmiş İrəvan xanlığı ərazisində kameral siyahıyaalma keçirən rus tarixçisi İvan Şopen ətraflı məlumat vermişdir. İrəvan xanlığının Rusiya qoşunları tərəfindən 1827-ci ildə işğalı ərəfəsində xanlığın inzibati-ərazi bölgüsü 15 mahaldan və xanlıqdan yarıasılı Şörəyel sultanlığından ibarət olmuşdur.

Mahallardan yalnız ikisi – Dərəkənd-Parçenis və Sürməli mahalları Araz çayının sağ sahilində yerləşirdi. Mahalların təşkili zamanı suvarma sistemlərinin mövcudluğu, kəndlərin çay hövzələrinə yaxınlığı əsas meyar kimi götürülürdü. Məsələn, Zəngibasar mahalına Zəngi çayının suyundan istifadə edən kəndlər daxil edilmişdi.

Qırxbulaq mahalı Dərəçiçəklə Zəngibasar mahalları arasında yerləşirdi. Mahal şərq tərəfdən onu Göyçə gölündən ayıran dağlarla, şimaldan Dərəçiçək mahalı ilə, cənubdan İrəvan şəhəri, Zəngi çayı, cənub-qərbdən Gərnibasar, qərbdən isə Körpübasar mahalı ilə həmsərhəd idi. Qırxbulaq yaylasının bulaqları İrəvan şəhərini içməli su ilə təmin edirdi. Mahalda mövcud olmuş 48 kənddən 26-sı rus işğalı nəticəsində dağıdılmışdı. Qırxbulaq mahalının ərazisi indiki Kotayk vilayətinin, keçmiş Ellər (Kotayk, Abovyan) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

Zəngibasar mahalı İrəvan şəhərinin cənubunda yerləşirdi. Bu mahal şimal və şimali-qərbdən Körpübasar və Qırxbulaq mahalları, cənubdan Araz çayı, şərqdən Gərnibasar, qərbdən isə Sərdarabad mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 33 kənddən 7-si rus işğalı nəticəsində dağıdılmışdı. Mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Zəngibasar (Masis) rayonunun ərazisinə uyğun gəlir.

Gərnibasar mahalı Araz çayının sol sahilində yerləşirdi. O, şimaldan Qırxbulaq mahalı, cənubdan Vedibasar mahalı, şərqdən Göyçə mahalı, qərbdən Zəngibasar mahalı və Araz çayı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 95 kənddən 43-ü rus işğalı nəticəsində dağıdılmışdı. Gərnibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Qəmərli (Artaşat) rayonunun ərazisinə uyğun gəlir.

Vedibasar mahalı Araz çayının sol sahili boyunca yerləşirdi. Vedibasar şimaldan Gərnibasar mahalı, cənub və cənubi-şərqdən Şərur mahalı və Naxçıvan xanlığı, şərqdən Göyçə mahalı, qərbdən Araz çayı ilə həmsərhəd idi. Bu mahal Vedi və Qafan çaylarının əhatə etdikləri dağlardan və düzənlikdən ibarət idi. Mahalda mövcud olmuş 54 kənddən 33-ü rus işğalı nəticəsində dağıdılmışdı. Vedibasar mahalının ərazisi indiki Ararat vilayətinin keçmiş Vedi (Ararat) rayonunun ərazisinə uyğun gəlir.

Körpübasar mahalı şimaldan Seyidli-Ağsaqqallı, cənubdan Zəngibasar, qərbdən Sərdarabad, şərqdən Zəngi çayı, şimali-şərqdən isə Dərəçiçək mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı “Karbibasar” kimi verilmişdir. Mahalda mövcud olmuş 49 kənddən 9-u rus işğalı nəticəsində dağıdılmışdı. Körpübasar mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Eçmiədzin rayonu və indiki Ararat vilayətinin, keçmiş Əştərək (Aştarak) rayonunun ərazilərinə uyğun gəlir.

Sərdarabad mahalı Araz çayının şimal tərəfındə, Sürməli mahalının qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli mahalından ayıran Araz çayı, şərqdən isə Körpübasar yə Zəngibasar mahalları ilə həmsərhəd idi. Sərdarabad mahalı İrəvanın sonuncu xanı Hüseynəli xan dövründə yaradılmışdı. 1817-ci ildə tikintisi başa çatdırılan məşhur Sərdarabad qalası bu mahalda yerləşirdi. Mahalda mövcud olmuş 30 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Sərdarabad mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun ərazisinə uyğun gəlir.

Talın mahalı İrəvan xanlığının şimal-qərbində Alagöz (Ələyəz) dağının cənub ətəklərində yerləşirdi. Arpaçay çayı mahalı Qars paşalığından ayırırdı. Talın mahalı şimaldan Şörəyel sultanlığı, qərbdən Qars paşalığı, cənubdan Sərdarabad və Səədli mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalları ilə həmsərhəd idi. Məşhur Talın karvansarası və Talın qalası bu ərazidə yerləşirdi. Mahalda mövcud olmuş 47 kənddən 27-si rus işğalı nəticəsində dağıdılmışdı. Talın mahalının ərazisi indiki Araqasotn vilayətinin, keçmiş Talin rayonunun ərazisinə uyğun gəlir.

Səədli mahalı İrəvan xanlığının ərazicə ən kiçik mahalı idi və onun qərb qurtaracağında yerləşirdi. Həmin ərazidə Arpaçay Araza qovuşurdu. Səədli mahalı şimaldan Talın, qərbdən Qars paşalığı, cənubdan Dərəkənd-Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. Bəzi mənbələrdə mahalın adı yanlış olaraq “Saatlı mahalı” kimi verilmişdir. Mahalda mövcud olmuş 14 kənddən 5-i rus işğalı nəticəsində dağıdılmışdı. Səədli mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

Abaran mahalı Ələyəz dağının ətəyində, xanlığın şimal qurtaracağında yerləşirdi. Mahal şimaldan Pəmbək əyaləti, cənubdan Seyidli-Ağsaqqallı, Körpübasar, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 61 kənddən 22-si rus işğalı nəticəsində dağıdılmışdı. Abaran mahalının ərazisi indiki Araqasotn vilayətinin, keçmiş Abaran rayonunun ərazisinin bir hissəsinə uyğun gəlir.

Seyidli-Ağsaqqallı mahalı şimaldan Abaran, qərbdən Talın mahalı, cənubdan və şərqdən Körpübasar, cənubi-qərbdən Sərdarabad mahalları ilə həmsərhəd idi. 20 kəndə malik Seyidli-Ağsaqqallı mahalının 11 kəndi Seyidli tayfasına, 9-u isə Ağsaqqallı tayfasına məxsus idi. Bəzi mənbələrdə Ağsaqqallı tayfasının adı yanlış olaraq “Axsaxlı” kimi verilmişdir. Müharibə nəticəsində bu mahalın kəndlərinə ziyan dəyməmişdir. Seyidli-Ağsaqqallı mahalının ərazisi indiki Araqasotn və Ararat vilayətlərinin, keçmiş Əştərək, Talin, Abaran rayonlarının həmsərhəd ərazisidir.

Dərəçiçək mahalı şimaldan Pəmbək, cənubdan Qırxbulaq mahalı, qərbdən Abaran mahalı və şərqdən Göyçə mahalı arasında yerləşirdi. Mahalda mövcud olmuş 53 kənddən 16-sı rus işğalı nəticəsində dağıdılmışdı. Dərəçiçək mahalının ərazisi indiki Kotayk vilayətinin keçmiş Axta (Hrazdan) rayonunun ərazisinə uyğun gəlir.

Göyçə mahalı şimaldan Şəmşəddil sultanlığı, Gəncə xanlığı, şimal-qərbdən Dərəçiçək mahalı, cənubdan Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, qərbdən Qırxbulaq, Gərnibasar və cənub-qərbdən Vedibasar mahalları ilə həmsərhəd idi. Ərazicə ən böyük olan Göyçə mahalı Göyçə gölü hövzəsini tam əhatə edirdi. Mahalda mövcud olmuş 126 kənddən 67-i rus işğalı nəticəsində dağıdılmışdı. İ.Şopen tərəfindən yalnız 59 kənddə əhali qeydə alınmışdı. 37 kəndin adı isə unudulmuşdur. Göyçə mahalının ərazisi indiki Geğarkunik vilayətinin keçmiş Qaranlıq (Martuni), Yelenovka (Sevan), Basarkeçər (Vardenis), Çəmbərək (Krasnoselo) (bir hissəsi) rayonlarının ərazisinə uyğun gəlir.

Şərur mahalı şimaldan Vedibasar mahalı, qərbdən Araz çayı, cənubdan və cənub-şərqdən Naxçıvan xanlığına aid ərazilərlə həmsərhəd idi. Arpa çayı mahalı iki hissəyə bölürdü. Mahalda mövcud olmuş 61 kənddən 11-i rus işğalı nəticəsində dağıdılmışdı. Şərur mahalının ərazisi hazırda Naxçıvan MR-in Sədərək rayonunun ərazisinə uyğun gəlir.

Dərəkənd-Parçenis mahalı xanlığın cənub-qərb qurtaracağında Araz çayının sağ sahilində yerləşirdi. Hazırda Türkiyə ərazisindədir. Bu mahal şimaldan Səədli mahalı, cənub və qərbdən Bayazid paşalığı, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 88 kənddən 8-i rus işğalı nəticəsində dağıdılmışdı. Parçenis dərəsində 26, Dərəkənd dərəsində isə 54 yaşayış üçün yararlı kəndi olmuşdur. Dərəkənd-Parçenis mahalı hazırda Türkiyənin Qars vilayətinin Kağızman ilçəsinin ərazisinin bir hissəsinə uyğun gəlir.

Sürməli mahalı İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimal-şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ silsiləsi və Maku xanlığı ilə, qərbdən isə Dərəkənd-Parçenis mahalı ilə həmsərhəd idi. Mahalda mövcud olmuş 78 kənddən 28-i rus işğalı nəticəsində dağıdılmışdı. Sürməli mahalının ərazisi hazırda Türkiyənin İğdır vilayətinin ərazisinə uyğun gəlir.

Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimal-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirdi. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay çayı Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə İrəvan xanlığının tərkibinə daxil olan Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə Şörəyel sultanlığının rus qoşunları tərəfindən işğalından sonra bir neçə kənd istisna olmaqla, qalan bütün kəndlərə Türkiyədən köçürülüb gətirilən ermənilər məskunlaşdırılmışdı.

Pəmbək əyaləti şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Abaran və Dərəçiçək mahalları, şərqdən Şörəyel (Şürəgəl), qərbdən isə Qazax sultanlıqları ilə həmsərhəd idi. 1801-ci ildə Pəmbəkdə mövcud olmuş 44 kənddən 14-ü rus işğalı nəticəsində boşaldılmışdı. Dərəkənd-Parçenis və Sürməli mahalları istisna olmaqla yuxarıda adları sadalanan mahalların əraziləri hazırda Ermənistan Respublikası adlanan dövlətin ərazisinin əsas hissəsini təşkil edir.

Xanlığın əhalisi

İrəvan xanlığının əhalisinin etnik tərkibini oğuz-türk boyları təşkil etmişdir. Tarixi qaynaqlar göstərir ki, xanlığın əhalisinin əsasını qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qacar, şamlı, rumlu, ustaclı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar təşkil etmişlər. Həmçinin 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın dövründə erməni katolikosluğunun Kilikiyadan Çuxursəəd əmirliyinin Vağarşapat kəndindəki Üçkilsə (Eçmiədzin) monastırına köçürülməsindən sonra müxtəlif yerlərdən axışıb gələn azsaylı ermənilər xanlığın ərazisində tədricən məskunlaşmışdılar.

Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən sui-istifadə edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca münbit bu ərazisində ermənilərin məskunlaşmasına başçılıq edirdilər. Xristian dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varlanan erməni kilsələri yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə hələ 1432-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi iri torpaq mülkiyyətçisi Əmir Rüstəm xəzinə torpaqlarında yerləşən 7 kəndi – Üçkilsə (Eçmiədzin) monastırının yerləşdiyi Vağarşapat kəndini və Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni kəndlərini Qriqor Makuluya satmış, o da öz növbəsində həmin kəndləri Üçkilsə monastırına bağışlamışdı. Sonralar Üçkilsə monastırı daha 16 kəndi və digər torpaqları və mülkləri ələ keçirmişdi. Bu yolla ermənilər Azərbaycan torpaqlarında özlərinə yeni yaşayış məskənləri yaradırdılar.

Tarixi ədəbiyyatda İrəvan xanlığının əhalisi haqqında səhih məlumatların olmaması həmin ərazidə gedən çoxsaylı müharibələrlə bağlıdır. İrəvan xanlığını ələ keçirmək uğrunda Osmanlı imperiyasının Səfəvilər və Əfşarlar imperiyaları ilə apardığı müharibələr əhalinin etnik tərkibinə ciddi təsir göstərmişdir. Osmanlı sultanlarının şiə məzhəbli qızılbaş türklərin təqib edilməsi haqqında verdikləri fərmanlar İrəvan xanlığı ərazisində də yerli qızılbaş əhalini türk qoşunları gəlməzdən öncə öz yurdlarını tərk etmək məcburiyyətində qoymuşdu. Həmin fərmanların qızılbaş kürdlərə şamil edilməməsi öz növbəsində kürdlərin də İrəvan xanlığı ərazisinə axınına səbəb olmuşdu.

İrəvan xanlığının ərazisində gedən müharibələrdən daha çox ermənilər faydalanırdılar. Məsələn, Səfəvilərlə müharibə zamanı Osmanlı sultanı III Muradın 28 aprel 1578-ci il tarixli fərmanında ərz edilirdi ki, rəiyyət və vergi ödəyicisi olan erməni tayfasının mallarına və canlarına zərər verilməsin. 1579-cu ilin sentyabrında Osmanlı ordusunun İrəvan üzərinə hücumundan öncə Abaran nahiyəsindən 3 min ailə Ərzurum vilayətinə köçürülmüşdü. Həmin ilin oktyabr ayında Osmanlı ordusu Şərabxana nahiyəsindən 20 min əsir aparmışdı. 1583-cü ildə Osmanlı ordusu İrəvan əyalətinə daxil olduğu zaman İrəvan şəhərinin və eyniadlı əyalətin müsəlman əhalisi Ağrıdağ yaylaqlarına çəkilmiş, şəhərdə və kəndlərdə yalnız ermənilər qalmışdı.

Eçmiədzin ətrafındakı torpaqlarda ermənilərin daha da möhkəmlənməsinə Səfəvi hökmdarı I Şah Abbas daha geniş imkanlar yaratmışdı. 1605-ci ildə onun fərmanı ilə Səfəvilər dövlətinin ərazisində pərakəndə şəkildə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Həmin dövrdə paytaxt olan İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, buraya köçürülən ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta I Şah Abbas bu tikililər üçün xəzinədən vəsait ayırmışdı. I Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi. 1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venesiya dojuna məktublar göndərmişdi. Xoca Səfər şahın məktubunu təqdim etdikdən sonra, ermənilərin (Eçmiədzin kilsəsinin) Roma papası və digər Avropa ölkələrinin başçılarına məktublarını da təqdim etmişdi. Bu məktublarda xristian Avropa ölkələrindən şərqdə – müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi.

I Şah Abbasın xələfi Şah Səfi 1629-cu ildə katolikos Movsesin adına verdiyi fərmanla Eçmiədzin katolikosluğunu hər il şah xəzinəsinə ödədiyi 100 tümən vergidən azad etmişdi. Şah Səfinin 1638-ci ildə verdiyi digər fərmanla şah və xan məmurlarına Eçmiədzinin daxili işlərinə qarışmamağı əmr etmiş, hər hansı vergi, rüsum və s. tələb etməyi qadağan etmişdi. Eçmiədzin kilsəsinə qarşı II Şah Abbas (1642-1667) və Şah Süleyman (1667-1694) da xeyirxah siyasət yürütmüşdülər.

Eçmiədzin kilsəsi Səfəvi hökmdarlarının ermənilərə olan xeyirxah münasibətlərindən ustalıqla faydalanırdı. Katolikos I Filippos 1650-ci ildə II Şah Abbasa müraciətində yazırdı: “İtəatkarcasına ərz edirəm ki, hazırda yerli ermənilərdən bir çoxu paytaxt İsfahanda, bir çoxu da bizim vilayətdə yaşayırlar ki, onlar buraya Siz Əlahəzrətin tükənməz qayğı və məhəbbəti sayəsində müxtəlif vilayətlərdən gəlib məskunlaşmışlar. Əlahəzrət hökmdar, üç yüz mömin, – qoy buna bənzər yüz min mömin sizin müqəddəs atınızın dırnaqlarının qurbanı olsun, – Üçkilsədə gecə və gündüzlərini sizə dua etməklə keçirirlər ki, onlar yaşamaları üçün tamamilə Əlahəzrət hökmdarın mərhəmətinə borcludurlar”.

Digər tərəfdən, katolik missionerləri də Vatikanın və Avropa dövlətlərinin başçılarının adından xristian azlıq kimi, ermənilərin himayə və müdafiə edilməsini Səfəvi hökmdarlarından xahiş edirdilər. Məsələn, Fransa kralı XIV Lüdovik 1688-ci ildə şah Sultan Hüseynə məktub və vəsatətlə müraciət etmişdi ki, Şamaxıda və İrəvanda kilsə və iezuitlər (Roma katolik kilsəsinin missionerləri) üçün məktəb açılsın. Tədqiqatçıların qənaətincə, bu missiyaların arxasında daha dərin iqtisadi və siyasi xarakterli mətləblər, həmçinin kəşfiyyat mahiyyətli məqsədlər gizlənirdi. 1708-ci ildə Səfəvilərlə Fransa arasında bağlanan ticarət müqaviləsinin bəndlərinin birində ifadə edilirdi ki, Səfəvilər dövlətinin ərazisində kök salan xristian missionerləri harada istəsələr orada yaşaya bilərlər, bütün ermənilər və xristianlar, onların övladları missionerlərə baş çəkmək, onların yanında təlim görmək və moizələrinə qulaq asmaq istəyirlərsə, heç kim onların qarşısını ala və mane ola bilməz.

1723-cü ildə Osmanlı qoşunlarının İrəvan üzərinə növbəti hücumu zamanı İstanbulda sarayda qulluq edən Seqbos adında bir erməni Sultan III Əhməd xahiş etmişdi ki, qoşunların Eçmiədzin kilsəsinə və ermənilərə toxunmaması haqqında göstəriş versin. Osmanlı qoşunlarının komandanı Abdulla paşa sultanın verdiyi fərmana əsasən qoşunun Eçmiədzin üzərinə hücumuna icazə verməmiş, üstəlik onun müdafiəsi üçün bir polk ayırmışdı. 1726-cı il fevralın 22-də imperatriça I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman vermişdi. Bütün bunlar müsəlmanlar içərisində azlıq təşkil edən erməniləri xüsusi imtiyazlı təbəqə halına gətirir, bölgənin etno-demoqrafik vəziyyətinə tədricən təsir göstərirdi. XIX əsrin əvvəlində ermənilər İrəvan xanlığı ərazisində 50-dən artıq qədim oğuz-türk yaşayış məntəqələrinə sahib olmuşdular.

1801-ci ildə rus qoşunlarının İrəvan xanlığının şimal sərhədində yerləşən Pəmbək əyalətini, 1804-cü ildə Şörəyel sultanlığını işğal etməsindən sonra azərbaycanlıların deportasiyası və ermənilərin həmin ərazilərə kütləvi axını başlanmışdır. Rus qoşunlarının Pəmbək və Şörəyel əyalətlərini işğalınadək bölgədə mövcud olan 200 azərbaycanlı yaşayış məntəqəsindən 190-ı XIX əsrin əvvəlində azərbaycanlılardan təmizlənmişdi. 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə İrəvan xanlığından Rusiyanın tabeliyinə keçən ərazilərdə, xüsusən də müharibə nəticəsində boşalmış azərbaycanlı kəndlərinin əksəriyyətində ermənilər məskunlaşmışdı. Həmin müddətdə təkcə Pəmbək-Şörəyel bölgəsinə Türkiyədən 32 mindən artıq erməni köçürülmüşdü.

İngiltərənin Qacarlar İranındakı səfirliyinin katibi Ceyms Morier 1813-cü ildə İrəvanda olmuş, xanlığın ərazisində təqribən 100 min nəfər əhalinin yaşadığını göstərmişdir. Bu məlumat rus müəlliflərinin əsərlərində də öz təsdiqini tapmışdır. XIX əsrin əvvəllərində Rusiya xarici işlər nazirliyinin Asiya departamentinin direktoru olmuş Semyon Bronevskinin verdiyi məlumata görə İrəvan xanlığında 18 min ailə yaşamışdır. Rus qoşunlarının İrəvan xanlığı üzərinə 1827-ci ildə sonuncu həmləsi nəticəsində müsəlman əhalinin bir qismi öz yer-yurdlarını tərk edərək qonşu İran və Türkiyəyə sığınmışdılar. Rus qoşunlarının komandanı general Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirirdi ki, İrəvan xanlığında yaşayan türk tayfaları qarapapaqlardan 900, ayrımlardan 300, uluxanlılardan 600, çobankərəlilərdən 200 ailə, müsəlman kürdlərindən üst-üstə 2600 ailə Türkiyənin müxtəlif yerlərinə qaçmışlar.

İrəvan xanlığının əhalisi haqqında həqiqətə yaxın məlumatı 1829-1832-ci illərdə xanlığın ərazisində kameral siyahıyaalma keçirən İvan Şopenin 1852-ci ildə Sankt-Peterburqda çap edilən “Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи” kitabından əldə etmək olar. İ.Şopeni müşayiət edən tərcüməçinin erməni olması əhalinin milli tərkibinin ermənilərin xeyrinə qeydə alınmasına təsir göstərmişdir. Həmçinin kitabın əvvəlində İ.Şopeninin verdiyi tarixi xülasəni əsasən erməni müəlliflərinin əsərlərinə istinadən qələmə alması bəzi məqamlarda müəllifin obyektiv nəticə çıxarmasına mane olmuşdur. Bununla belə, İ.Şopenin əsəri İrəvan xanlığı haqqında ən müfəssəl məlumat verən əsər hesab edilməlidir. Müəllifin verdiyi məlumata görə işğal ərəfəsində İrəvan xanlığının ərazisində 831 kənd mövcud olmuşdur ki, onlardan 310-u müharibə nəticəsində dağıdılmışdı. Hər kənddə orta hesabla 25 ailə, hər ailədə 5-6 nəfər hesabı ilə götürdükdə, dağıdılmış 310 kənddə təqribən 43 mindən artıq əhalinin yaşamış olduğunu müəyyən etmək olur. İ.Şopenin məlumatına görə işğaldan sonra İrəvan şəhərində 7331 nəfər, mahallarda isə 57364 müsəlman qeydə alınmışdır. Əslində isə İrəvan şəhərində işğaldan öncə 16 min nəfər müsəlman yaşamışdır. Bu rəqəmlərin üzərinə dağıdılmış kəndlərdə yaşamış olan 43 min nəfəri də əlavə etsək, onda İrəvan xanlığında işğaldan öncə azı 116 min nəfər müsəlman yaşadığı bəlli olur.

Ermənilərə gəlincə, İ.Şopen mahallarda 20073 nəfər, İrəvan şəhərində isə 2369 nəfər yerli erməninin yaşadığını yazır: cəmisi 22442 nəfər. Əslində isə həmin 22442 nəfər erməninin bir çoxu yerli sakin deyil, 1804-cü ildən bəri xanlığın ərazisində gedən müharibələrdən sonra Türkiyə ərazisindən gəlib regionda məskunlaşmış ermənilər idi. Bununla belə, faizlə ifadə etsək, işğaldan öncə ermənilər xanlığın ümumi əhalisinin təqribən 19 faizini təşkil etmişdir. Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da ümumi əhalinin 20 faizini təşkil etmişdir.

İ.Şopenin İrəvan xanlığının əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumat xanlığın köklü əhalisinin kimlərdən ibarət olması mənzərəsini ortaya qoyur. Kameral siyahıyaalmanın nəticələri göstərir ki, İrəvan xanlığı ərazisində zadəgan sayılan 270 xan və bəy müsəlman ailəsi, 30 erməni məlik və ağa ailəsi qeydə alınmışdı. Deməli, erməni zadəganları xanlığın ərazisindəki zadəganların cəmisi 10 faizini təşkil etmişdi, lakin İrəvan xanlığının 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra da bir müddət həmin ərazidə azərbaycanlılar sayca ermənilərdən üstün olmuşdur. Yalnız Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında İran və Türkiyədən ermənilərin kütləvi surətdə İrəvan xanlığı ərazisinə köçürülməsindən sonra demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir.

Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ermənilər kompakt şəkildə, əsasən, azərbaycanlı yaşayış məntəqələrində məskunlaşdırılmışdılar. Bunun nəticəsində azərbaycanlılar ermənilərdən sayca azlıq təşkil etsə də, azərbaycanlı yaşayış məntəqələri erməni yaşayış məntəqələrindən sayca çox idi. 1865-ci ilin məlumatına görə İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də müsəlmanlar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə müsəlmanlar qarışıq şəkildə yaşayırdılar. Azərbaycanlılar İrəvan şəhərini üzük qaşı kimi əhatə edən və quberniyanın nüvəsi hesab olunan İrəvan qəzasında işğaldan sonra da sayca çoxluq təşkil edirdilər.

1865-ci ildə qəzada qeydə alınan 79661 nəfər əhalinin 46617 nəfərini azərbaycanlılar (tatarlar), 26709 nəfərini isə ermənilər təşkil edirdi. Başqa sözlə, əhalinin 58,5 faizini azərbaycanlılar, 33,5 faizini isə ermənilər təşkil edirdilər. XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121809 nəfər əhalinin 65871 nəfərini azərbaycanlılar, 45624 nəfərini ermənilər, 7865 nəfərini kürdlər, 869 nəfərini isə ruslar təşkil edirdi. Faiz nisbəti ilə əhalinin 54, 1 faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7 faizini isə ruslar təşkil edirdi. İrəlidə hər biri haqqında ayrıca söhbət açacağımız azərbaycanlılara qarşı 1905–1906, 1918–1920, 1948–1953, 1987–1989-cu illərdə həyata keçirilən soyqırımlar və deportasiyalar nəticəsində keçmiş İrəvan xanlığı – indiki Ermənistan Respublikası ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, İrəvan xanlığının yerli əhalisi yalnız Azərbaycan türklərindən ibarət olmuş, ermənilər isə orta əsrlərdən etibarən müxtəlif yollarla gəlib həmin ərazidə məskunlaşmışlar. Erməni tarixçilərinin İrəvan xanlığının ərazisinin qədim erməni torpağı, əhalisinin əksəriyyətinin isə erməni olması haqında iddialarının da cəfəngiyyatdan başqa bir şey olmadığı yuxarıda göstərilən rəqəmlərdən aydın görünür.

İrəvan xanlığının süqutu

XIX əsrin əvvəllərində Rusiyanın işğal etdiyi Şimali Azərbaycan xanlıqları içərisində ən sonda süqut edən İrəvan xanlığı olmuşdur. Qeyd etmək lazımdır ki, işğaldan əvvəl 150 ildən artıq bir müddətdə, ermənilər Eçmiədzin kilsəsinin yerləşdiyi ərazini əhatə edən torpaqlarda erməni dövlətinin yaradılması üçün Rusiya çarlarına müraciət edir, hərbi əməliyyatlara başlamaq üçün onları müxtəlif vədlərlə şirnikləndirirdilər. Avropa dövlətlərinin real köməklik göstərə bilməyəcəyini dərk edən ermənilər qiymətli hədiyyələr vermək yolu ilə Rusiya çarlarının diqqətini çəkməyə çalışırdılar. İpək ticarəti ilə məşğul olan Yeni Culfada yaşayan erməni Xoca Zakar Sarhadov 1660-cı ildə çar Aleksey Mixayloviçə fil sümüyündən düzəldilmiş “Almaz taxt” hədiyyə etmişdi. Hazırda Moskva Kremlinin “Silahlar palatası”nda saxlanılan həmin taxtı bəzəmək üçün 897 almaz, 1298 yaqut, 18030 firuzə dənəsindən istifadə edilmişdi.

1666-cı ildə Qriqor Lusikovun başçılığı ilə Yeni Culfalı tacirlər qiymətli hədiyyələrlə Moskvaya gələrək onları çara təqdim etmişdilər. Bir qədər sonra – 1667-ci ilin mayında erməni tacirlərinin Rusiya ilə əlaqələrinə böyük imkanlar açan ticarət müqaviləsi imzalanmışdı. 1677-ci ildə Eçmiədzin kilsəsi tərəfindən Avropaya göndərilən nümayəndə heyətinə qatılan İsrael Ori adında erməni Avropa dövlətlərini gəzib dolandıqdan sonra onların real köməklik göstərməyəcəklərinə əmin olmuş və 1701-ci ildə çar I Pyotrun qəbuluna gəlmişdi. O da çara gözqamaşdıran hədiyyələr gətirmişdi. İ.Ori Səfəvilər imperiyası ərazisində erməni dövləti yaradılması üçün proqramı çara təqdim etmişdi. 1726-cı il fevralın 22-də imperatriça I Yekaterina ermənilərin yüksək mərhəmət və himayəyə layiq görülmələri haqqında fərman vermişdi.

XVIII əsrin ikinci yarısında ermənilər yenidən fəallaşmışlar. 1760-cı ildə Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparmış, İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini təklif etmişdir. 1769-cu ildə Həştərxan ermənisi Movses Safarov Rusiya sarayına layihə təqdim etmişdir. O, layihədə rus ordusunun köməyi ilə “Ermənistanı azad etməyi” və Rusiyanın himayəsində dövlət qurmağı təklif etmişdi. 1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsep Arqutyan) və Moskvada yaşayan erməni varlısı İvan Lazarev (Hovhannes Lazaryan – onun atası Yeğiazar Lazaryan 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra xəzinədən qiymətli daş-qaşları oğurlayıb Moskvaya qaçmışdı. Həmin brilyantlardan ən böyüyü sonralar II Yekaterinaya hədiyyə edilmişdi və hazırda Moskvada “Silahlar palata”sında saxlanılır) Rusiya hökumətinin nümayəndələrinə təqdim etdikləri proqramda təklif edirdilər ki, Osmanlı Türkiyəsi ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə Rusiyanın protektoratlığı altında müstəqil erməni monarxiyası yaradılsın. Yaradılması arzulanan erməni çarlığının paytaxtının Vağarşapat və yaxud Ani olması nəzərdə tutulurdu.

Bir müddət sonra Rusiya Qafqaza hərbi yürüş etməyi planlaşdırmış, erməni dövlətinin yaradılması məqsədilə II Yekaterina ilə müzakirə aparmaq üçün vasitəçi kimi danışıqlara qraf Qriqori Potyomkin və anasının erməni olduğu iddia edilən rus sərkərdəsi Aleksandr Suvorov cəlb edilmişdir. Ermənilər Suvorovu əmin edirlər ki, Cənubi Qafqaza yürüş zamanı yerli ermənilər rus qoşunlarına fəal köməklik göstərəcəklər.

Valentin Pikulun “Favorit” roman-xronikasında Qriqori Potyomkinlə II Yekaterinanın bir dialoqu diqqəti çəkir. O, imperatriçaya keçirəcəyi müşavirədə Suvorov, Lazarev və Arqutinski ilə birlikdə ermənilərin məsələsini müzakirə edəcəklərini söyləyir. Potyomkin əlavə edir ki, ermənilər diribaşdırlar, artıq özlərinə paytaxt kimi, İrəvanı bəyəniblər. II Yekaterinanın “Ermənilərin ölkəsi yoxdur, təkcə paytaxtla nə olar” – sualına Potyomkin cavab verir: “İndi yoxdur, bizdən sonra olacaq”.

Azərbaycan xanlıqlarının öz aralarında gedən aramsız çəkişmələr və toqquşmalar XVIII əsrin ikinci yarısından İrəvan xanlığını müəyyən fasilələrlə Kartli-Kaxetiya çarlığından qismən asılı vəziyyətə salmış, onun daxili işlərinə qarışmasına şərait yaratmışdı. 1783-cü ilin iyulunda Georgiyevsk şəhərində imzalanan müqavilə ilə Kartli-Kaxetiya çarlığının Rusiyanın protektoratlığını qəbul etməsi Rusiyanın Cənubi Qafqazda mövqeyini daha da gücləndirmişdi. Bundan sonra Rusiyanın hakim dairələri tərəfindən Azərbaycanın bütün xanlıqlarına Rusiyanın protektoratlığını qəbul etmələri üçün məktub və hədiyyələr göndərilmişdi. Həmin ilin noyabrında qraf Apraksin Rusiya hökumətinin məktubunu İrəvan xanı Hüseynəli xana təqdim etmişdi. Məktubda Hüseynəli xandan Kartli-Kaxetiya çarı II İrakliyə itaət etmək təklif edilirdi. Rusiyanın bu addımları Osmanlı Türkiyəsini ciddi narahat etmiş və Osmanlı sultanı Azərbaycan xanlıqlarını Rusiya əleyhinə bişləşdirmək siyasəti yürütməyə başlamışdı.

XVIII əsrin 90-cı illərin əvvəllərində Cənubi Azərbaycan xanlıqlarını özünə tabe edən Ağa Məhəmməd xanın niyyəti Səfəvilər imperiyasını bərpa etmək idi. O, Şimali Azərbaycan xanlıqlarının hamısını və Kartli-Kaxetiya çarlığını özünə tabe etdirmək üçün 1795-ci ildə Cənubi Qafqaza yürüş etmişdi. Onun bu hücumu Rusiyanın Cənubi Qafqazı ələ keçirmək planlarını pozurdu. 1796-cı ilin aprelində rus qoşunları general Valerian Zubovun komandanlığı altında Cənubi Qafqaza hücum etmişdi. Rus qoşunları qısa müddətdə Dərbəndi, Şamaxını, Gəncəni, Bakını zəbt etmişdi. Növbəti hədəf İrəvan xanlığı olmuş, lakin həmin ilin noyabrında II Yekaterinanın ölümündən sonra rus qoşunlarının yürüşü dayandırılmış və qoşunlar geri çəkilmişdi.

1801-ci ilin fevralında Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi nəticəsində İrəvan xanlığının şimal sərhədlərində yerləşən və Kartli-Kaxetiya çarlığından asılı olan Pəmbək, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları da Rusiyanın tabeliyinə keçmiş oldu. İrəvan xanının Pəmbək əyalətini geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnmişdi. 1802-ci ilin sentyabrında qəddarlığı ilə ad çıxaran general Pavel Sisianovun (1724-cü ildə Kartli-Kaxetiya çarlığından Rusiyaya köçən gürcü knyazları Çiçişvililərin törəməsi olan Pavel Sisianov 1806-cı ilin fevralında Bakı üzərinə ikinci hücumu zamanı Bakı xanının qardaşı oğlu tərəfindən qətlə yetirilmiş, başı kəsilərək Fətəli şaha göndərilmişdi. Onun başsız bədəni Tiflisdə dəfn edilmişdir) Qafqazdakı rus ordusunun baş komandanı təyin edilməsindən sonra Şörəyel sultanlığı da işğal edilmişdi.

1804-cü ilin yanvarında Gəncə xanlığının işğalından sonra rus qoşunlarının növbəti hədəfi İrəvan xanlığı idi. Çünki İrəvan xanlığını ələ keçirməklə Rusiya hərbi-strateji döyüş meydanı əldə etməklə yanaşı, İran və Türkiyə sərhədlərində möhkəmlənmiş olurdu. Həmin il mayın 10-da P.Sisianov İrəvan xanı Məhəmməd xana göndərdiyi məktubunda ondan öz möhürünü vurmaqla aşağıdakı şərtlərə razılıq verdiyini ifadə edən məktub göndərməyi tələb edirdi: rus ordusu İrəvan qalasında yerləşdirilməlidir, xan Rusiya imperatorunu öz padşahı kimi qəbul etməli və ona sədaqət andı içməlidir və nəhayət, imperatora ildə 80 min rubl məbləğində xərac verməlidir. Bu şərtlərin qəbul edildiyi təqdirdə, Sisianov xanın həyatının və hakimiyyətinin həmişəlik toxunulmaz olacağını vəd edir, lakin Məhəmməd xan Sisianovun təkliflərini qəbul etmir. O, İrəvan qalasını daha da möhkəmləndirmək üçün ciddi tədbirlər həyata keçirir. Qalanın müdafiəçilərinin sayı 7 min döyüşçüyə, qala bürclərindəki atəşə hazır topların sayı isə 22-yə çatdırılır və xeyli ərzaq ehtiyatı tədarük edilir.

Rus qoşunlarının İrəvan xanlığı üzərinə birinci yürüşü 1804-cü il iyunun 12-də Sisianovun komandanlığında Gümrünü ələ keçirərək Abaran istiqamətindən İrəvan qalası üzərinə hücumla başlanır. Qacarlar İranı da öz növbəsində Fətəli şahın vəliəhdi Abbas Mirzənin komandanlığı altında İrəvan xanlığının ərazisinə qoşun yeridərək rus qoşunlarını qabaqlamaq istəyirdi. İyunun 19-da rus qoşunları Üçkilsəyə (Eçmiədzinə) çatanda artıq Abbas Mirzənin qoşunu orada qərar tutmuşdu. Sisianovun Üçkilsəni ələ keçirmək üçün etdiyi hücumlar bir nəticə vermir. Ruslar böyük itki verərək geri çəkilirlər. İyunun 25-də Sisianov İrəvan qalasına hücum əmrini verir. Eyni zamanda ruslar Abbas Mirzənin qoşununu sıxışdıraraq Araz çayının əks tərəfinə çəkilməyə məcbur edirlər. Ruslar İrəvan qalasını mühasirəyə alırlar. Sisianovun qalanı təslim etmək barədə təhdid dolu məktublarına Məhəmməd xan diplomatik tərzdə cavablar verərək vaxt udmağa çalışırdı. Rusların qalaya etdikləri həmlələr və satqın ermənilərin yardımı heç bir nəticə vermirdi. Məhəmməd xan əmin idi ki, vaxt uzandıqca rus qoşunlarının ərzaq ehtiyatı tükənəcək və qalanın mühasirəsi heç bir nəticə verməyəcək. Belə də odu. Avqustun 31-də Sisianov hərbi şuranın iclasını çağırdı. İclasda qalanın mühasirəsinə son qoyulması qərara alındı. 2000 rus hərbçisinin itirilməsi ilə nəticələnən uğursuz müharibəyə son qoyuldu. Sisianovun fatehlik xülyası boşa çıxdı. Rus qoşunları sentyabrın 4-də gecə ikən geri çəkilərək Gürcüstana qayıtdı.

Rusların İrəvan qalasına birinci yürüşü zamanı ermənilər yenə də satqınlıqlarını göstərdilər. Qala mühasirədə olan zaman erməni casusları Sisianova xəbər göndərmişdilər ki, qalanın şərq tərəfdən müdafiəsi zəifdir və ilk növbədə həmin istiqamətdən hücuma keçsinlər. Qalanın mühasirəsinin gərgin günlərində Gürcüstan ermənisi Rostam bəyin dəstəsi iki dəfə Tiflisdən Pəmbək-Abaran yolu ilə rus qoşunlarına silah-sursat daşımış, üçüncü dəfə isə ələ keçmişdi. Digərlərinə dərs olsun deyə satqın Rostam bəy Təbrizdə edam edilmişdi.

1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında qoyulan vəzifələrdən biri də İrəvan xanlığını işğal edib ərazisini Rusiya torpaqlarına qatmaqdan ibarət idi, lakin Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ilk növbədə Fransanı ciddi narahat edirdi. Fransa İran və Türkiyədən Rusiyaya qarşı istifadə etmək istəyirdi. 1806-cı ilin dekabrında Fransa həmin dövlətlərə çoxlu zabitlər və mühəndislər göndərdi ki, orduların yenidən qurulması və müasir texnika ilə təminatı məsələlərini həll etsinlər. 1807-ci ilin dekabrından İrəvan xanı olan Hüseynqulu xan Qacar İrəvan qalasının möhkəmləndirilməsi üçün fransız mühəndislərinin xidmətindən lazımınca istifadə etmişdi. İrəvan qalasında toptökmə və barıt zavodları inşa edilmiş, əlavə qoşun hissələri toplanmış, qala divarları möhkəmləndirilmişdi. Qudoviç İrəvan qalasını belə təsvir edirdi: “Qala bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilmişdir, iki divarı vardır, divarlarının qarşısında xəndəklər qazılmışdır, xəndəyin qarşısında isə torpaq və qumdan ibarət təpələr əmələ gətirilmişdir ki, onun üzərində də toplar quraşdırılmışdır, qalada əvvəllər mövcud olmayan fuqas bombaları vardır.”

Rus qoşunlarının İrəvan xanlığı üzərinə ikinci yürüşü 1808-ci il sentyabrın 25-də baş tutdu. Qudoviç 6 minlik qoşun və 12 topla İrəvan üzərinə hücuma keçdi. Hüseynqulu xan ertəsi gün 5 minlik qoşunla rusların qarşısını Abaranda almaq istəsə də, buna nail ola bilmədi və geri çəkildi. Ruslar sentyabrın 27-də Üçkilsə (Eçmiədzin) monastırını ələ keçirdilər sonra isə İrəvan ətrafında düşərgə qurdular. Hüseynqulu xan qalada iki minlik qoşun qoyaraq onun müdafiəsini qardaşı Həsən xana tapşırdı. Özü isə 5 minlik qoşunla qaladan çıxıb, rus qoşunlarına arxadan zərbə endirmək məqsədilə Gedər çayın ətrafında düşərgə saldı. Bayır şəhəri ələ keçirən, qalanı hər tərəfdən mühasirəyə alan general Qudoviçin qalanı təslim etmək barədə bütün ultimatumlarını və şirnikləşdirici vədlərini Həsən xan rədd edir və bildirir ki, qaladakı qarnizon son nəfəsinədək vuruşacaqdır.

Uzun müddət hazırlıqdan sonra rus qoşunlarının noyabrın 17-də İrəvan qalasına başlanan növbəti hücumu iki həftə davam etmiş və yenə də uğursuzluqla nəticələnmişdi. Qudoviçin təşkil etdiyi dəstələr böyük itki verərək qala müdafiəçilərinin zərbələri altında geri çəkilməyə məcbur olmuşdular. Rus ordusunun 300 nəfərə yaxın əsgər və zabiti ölmüş, 600 nəfərə qədər əsgər və zabiti isə ağır yaralanmışdı. Qış yaxınlaşır, İrəvan qalasını mühasirədə saxlayan rus qoşunlarının silah-sursatı və ərzağı tükənirdi. Nəhayət, noyabrın 30-da qalanın mühasirəsinə son qoyulmuşdu. Sisianov kimi lovğa və təkəbbürlü olan general Qudoviçin komandanlığı altında rus qoşunu qarlı-şaxtalı havada min nəfərdən artıq itki verərək Gürcüstana qayıtmışdı. Bununla da rusların İrəvan qalasına ikinci yürüşü biabırcasına sonluqla başa çatmışdı.

Rusiyanın İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkmədiyini yaxşı bilən Hüseynqulu xan İrəvan qalasını möhkəmlətməklə yanaşı, 1815-1817-ci illərdə fransız mühəndislərinin iştirakı ilə bir qədər aralıda Sərdarabad qalası adlanan möhtəşəm hərbi-istehkam kompleksi inşa etdirmişdi. 1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları və Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılsa da, regionda sabitlik yaranmamışdı.

Rusiya İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirməklə öz sərhədlərini daha da genişləndirmək, regionda Fransanın yerinə aktiv rol alan İngiltərə isə İran və Türkiyəyə hərbi yardım edərək isti dənizlərə çıxmaq niyyəti olan Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına nail olmaq istəyirdi. Ordusunun hazırlıq səviyyəsindən razı olan vəliəhd Abbas Mirzə isə Rusiya ilə müharibədə qələbə çalacağına əmin idi və ilk növbədə Qarabağ xanlığını işğaldan azad etmək üçün 1826-cı il iyulun 16-da hücuma keçmişdi. İrəvan xanı Hüseynqulu xan da Gülüstan müqaviləsi ilə xanlığın itirilmiş ərazilərinin geri qaytarılması üçün müharibəyə ciddi hazırlaşmış və iyulun 16-da Abaran mahalının Mirək kəndindəki rus əsgərlərinin postuna hücum etmişdi. Hüseynqulu xanın qardaşı Həsən xan isə rus qoşunlarının qərargahı yerləşən Böyük Qarakilsə (sonralar Kirovakan, indiki Vanadzor şəhəri) üzərinə hücum edib avqustun 9-da onu ələ keçirmiş, bundan sonra Gümrü də xan qüvvələrinin əlinə keçmişdi. Bununla da Şörəyel və Pəmbək əyalətləri yenidən İrəvan xanılığının ərazisinə qatılmışdı.

Həmin ərəfədə hakimiyyətə gələn I Nikolay Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolova qısa müddətdə İrəvan xanlığını ələ keçirməyi tapşırmışdı. Sentyabrın birinci yarısında Abbas Mirzənin qoşunlarının Şəmkir, Gəncə və Qarabağ döyüşlərində məğlubiyyətindən sonra İrəvan xanının qoşunları Pəmbək və Şörəyeldən geri çəkilmək məcburiyyətində qalmış, bundan sonra 1827-ci ilin yazınadək rus qoşunları İrəvan üzərinə yürüşə hazırlaşmışdı. Çar I Nikolay aprelin 1-nə kimi İrəvan xanlığı üzərinə yürüş etməyi Yermolova tapşırmışdı və ona görə də Rusiya ordusunun baş qərargah rəisi Dibiçi Tiflisə köməyə göndərmişdi. İmperatorun 27 mart tarixli əmri ilə Yermolovun yerinə general-adyutant İvan Paskeviç təyin edilmişdi.

Martın 30-da Tiflisdə rus qoşunlarının tərkibində İrəvan xanlığının üzərinə hücumda iştirak etmək üçün hazırlanan erməni könüllü dəstələrinin paradı keçirildi. Aprelin əvvəlində general-adyutant Konstantin Benkendorfun komandanlığı, arxiyepiskop Nerses Aştarakesinin müşayiəti ilə rus qoşunlarının Borçalı üzərindən İrəvan xanlığı üzərinə sayca üçüncü yürüşü başlandı. Benkendorfun avanqard dəstənin tərkibində 5 minə yaxın piyada, min nəfərə qədər kazak döyüşçüsü və 12 top var idi. Rus qoşunları aprelin 13-də ciddi müqavimətə rast gəlmədən Üçkilsə (Eçmiədzin) monastırına çatdıqdan sonra ərzaq çatışmazlığı ilə üzləşdi. Nerses Aştarakesinin ermənilərin rus qoşunlarını ərzaqla təmin edəcəyi haqda verdiyi vədlər yalan çıxdı. Çünki xanlığın ərazisində rus qoşunlarını bir neçə günlüyə də olsa ərzaqla təmin edə biləcək sayda ermənilər yaşamırdı. Azərbaycanlı əhali isə döyüşlər başlanmazdan öncə xan tərəfindən Arazın əks tərəfinə köçürülmüşdülər. Ayın 16-da Benkendorf Sərdarabad qalasına hücum etdi. Qala qarnizonuna Həsən xanın 16 yaşlı nəvəsi Fətəli xan komandanlıq edirdi. Həsən xanın süvariləri rusları təqib edir, onların qalaya yaxınlaşmasına şərait yaratmırdı. Lakin rusların toplar sarıdan üstünlüyü Həsən xana qələbə çalmağa imkan vermirdi. Benkendorfun Sərdarabad qalasını təslim etmək barədə məktubuna Fətəli xan kəskin rədd cavabı vermişdi. Paskeviçin Tiflisdən göndərdiyi 10 günlük ərzaq ehtiyatı Eçmiədzinə çatdıqdan sonra Benkendorf İrəvan qalasının üzərinə hücum əmri verdi.

Aprelin 25-dən etibarən İrəvan qalasının mühasirəsi başlandı. Benkendorfun qalanı ələ keçirmək cəhdləri heç bir nəticə vermədi. Qala mərdliklə müdafiə olunurdu. Qalada 26 top yerləşdirilmiş, qarnizonun sayı 5 min döyüşçüyə çatdırılmış, kifayət qədər ərzaq ehtiyatı toplanmışdı. Qalanın içərisindən rusların mövqelərinə toplardan ağır zərbələr endirilirdi. Xan döyüşçüləri kiçik dəstələr halında qaladan çıxaraq ruslara qəfil zərbələr endirir və sürətlə geri çəkilirdilər. Hüseynqulu xana qalanın təslim edilməsi barədə Benkendorf tərəfindən göndərilən ultimatumlar və şirnikləşdirici vədlər də kara gəlmirdi. Həsən xan isə Arazın o tayındakı düşərgəsində öz dəstəsini möhkəmləndirdikdən sonra Benkendorfun qoşununa arxadan aramsız zərbələr endirməklə qardaşı Hüseynqulun xana yardım edirdi. Getdikcə güclənən istilər və yayılan xəstəliklər Benkendorfun qoşununu günü-gündən taqətdən salır, qalanın işğalını mümkünsüz edirdi.

İyunun 1-də Tiflisdən 5 minə yaxın piyada, 800 süvari, 3 min qeyri-nizami atlı dəstəsi və 26 topla yola düşən Paskeviç iyunun 8-də Üçkilsəyə çatmışdı. İrəvanın mühasirəsini yoxlayan Paçkeviç əmin olmuşdu ki, cəsarətsiz Benkendorfun komandanlığı altında İrəvanı ələ keçirmək mümkün olmayacaq. İyunun 19-da Paçkeviç İrəvanın mühasirəsini general Afanasi Krasovskinin komandanı olduğu diviziyaya həvalə etmişdi. Elə həmin gün Naxçıvana yola düşən Paskeviçin məqsədi Naxçıvanı və Abbasabad qalasını ələ keçirməklə Abbas Mirzənin qoşunu ilə İrəvan xanlığının əlaqəsini kəsməkdən ibarət idi. Rus qoşunları iyunun 26-da Naxçıvanı, iyulun 7-də isə Abbasabad qalasını ələ keçirdi. İrəvan qalasının mühasirəsinin davam etməsinin heç bir nəticə vermədiyini görən Krasovski havalar sərinləşənədək və Tiflisdən göndərilən ağır silahların gəlib yetişməsinədək mühasirəni götürmək və qoşunu Abaranda yerləşən düşərgəyə çəkmək barədə iyunun 22-də əmr verdi.

Hüseynqulu xan bilirdi ki, rus qoşunları müvəqqəti uzaqlaşır və Paskeviçin qoşunu Naxçıvandan qayıtdıqdan sonra yenidən İrəvan qalasına hücum edəcək. Fürsətdən yararlanan Hüseynqulu xan qalanın daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər görmüşdü. Qala ətrafındakı istehkam qurğuları təkmilləşdirilmiş, qaladan tüfəng atəşi məsafəsində olan bütün tikililər məhv edilmiş, qalanın ətrafını daha yaxşı müşahidə etmək üçün torpaq istehkam xeyli ucaldılmış, qala ilə şəhər arasında yerləşən xanın hərəmxanasına məxsus bağın ağacları tamamilə kəsilmişdi ki, ətrafı daha yaxşı müşahidə etmək mümkün olsun. Qalanın divarlarında 52 top yerləşdirilmişdi. Bayır şəhərdən və ətraf bölgələrdən 18 min nəfər köçürülərək qalada yerləşdirilmişdi. Onların bir neçə aylıq ərzaq təminatı məsələsi həll edilmişdi.

Avqustun 4-də Abbas Mirzənin təxminən 30 minlik qoşunu Üçkilsə (Eçmiədzin) ətrafında mövqe tutdu. Vəliəhdin qoşunu ilə Krasovskinin qoşunu avqustun 17-də Əştərəklə Üçkilsə arasında yerləşən Üşəyən (indiki Oşakan) kəndi ətrafında üz-üzə gəlirlər. Rus qoşunları böyük itki verir. General Krasovski kontuziya alsa da xoş təsadüf nəticəsində salamat qalır. Abbas Mirzənin qoşunu döyüşdən sonra Zəngi çayının sahilində düşərgə salır. Rusların məğlubiyyəti xəbərini eşidən Paskeviç bir dəstəni Naxçıvanda qoyub, qoşunla Üçkilsəyə (Eçmiədzinə) qayıdır. Abbas Mirzənin qoşunu Arazın əks tərəfinə çəkilir. Paskeviç İrəvan qalasına hücum etməzdən öncə Sərdarabad qalasını və orada toplanan ərzaq ehtiyatını ələ keçirmək istəyir. Sentyabrın 13-də Paskeviçlə Krasovskinin qoşunları iki qoldan Sərdarabad qalasına hücuma keçirlər. Qala qarnizonunda 2 min döyüşçü və 14 top var idi. Sentyabrın 15-də gecə İrəvan xanının qardaşı Həsən xan da öz dəstəsi ilə hiss edilmədən qalaya daxil olur və onun müdafiəsinə rəhbərlik edir, lakin rusların topları qalanın cənub divarlarını dağıtdıqdan sonra onun müdafiəsi mümkünsüz hala gəlir və sentyabrın 20-ə keçən gecə Həsən xan dəstəsi ilə qaladan çıxaraq İrəvana tərəf üz tutur və qala süqut edir. Paskeviç səhər tezdən qalaya daxil olur. Ruslar qaladan 6 aylıq ərzaq ehtiyatı və misdən tökülmüş 13 top və xeyli miqdarda barıt və sursat ələ keçirirlər.

Erməni tarixçisi V.Parsamyanın yazdığına görə Həsən xanın qalanı tərk etməsindən sonra ermənilər qalanın qapılarını rus qoşunlarının üzünə açmışdılar. Sərdarabad qalasının süqutundan sonra Hüseynqulu xan İrəvan qalasının müdafiəsini döyüşlərdə göstərdiyi igidliyə görə Fətəli şah tərəfindən “Səraslan” (yəni “Aslanlarbaşı”) adına layiq görülən qardaşı Həsən xana həvalə edərək 1200 döyüşçü ilə özü qaladan çıxmış, yeni qüvvələr toplayıb ruslara arxadan zərbə vurmaq məqsədilə Türkiyə sərhədinə çəkilmişdi. Abbas Mirzə qoşununun bir hissəsini Naxçıvan üzərinə yönəltmişdi ki, rus qoşunlarını İrəvan üzərinə hücumdan yayındırsın.

Sentyabrın 23-də Paskeviç İrəvan qalasının iki verstliyinə gəlib Müxənnəttəpə adlanan yüksəklikdə mövqe tutmuşdu. Ertəsi gün qalanın mühasirəsinin cənub-şərq tərəfdən başlanması qərara alındı. Ayın 25-də Müxənnəttəpədən qalaya mərmilər yağdırıldı. Ertəsi gün səhərdən qala bürclərində qoyulan toplardan rusların mövqeləri güclü yaylım atəşinə tutuldu. Rus toplarından atılan mərmilərdən biri qaladakı böyük məscidin minarələrindən birini dəlib keçmiş, digər bir mərmi isə Sərdar sarayına düşmüşdü. Ruslar bütün gecəni səhərədək qalanı toplardan atəşə tutdular. Sentyabrın 27-i bütün gün qalanı 18 top atəşə tutdu. Günün sonunda qalanın müdafiəçiləri istehkamın rusların atdıqları mərmilərdən zədələnmiş yerlərini bərpa etdilər. Ertəsi gün yenə toplar qalanı atəşə tutdular. Ayın 29-da səhər divardağıdan topların güclü atəşindən sonra qalanın şərq qülləsi və ona bitişik divarlar uçdu. Paskeviç Həsən xana 6 saat vaxt verərək qalanı təslim etməyi tələb etmiş, lakin Həsən xan Paskeviçə heç bir cavab verməyərək vaxt udmaq istəmişdi. O gözləyirdi ki, Abbas Mirzənin və qardaşı Hüseynqulu xanın qoşunları ruslara arxadan zərbələr endirəcəklər, bununla da qalanın mühasirəsinə son qoyulacaq, lakin Paskeviç qabaqlayıcı tədbir görərək onların İrəvan qalasına yollarını kəsmişdi.

Sentyabrın 30-da rusların mövqelərinə yeni top batareyaları gətirildi. Qalanın müdafiəçiləri rusların top atəşlərinə fasiləsiz olaraq cavab verirdilər. Ruslar gecə ikən qalanın uçmuş yerlərini genişləndirərək içəri daxil olmaq istəyirlər. Rusların 40 topu bütün gecəni qalanı atəşə tutdu. Həsən xan rusların mühasirəsini yarıb qaladan çıxmaq istəsə də, buna müvəffəq olmadı.

Oktyabrın 1-i səhər tezdən qala əhalisi rusların qalanın divarları boyu qazılmış xəndəklərə doluşduğunu gördü. Ruslar güllə yağışı altında qalanın cənub-qərb qülləsini ələ keçirdilər. Bu zaman rusların başqa bir dəstəsi qalanın şimal darvazası (Şirvan darvazası) önündə mövqe tutdu. Rus toplarının zərbələrindən canlarını qurtarıb qaçmaq istəyən qala əhalisi darvaza önünə toplaşmışdı, lakin darvazanın ağzı içəridən daşla doldurulmuş və torpaqla örtülmüşdü. General Krasovskinin darvazanı açmaq tələbindən bir qədər sonra qapılar sındırıldı və rus qoşunu qalaya daxil oldu. Qalanı işğalından sonra Paskeviç I Nikolaya göndərdiyi raportunda yazırdı ki, imperatorun bayrağı artıq İrəvan qalasının divarlarında dalğalanır, çox məşhur qalanın açarları əlindədir, bütün qarnizon əsir götürülmüşdür, Həsən xan bu dəfə mühasirəni yarıb keçərək qaçmağa müvəffəq olmamışdır, 4 bayraq (bu bayraqlardan ikisi hazırda Azərbaycan Milli Tarix Muzeyində saxlanılır), 37 top, 2 haubitsa (qısalüləli ağır top), 9 mortira (qısalüləli top), 50-yə qədər falkonet (kiçik çaplı top) qənimət kimi ələ keçirilmişdir.

Rusların qalaya daxil olmasından sonra Həsən xan döyüşçüləri ilə birlikdə qaladakı məscidlərdən birinə çəkildi. Məscidə daxil olan general Krasovski ruslara atəş açmamağı əmr etdi. O özü Həsən xanın silahını alaraq onu tərksilah etdi. Həsən xan Krasovskidən qalanı tərk etmək istədiyi vaxt itirdiyi qılıncın tapılıb özünə qaytarılmasını xahiş etdi. Əmir Teymura məxsus olan və sonradan Səfəvi hökmdarlarının sarayını bəzəyən həmin qılıncı Həsən xana döyüşlərdə göstərdiyi igidliklərə görə Fətəli şah bağışlamışdı. Krasovski həmin qılıncı qiymətli hədiyyə müqabilində aldıraraq Həsən xana qaytardı. Lakin qiymətli daş-qaşlarla bəzədilmiş qılıncın dəstəyi qopub itmişdi. Dəstək qızıldan düzəldilərək bərpa edildikdən sonra Həsən xanın istəyi ilə Krasovski həmin qılıncı Şərqin fatehi Əmir Teymurun qüdrətli qılıncı kimi xarakterizə edərək İmperator I Nikolaya hədiyyə olaraq göndərdi.

Təqribən 23 il rus ordusunu lərzəyə salan, ələkeçməz, qəhrəmanlığı ilə adı dillər əzbəri olan görkəmli sərkərdə Həsən xanla rus generalları çox nəzakətli davrandılar. Onun gələcək taleyi haqqında Paskeviç heç bir nəticəyə gələ bilmədi. Ona görə də qərara alınır ki, Həsən xanı I Nikolayın hüzuruna göndərsinlər və son qərarı İmperatorun özü versin. Paskeviçin tapşırığı ilə Həsən xan xüsusi kareta ilə əvvəlcə Tiflisə, oradan isə Peterburqa yola salındı. Rus hərb tarixçisi V.Pottonun yazdığına görə siyasi şərait Həsən xanın Peterburqa çatmasına imkan vermədi, o, Terek çayı üzərindəki Yekaterinoqrad şəhərində ləngidi. Bundan sonra Həsən xanın taleyi haqqında müəllif heç bir məlumat verməmişdir. Digər məlumatlara görə İrəvan xanlığının işğalından sonra imzalanan Türkmənçay (fevral 1828) müqaviləsinin on üçüncü maddəsinə əsasən hər iki tərəfdən olan əsirlər öz ölkələrinə qaytarılmış, o cümlədən Həsən xan da azad edilmişdi. Qovanlı-Qacar sülaləsinə mənsub olan Həsən xan İrana gəlmişdi. 1828-ci ildə Fətəli şah Qacar Həsən xanı Xorasanda baş vermiş iğtişaşları yatırmaq üçün göndərmiş və 1830-cu ilədək oranı idarə etmişdi. Sonra Fətəli şah general Həsən xanı Tehrana çağırmışdı. Həsən xan 1848-ci ildən Yəzd, Kirman və Bəlucistan əyalətlərinin hakimi olmuş, 1856-cı ildə Kirmanda vəfat edərək Nəcəf şəhərində dəfn olunmuşdu.

İrəvan xanı Hüseynqulu xanın aqibəti haqqında isə ziddiyyətli məlumatlar mövcuddur. İ.Şopenin verdiyi məlumata görə taleyin dönüklüyü ilə üzləşən Hüseynqulu xan Qacar 1834-cü ildə kasıbçılıq içində Cənubi Azərbaycanda vəfat etmişdir. Hüseynqulu xanla Fətəli şahı qohumluq əlaqələri də birləşdirirdi. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə və Abbas Mirzə isə Hüseynqulu xanın qızı ilə evlənmişdi. Erməniəsilli Amerika tədqiqatçısı Corc Burnoutyan İran tədqiqatçısı M. Bamdada istinadən məlumat verir ki, xanlığın işğalından sonra da Hüseynqulu xan Fətəli şah tərəfindən müxtəlif vəzifələrə təyin edilmiş və 1831-ci ildə 90 yaşında zəngin adam kimi vəfat etmişdir.

“Alınmaz qala” adlandırılan İrəvan qalası rus döyüşçülərinin fasilələrlə 23 il apardıqları müharibələr nəticəsində işğal olunması ilə Şimali Azərbaycan xanlıqlarının hamısı Rusiya işğalı altına düşdü. İrəvan qalasının alınmasında yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynamışdı. Regionun relyefinə bələd olan ermənilər rus hərbçilərinə bələdçilik edir, qalanın zəif müdafiə olunan yerlərini rus hərbçilərinə nişan verir, casusluq fəaliyyəti göstərirdilər. Tiflisdə təşkil olunmuş erməni könüllü dəstələri rus qoşunlarının tərkibində İrəvan xanının qoşunlarına qarşı vuruşurdular. İrəvan qalasının ələ keçirilməsinin ləngidiyini görən arxiyepiskop Nerses Aştarakesi sentyabrın 27-də və 28-də xanlığın ərazisində yaşayan ermənilərə müraciət etmişdi ki, dərhal rus ordusuna köməyə gəlsinlər. Qalanın içərisində olan ermənilər hər vasitə ilə qalanın süqutuna çalışırdılar. Qalanın təslim edilməsinə çalışan Astvasaturyan soyadlı bir ermənini etdiyi xəyanətinə görə sərdarın əmri ilə topun lüləsinə bağlayaraq atəş açmışdılar ki, digər satqın ermənilərə dərs olsun.

Qaladan kənardakı düşərgəsində olan Paskeviçə İrəvan qalasını alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşləri açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş və çoxlu insan tələf olmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən “Qraf Erivanski” tituluna və II dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra “İrəvan qalasının alınması uğrunda” xüsusi medal da təsis edilmişdi. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə “Müqəddəs Aleksandr Nevski” ordeni ilə təltif edilmişdi. İrəvan qalasının alınması xəbəri Rusiya İmpreratoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı (Həmin qılınc hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılır). Peterburqa qayıtdıqdan sonra İmperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibətilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və 4 bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi.

İrəvan qalasının süqutundan ruhlanan rus qoşunları 1827-ci ilin sonu, 1828-ci ilin əvvəllərində Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya, Səlmas və Ərdəbil şəhərlərini də ələ keçirdilər. 1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üzərindəki Türkmənçay kəndində imzalanan müqavilə ilə İrəvan xanlığının Rusiyaya ilhaq edilməsi rəsmiləşdirildi.

Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı