Orta əsrlərdə Qərbi Azərbaycan

III əsrin birinci yarısında Yaxın Şərq regionunda baş vermiş hadisələr Azərbaycana da ciddi təsir göstərdi. 226-cı ildə Sasan nəslindən olan I Ərdəşir Babəkan Ktesifon şəhərində özünü şahənşah elan edərək Sasanilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Adurbadaqan ölkəsi (tarixi Azərbaycan torpaqlarının cənub hissəsi) və İskit-Sak türk boylarının yaşadığı bir sıra ərazilər işğal edilmişdir. Qeyd edilməlidir ki, I Ərdəşirin və oğlu I Şapurun hakimiyyəti dövrlərində pəhləvi mənbələrində türk boylarının ölkəsi şərq istiqamətində – Belucistana qədər uzanmış və “Tūrān” adlanmışdır. Bu dövrdə yerli türk boyları tərəfindən Azərbaycanın böyük bir hissəsində qədim dövlətçilik ənənələri davam etdirilmişdir. Azərbaycanın şimalında Albaniya dövlətində və Sak ölkəsində əhalinin əsas hissəsi yerli türk boyları idi. Azərbaycanın tarixi-coğrafiyasının tərkib hissəsi olan ərazilərin adları I Şapurun Kəbeyi-Zərdüşt üçdilli kitabəsində “Āδurbāyagān” (Ἀτροπατηνή), “Sagān”, “Arrān” (Ἀλβανίαν), “Balāsagān” şəklində göstərilmişdir. Qeyd edilməlidir ki, Alban ölkəsinin adı I Şapurun Kəbeyi-Zərdüşt kitabəsinin arameycə mətnində “Ardān”, yunanca mətnində “Albania”, pəhləvicə mətnində isə “Arrān” kimi çəkilir. “Sagān” (=Segān) ölkəsinin adı bu kitabənin yalnız yunanca olan mətnində “Μαχελονίαν” (Maxeloniya) kimi çəkilir.

III əsrdə arami və pəhləvi mətnlərində bəhs edilən Sakan ölkəsi Azərbaycanın qərb torpaqlarını, yəni indiki Ermənistan Respublikasının ərazisini əhatə etmişdir. Bu ölkənin mənbələrdə Sakan, yəni Sak ölkəsi adlandırılması əslində onun yerli əhalisinin İskit-Sak türk boyları olduğunu bir daha təsdiq edir. Sonradan ermənilər Sak ölkəsinin cənub hissəsinin adını Sünik və ya Sisakan kimi təhrif etmişlər. Sakasenanın əhalisi yaylaq və qışlaq maldarlığı ilə məşğul olan İskit-Sak türk boyları idi. Sakasenanın tərkibinə şərqdə Qarabağ düzünə (Mil), qərbdə Şərqi Anadoluya, şimalda Göyçə gölü hövzəsinə, cənubda isə Araz çayına qədər uzanan torpaqlar daxil idi. Antik mənbələrdə Sakasena kimi tanınmış bu ərazinin adı III əsrdən etibarən pəhləvi mətnlərində Sakan, yəni Sak yurdu kimi çəkilmişdir. İrəvan, Göyçə gölü ətrafı, Zəngəzur və Dərələyəzdə eramızın ilk əsrlərinə aid qəbir abidələrindən aşkar edilmiş kəllə sümükləri antropoloji göstəricilərinə görə həmin ərazilərdə daha qədim zamanlarda yaşamış əhalinin varislərinə aiddir.

İrəvanətrafı ərazilərdə yaşayan İskit-Sak türklərinin qədim inanc sistemi tanrıçılıq olmuşdur. Təsadüfi deyil ki, burada ilk xristian məbədləri də məhz yerli əhalinin qədim dini ibadətgahları üzərində inşa edilmişdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, ermənilər III-IV əsrlərdə hələ də bütpərəstlik dövrünün mürtəce qalıqlarını qoruyub saxlamışdılar. Eramızın ilk əsrlərində xristianlığın yayıldığı erkən mərhələdə ermənilər nəinki bu dini qəbul etmiş, hətta xristian din xadimlərinə qarşı terror əməlləri həyata keçirmişlər.

İrəvanətrafı ərazilərdə yaşayan yerli türk boylarının bir qismi xristianlığı qəbul etdikdən sonra burada çox sayda məbədlər inşa etmişdir. Qeyd edək ki, Azərbaycan türklərinin qədim daş yaddaşı olan azman oğuz və qıpçaq qəbirlərinin çox hissəsi sonradan erməni vandalları tərəfindən dağıdılmış, təhrif edilmiş, qalanları isə müxtəlif tikinti işlərində istifadə edilmişdir. Göyçə gölünün şərqində Cil kəndi yaxınlığında erkən orta əsrlər dövrünə aid alban-qıpçaq kilsəsinin yazılı daşları ermənilər tərəfindən məhv edilmişdir. Göyçə gölünün şərqində erkən orta əsrlər dövrünə aid Nərədüz kəndi yaxınlığında böyük türk məzarlığı da hazırda bərbad vəziyyətdədir. Burada qıpçaq türk xristian boylarına aid xaç daşları ilə yanaşı, oğuz boylarının qədim tarixini sübut edən xeyli sayda xatirə daşları vardır. Nərədüz məzarlarının ən qədim abidələri V əsrə aiddir. İrəvan və onun ətrafındakı yaylaqlarda, Şörəyel düzündə, Göyçə gölü hövzəsində xatirə daşları üzərində olan at, yaylağa köç, xalça toxuyan qadın təsvirləri bu insanların həm həyat tərzini, həm də onların etnik kimliyini müəyyən etməyə imkan verir.

Erkən orta əsrlərdə Alban dövləti bölgəyə yeni gələn hun boylarının dəstəyi ilə öz hərbi qüdrətini artıra bilmişdir. 359-cu ildə Alban hökmdarı Urnayr Amid qalası (Diyarbəkir) yaxınlığında romalılara qarşı baş vermiş döyüşdə Sasani şahı II Şapurla və Ağ Hun xaqanı Qrumbatla birgə çıxış edirdi: “Ibi morati integrum biduum, cum sol tertius adfulsisset, cernebamus terrarum omnes ambitus subiectos, quos ὁρίζοντας appellamus, agminibus oppletos innumeris et antegressum regem vestis claritudine rutilantem. Quem iuxta laevus incedebat Grumbates Chionitarum rex novus aetate quidem media rugosisque membris sed mente quadam grandifica multisque victoriarum insignibus nobilis; dextra rex Albanorum pari loco atque honore sublimis; post duces varii auctoritate et potestatibus eminentes, quos ordinum omnium multitudo sequebatur ex vicinarum gentium roboribus lecta, ad tolerandam rerum asperitatem diuturnis casibus erudita” (“Orada iki gün qaldıq və üçüncü gün dan yeri söküləndə əhatəmizdəki torpaqlarda (ὁρίζοντας adlandırdığımız üfüqdə) öndə gələn və əynində parlaq geyimi olan padşahın saysız-hesabsız ordusunu gördük. Solda onunla birlikdə qüvvətli insan olan və bir çox qələbələri ilə tanınan Hun xaqanı Qrumbat irəliləyirdi. Sağda isə rütbəcə bərabər olan və yüksək ad-sana malik olan Alban hökmdarı vardı. Onlardan sonra müxtəlif qonşu xalqların nüfuzu və rütbələri ilə tanınan rəhbərləri böyük qüvvələri ilə gəldilər”).

Tarixdən məlumdur ki, II Şapur bu hadisədən xeyli əvvəl hunlara məğlub olaraq onlarla müqavilə bağlamış və ittifaqa girmişdir. Alban hökmdarı Urnayr xristianlığı öz dövlətinin rəsmi dini elan etmişdir. Ermənilər isə xristian din xadimlərinə qarşı terror əməlləri ilə tanınırdılar. IV-VI əsrlərdə Azərbaycanın qərb torpaqlarının böyük bir hissəsi Alban dövlətinin tərkibində idi. Alban tarixi-coğrafiyasının bütövlüyünü erməni katolikosu II İovannesin (557-574-cü illər) Alban katolikosu Abbasa (551-595) göndərdiyi məktub bir daha təsdiq edir. Bu məktub Böyük Koqman (Kuman=Qıpçaq), Amaras, Girdiman, Balasakan (Beyləqan), Şəki və Bahalat vilayətlərinin nəinki Alban ölkəsinin daxili əraziləri olduğunu göstərir, hətta bunun ermənilər tərəfindən rəsmən tanındığını sübut edir.

Azərbaycanın qərbində Alban dini abidələrinin həm memarlıq üslubu, həm də epiqrafik mətnləri ciddi dağıntılara məruz qalmışdır. Qeyd edək ki, Azərbaycanın qərbində (indiki Ermənistan) erməni vandalizminin başlıca hədəfi yerli türk boylarına aid olan tarixi və mədəni abidələri məhv etmək olmuşdur. Burada Qıpçaq boylarının adına “arçi”, “arçu” (aruç), “hartes” və “harteş” şəklində bir sıra yer-yurd adlarında, tarixi və mədəni abidələrin adlarında rast gəlmək olar. Əsasən, Hamamlı (Əştərək) və Şörəyel mahallarında Qıpçaq kilsələri erkən orta əsrlər dövründən başlayaraq geniş yayılmışdı. Şörəyeldə əsrlər boyu “Kpçakavəng” (Qıpçaq kilsəsi) adı ilə tanınan monastır ermənilər tərəfindən “Ariçavəng” adlandırılmışdır. Bu söz türkcə “qardaş” sözünün ermənicə “xartiç/artiç” şəklində tələffüzündən qaynaqlanır. Hamamlı (Əştərək) mahalında da Aruç kilsəsinin adı məhz Qıpçaq boyunun adı ilə izah olunur.

Azərbaycanın qərb sərhədində yerləşən Hamamlı (Əştərək) mahalında qədim kilsələrin əksəriyyəti qıpçaq əsilli xristian din xadimləri tərəfindən inşa edilmişdir. Burada Qazax bazilikası kimi tanınan Alban-Qıpçaq məbədi qədim zamanlardan Qıpçaq boylarının bir qolu olan Qazax tayfasının yaşadığını sübut edir. Hamamlının (Əştərək) başlıca xristian dini abidələri içərisində IV əsrdə inşa edilmiş Müqəddəs Xaç kilsəsi, VII-XIII əsrlərə aid Əştərək abidələri (Əştərək kəndi), VII əsrdə Manas və Qriqori adlı qıpçaq keşişləri tərəfindən inşa edilən Karmvravor kilsəsi, VII əsrə aid Aruç kilsəsi, Ovanavəng kəndində V əsrə aid kilsə, Abaran şəhərində V əsrə aid Qazax bazilikası, Aşnak kəndində V əsrə aid kilsəni qeyd etmək olar. Bu abidələrin əksəriyyətində sonradan bərpa işləri adı ilə erməni xaç daşları yerləşdirilmiş və yazıları silinmişdir. Cənubi Qafqazın erkən xristian abidələrini tədqiq etmiş A.L.Yakobson qeyd edir ki, “Qafqaz Albaniyasının monumental erkən orta əsr memarlığı Ermənistan ərazisində üstün mövqeyə malik olmuşdur”. Abaran şəhərində olan Müqəddəs Xaç kilsəsi 1877-ci ildə bərpa bəhanəsi ilə ciddi dəyişikliyə məruz qalaraq, kitabəsi dağıdılmışdır. Hamamlı (Əştərək) mahalının yaylaqlarında türk boylarına aid xeyli sayda at heykəlləri vardır. Qərbi Azərbaycanın Göyçə mahalının qədim mənbələrdə rast gəlinən adlarından biri olan “Gegarkuni” hidronimi qədim türkcədə “Gögarku” (Göy arx) sözü ilə izah oluna bilər. Mənası “Göy arx, çuxur” deməkdir. Göyçə ərazisində alban-qıpçaq məbədləri içərisində IX-X əsrlərə aid Qızılvəng (Qızılvəng kəndi), Qamışlı (Qamışlı/Qanlı/Qanlı Allahverdi kəndi), Daşkənd (Daşkənd kəndi), Kiçik Məzrə (Bala Mərzə kəndi), Əyrivəng (Əyrivəng kəndi), Xudavəng (Yuxarı Adıyaman kəndi) və Şoqakavəng (Çoraqyuq kəndi) kilsələrini qeyd etmək olar.

Zəngibasar ərazisində tarixi və mədəni abidələrin üzərində olan qıpçaq xaç daşları məhv edilmiş və kitabələri dağıdılmışdır. Erməni Qriqorian kilsəsinin saxtakarlıqları burada digər yerlərə nisbətən özünü daha açıq-aydın büruzə verməkdədir. Zəngibasarın alban-qıpçaq xristian abidələri içərisində VII əsrə aid kilsəni (Şahab kəndi), X-XIII əsrlərə aid Avucdar monastırını, X-XIII əsrlərə aid kilsə və qalanı (Ursazor kəndi), XIII əsrdə inşa edilmiş Ağca monastırını (Gilanlar kəndi yaxınlığı) xüsusilə qeyd etmək olar. Sərdarabad mahalında dağıdılmış Alban dini abidələri içərisində xüsusilə V əsrə aid bazilikanı və VII əsrə aid Mavi Mələklər məbədini qeyd etmək olar. Qərbi Azərbaycanın bir çox yerində olduğu kimi Sərdərabad ərazisində də “erməni dini məbədləri” kimi qələmə verilən xritianlığaqədərki dini ibadətgahlar Alban əhalisinin dini dünyagörüşünü əks etdirir. Erməni əsilli tarixçi N.Adons albanların hərbi, dini, siyasi həyatı ilə bağlı geniş məlumata malik olmadığını yazır. Zəngəzurun da xristian abidələrinin ermənilərə aid olması haqqında heç bir ciddi yazılı mənbədə məlumata rast gəlinmir. Ermənilər bu abidələrin bir hissəsinin üzərində ciddi dəyişikliklər edərək Qriqoryan kilsələrinə çevirmiş, qalanlarını isə tamamilə dağıtmışlar. Erməni vandalizmi nəticəsində dağıdılmış vəziyyətdə olan bu cür xristian məbədlərindən biri Qızıl kilsə məbədidir. Bu məbədin ermənilərin dilində geniş yayılmış “Tanaat” adı isə xristian dini ehkamlarına uyğun olaraq qıpçaq türklərinin dilində “Tanrı Ata” sözündən qaynaqlanır.

Qızıl kilsə məbədinin inşa edilməsi tarixi ilə bağlı yalnız XIII əsrdə yaşamış Stefan Orbelianı özünün “Sünik tarixi” adlı kitabında məlumat vermişdir. Məlum olduğu kimi Alban hökmdarı III Mömin Vaçaqan xristianlığı təbliğ etmək məqsədilə geniş inşaat tədbirləri həyata keçirmişdir. “Alban tarixi”ndə onun ildə olan günlərin sayı qədər çoxlu kilsə tikdirməsi” haqqında məlumat verilir. Comərdli və Ərəfsə kəndləri yaxınlığında yerli türk əhalisinin “Qırmızı kilsə” adlandırdığı və ziyarət etdiyi bu Alban məbədinin hazırda yalnız xarabalıqları qalıb. Abidə ermənilər tərəfindən iki dəfə ciddi dağıntıya məruz qalmışdır. Əvvəlcə 1918-ci ilin iyulunda daşnak Andranikin öz quldur dəstəsi ilə bu kənddə törətdiyi kütləvi qırğınlar nəticəsində yerli əhalinin inanc yerlərindən biri olduğu üçün dağıdılıb xaraba vəziyyətə qalmışdır. Bu qanlı hadisə tariximizə Comardlı soyqırımı kimi həkk edilmişdir. 1975-ci ildə ermənilər məbədin divarlarını dağıdaraq, Urartu hökmdarı II Argiştinin mixi yazılı kitabəsini qopararaq İrəvan muzeyinə aparmışlar. Bu işdə erməniəsilli urartuşünas N.Arutyunyanın xüsusi “xidmətləri”ni qeyd etmək lazımdır. Onun kimi digər erməni alimlərinin də Urartu abidələrini qədim erməni mədəniyyət nümunələri kimi təqdim etməsi ciddi elmi dəyər kəsb etməyib yalnız şovinist meyillərin qızışmasına xidmət etmişdir. Ciddi elmi araşdırmalar isə bəhs edilən yazılı mənbənin ermənilərlə heç bir əlaqəsi olmayan yadelli bir hökmdarın bölgəyə hücumu haqqında məlumat verən kitabə olduğunu sübut edir. Qeyd edək ki, Urartu dilinin erməni dili ilə qohumluğunun və ya hansısa səviyyədə varislik əlaqəsinin olmadığı ciddi linqvistik tədqiqatlar nəticəsində sübuta yetirilmişdir. Nə Qızıl kilsə alban məbədinin, nə də orada olan Urartu kitabəsinin ermənilərə heç bir aidiyyatı yoxdur. Qızıl kilsə məbədində aşkar edilmiş kitabənin mətnindən məlum olur ki, bu yazılı mənbə Urartu hökmdarı II Argişitinin (e.ə. 714-680-ci illər) KURṣu-lu-qu-ú ölkəsinə (Sünik/Zəngəzur) hücumundan bəhs edir.

VII əsrin əvvəllərində Cənubi Qafqaz, Yaxın və Orta Şərq regionunda Sasanilər və Şərqi Roma imperiyası (Bizans) arasında hegemonluq uğrunda şiddətli mübarizə gedirdi. Bu mübarizədə döyüşlərin taleyini bir çox hallarda tərəflərin döyüşə cəlb etdiyi müttəfiqlərin qüdrəti həll edirdi. Nəticədə mübarizəyə qoşulan müttəfiqlər özləri də regionda söz sahibinə çevrilir, Sasanilər və Şərqi Roma (Bizans) onlara bölgədə güzəştə getmək məcburiyyətində qalırdılar. Qeyd edilən dövrdə regionun ən qaynar nöqtələrindən biri İrəvan və ətraf bölgələri idi. Mənbələrdə bu ərazilər müxtəlif cür qeyd edilmişdir. Ərəb mənbələrində, əsasən, İrəvan və ətraf bölgələrinə Dəbil (və ya Duvin) və Sisəcan, xristian mənbələrində isə Dvin və Sünik/Sisakan adlandırılan əraziləri daxil etmək olar.

602-629-cu il döyüşlərində bölgə Sasani-Bizans arasında döyüş bölgəsinə çevrilir. Döyüşlərin ilk mərhələsində Sasani hökmdarı II Xosrov (591–628) üstün vəziyyətə keçmiş, hətta Konstantinopolu mühasirə etməyə də nail olmuşdur. Şübhəsiz ki, bu döyüşlərdə İrəvan və ətrafı mühüm mövqeyə malik idi. 623-cü ildə II İrakli Dəbil və ətrafını ələ keçirsə də, buralarda möhkəmlənə bilməmişdir. Lakin Göytürk dövləti ilə ittifaq qurmağa nail olan Bizans imperatoru II İrakli (610–641) Sasanilərlə mübarizədə üstün vəziyyətə keçməyə bacarmışdı. 625/26-cı ildə İraklinin Cebu (Yabqu) xaqanla imzaladığı sülh sazişinə əsasən türk qoşunları 627-ci ildə Albaniyaya daxil olmuşdur. Tiflis və ətrafı II İrakli və Cebunun birləşmiş qoşunları tərəfindən ilk hücumda tutulmasa da, sonradan Cebu xaqan II yürüşdə Tiflisi, İrəvan və ətrafını, Albaniyanın hamısını ələ keçirmişdir. Bu zaman Cebu xaqanın oğlu Şadla katolikos Viro arasında imzalanan sülh müqaviləsinə əsasən Albaniya Göytürk imperiyasının hüdudlarına daxil edilmişdir.

VII əsrin 30-cu illərində Yaxın və Orta Şərqdə yaranmış yeni bir qüvvə – Xilafət bölgədəki bütün qüvvələr tarazlığını alt-üst etdi. Sasanilər və Bizans bir-birləri ilə apardıqları müharibələr nəticəsində həddindən artıq zəifləmişdilər. Xüsusilə də Sasanilər bu qüvvənin qarşısında çox da uzun müddət davam gətirə bilməmişdir. Beləliklə, bu mübarizə nəticəsində Sasani dövləti tamamən mövcudiyyətini itirmiş, Bizans isə cənub və şərq vilayətlərindən məhrum olmuşdu.

Xilafətin İrəvanətrafı tarixi ərazilərə ilk yürüşləri kəşfiyyat xarakterli olmuşdur. İyad bin Ğanəmin 640/641-ci ildəki hücumunda Dəbil və ətrafındakı xristian qoşunları məğlub edilmiş, bu qələbədən sonra Xilafət qoşunları mövqelərinə geri dönmüşdür.

Dəbil Xilafətin idarəçiliyinə Həbib ibn Məsləmənin yürüşləri nəticəsində, Xəlifə Osmanın (644–656) hakimiyyət illərində sülh yolu ilə keçmişdir. Bəlazurinin məlumatına görə Həbib müəyyən vergi ödəmələri, müsəlmanlara mehriban davranmaları, düşmənə qarşı onlara yardım etmələri şərti ilə onlarla əhdnamə imzalamışdı. Əhalinin canı, malı, kilsələr, monastırlar, şəhərlər, qalalar bu əhdnamə ilə əmniyyət altına alınmışdı. Eyni şərtlərlə Naxçıvan əhalisi də sülh yolu ilə Həbibə tabe olmuş, Sisəcan əhalisi isə əvvəlcə Həbibə qarşı mübarizə aparmış, məğlub olduqdan sonra bənzər şərtlərlə sülh müqaviləsini imzalamışdılar.

Xilafətin hakimiyyəti dövründə bölgəni Xuzeymə ibn Hazim, Yezid ibn Məzyəd, Məhəmməd ibn Yezid əş-Şeybani kimi məşhur sərkərdələr vali kimi idarə etmişdir. Onlardan Xuzeymə ilk dəfə vergi almaq məqsədi ilə Naxçıvan və Dəbil arasındakı torpaqları ölçdürmüşdü. Qeyd etmək lazımdır ki, Yezid ibn Məzyəd və Məhəmməd ibn Yezid əş-Şeybani Azərbaycan dövlətçilik tarixində böyük iz buraxmış və Şirvanşahlar dövlətinin idarəçilər sülaləsi olan Məzyədilərin nümayəndələri olmuşlar.

Xilafət idarəçiliyi dövründə Dəbil və ətrafı Şirak (Şörəyel), Naxçıvanla birgə eyni inzibati vahiddə birləşdirilirdi. Ərəb mənbələrində Sisəcan (Sünik) bölgəsi bir çox hallarda Arran bölgəsinin tərkib hissəsi kimi göstərilir. Bəlazuri ərəblərə qədər bu torpaqların xəzər türklərinə aid olduğunu bildirmişdir. Yaqubi isə ərəblərə qədər xəzərlərin Cənubi Qafqazda hökmranlıq etdiklərini, Arran, Gürcüstan, Busfurracan və Sisəcanda onların Yezid Balaş adlı xəlifəsi – canişini olduğunu qeyd etmişdir.

IX əsrin əvvəllərində İrəvan və ətraf bölgələri ərəb zülmünə qarşı Babəkin azadlıq mübarizəsində yaxından iştirak edirdilər. Buradakı alban zadəgan ailələri, xüsusilə alban mehranilər sülaləsindən olan Sünik hakimi Səhl ibn Sunbat onun yaxın müttəfiqinə çevrilmişlər. Sonralar öz ictimai mövqeyini qorumaq naminə Səhl ibn Sunbat Babəklə yollarını ayırmaq qərarına gəlmişdir. Sonrakı dövrdə Səhl ibn Sunbat Babəki həbs edərək ərəblərə təhvil verir və bunun müqabilində bir müddətlik Cənubi Qafqazın idarəçisi (mənbədə ali hakimiyyət) olmuşdur.

Babək hərəkatı Abbasi xilafətinin bölgədəki hakimiyyətini zəiflətmiş və Azərbaycanda dövlətçilik ənənələrini yenidən bərpa etmişdir. Məhz bunun nəticəsi idi ki, IX əsrdən etibarən Sacoğulları, Şirvanşahlar, Salarilər, Şəddadilər, Rəvvadilər kimi sülalələr bəzən bütövlükdə Azərbaycanı, bəzən də Azərbaycanın müəyyən bölgələrini idarə etməyə başlamışlar.

Təbəridən məlum olur ki, 893-cü ildə İrəvan yaxınlığında – Dəbildə böyük bir zəlzələ baş vermiş, bu zəlzələdə şəhərin əhalisinin xeyli hissəsi həlak olmuşdu.

Bu dövlətlərdən Sacoğulları qonşuluqda olan xristian hakimlərinin işğalçı yürüşlərinə qarşı uğurla mübarizə aparmış, onların qəsbkar siyasətini darmadağın etmişdir. Hökmdar Yusif ibn Əbu Sac (901–928) o dövrdə Dəbili işğal etmiş Sumbatı (890–914) mərkəzi hakimiyyətə tabe etmək barəsində xəbərdar etsə də, təsiri olmamışdı. Nəhayət, 908-ci ildə Yusif Niğ nahiyəsində Sumbatı məğlub etmiş, oğlu Muşeqi Dvinə apararaq zəhərləyib öldürmüşdür. 915-ci ildə isə Sumbatın özünü Dəbildə dar ağacından asaraq edam etmişdir.

Hətta bu dövrdən sonra da Sacoğullarının qərb sərhədlərində xristian feodallar təhlükə yaradır, Bizans dövlətini yardıma çağıraraq müstəqil olmağa çalışır, asılı vəziyyətdən qurtulmaq istəyirdilər. Belə cəhdlərdən birində Sacoğlu hökmdarı Müflih 931-ci ildə Bizans qüvvələrini Xilat yaxınlığında darmadağın edərək Azərbaycanın qərb sərhədlərinin təhlükəsizliyini bərpa etmişdir.

Sacilər dövlətinin süquta uğramasından sonra İrəvan və ətraf bölgələr 951-ci ildən etibarən Şəddadilərin hakimiyyətinə keçmişdir. Salari Mərzban ibn Məhəmmədin (941–957) əsarəti dönəmində Dəbil əhalisi xristianlara və ətrafdakı dinsizlərə qarşı mübarizə aparmaq üçün Məhəmməd ibn Şəddadı şəhərə dəvət etmiş, şəhərin müdafiəsini ona tapşırmışdılar. Məhəmməd xristianlar üzərində qazandığı qələbələrə görə qısa zamanda məşhurlaşmış, Dəbil ətrafında Tell-Fəzli adlanan yeni bir qala da inşa etmişdir. Lakin sonralar Salarilər burada hakimiyyətini bərpa edəndə Şəddadilər Dəbili tərk etməyə məcbur olmuşdular.

971-ci ildə Şəddadilər Gəncəyə dəvət edilmiş, burada möhkəmlənərək ətraf bölgələri tabe etməyə nail olmuşdular. I Fəzlin (985–1031) hakimiyyət illərində İrəvan və ətrafı, eyni zamanda Şəddadilərin ata mülkü olan Dəbil şəhəri yenidən Şəddadilərin hakimiyyəti altına daxil edilmişdir. Dəbil mərkəz olmaqla İrəvan və ətrafını Əbuləsvar Şavur Şəddadi taxtında hakimiyyətə gələnə qədər yarımmüstəqil şəkildə idarə etdiyi təxmin edilir (1022–1049). Bu idarəçiliyi dövründə o bölgəni qərbdəki xristian feodalların qəsbkar siyasətindən uğurla müdafiə etmişdir. Şəddadilərdəki bu ikihakimiyyətlilik Şavurun əsas taxtı ələ keçirməsindən sonra da davam etmişdir. Belə ki, Şavur Gəncədə taxta keçdikdən sonra Dəbilin idarəsini 1053/54-cü ildə oğlu Abanəsr İskəndərə tapşırmışdır.

XI əsrdən etibarən Azərbaycana Səlcuqlu oğuzlarının yürüşü başlamışdır. Səlcuqlu oğuzlarının bölgəyə gəlməsini Azərbaycan əhalisi böyük məmnuniyyətlə qarşılamışdır. Onlar üçün oğuzlar hər şeydən əvvəl bölgəni dayanmadan təhdid edən Bizans və əlaltılarına qarşı etibarlı müttəfiq idi. Məhz buna görə də Azərbaycan hakimləri Səlcuqlu sultanı Toğrulun adına xütbə oxutdurmuşdular. Şavurun İrəvan və ətrafında uzun müddət hökmranlıq etməsi, Bizans və əlaltılarına qarşı mübarizəsi Səlcuqlu sultanı Alp Arslanın diqqətindən qaçmamışdı. Məhz buna görə idi ki, Alparslan 1065-ci il Rum (Bizans) üzərinə yürüşündə tutduğu əraziləri Əbuləsvar Şavurun idarəsinə vermiş, ona etibar etmişdir.

Bu dövrdən etibarən Atabəylər dövləti qurulana qədər İrəvan və ətrafı 1130-cu ilə kimi Şəddadilərin nəzarəti altında qalmışdır. Sonradan bölgəyə oğuz əmirləri rəhbərlik etməyə başlamışdır. 1177-ci il üçün bölgənin Əmir Qaracanın hakimiyyəti altında olduğu məlum olur. O öz torpaqlarını Atabəy hökmdarı Qızıl Arslanın (1186-1191) rəhbərliyində idarə etmiş, bölgədəki narazılıqları yatırtmışdır. Əmir Qaraca sonradan müsəlman əmiri ilə döyüşdə məğlub olmuş və öldürülmüşdür. Bundan istifadə edən xristian feodallar 1182-ci ildə Dəbilə hücum edərək müsəlman əhali arasında qətliam törətmişdilər. Bu qətliam nəticəsində Dəbil şəhərinin hakimi Əlişir öz oğlu və həyat yoldaşını da itirmişdir.

Dəbil üzərinə edilən xain yürüşlərə baxmayaraq, Atabəylər dövləti tez bir zamanda İrəvan və ətrafına nəzarəti bərpa edə bilmişdir. Lakin Atabəy Qızıl Arslanın vəfatından etibarən dövlət daxilindəki çəkişmələr mərkəzi hakimiyyəti zəiflətmişdir. Nəticədə İrəvan və ətrafı 1203-cü ildə Abxaz-Kartli sərkərdələri olan Mxarqrdzeli qardaşlarının hakimiyyəti altına keçmişdir. 1225-ci ildə Xarəzmşah Cəlaləddin bölgəni işğal qüvvələrindən xilas etmiş, lakin bölgədə yaranan yeni güc – monqollar onun da burada hakimiyyətini uzunmüddətli olmasına izn verməmişdir.

XIII əsrin ortalarında Elxanilər dövlətinin yaranması ilə Azərbaycanın  İrəvanətrafı əraziləri bu dövlətin tərkibində qalmışdır. Bəhs olunan dövrdə Azərbaycan adıçəkilən dövlətin mərkəzi vilayəti kimi geniş ərazini əhatə edirdi. İrəvanətrafı ərazilər inzibati cəhətdən Naxçıvan tüməninə daxil idi. Dövrün qaynaqlarının təsdiq etdiyinə görə Naxçıvan tüməni Azərbaycan mahalının (burada Cənubi Azərbaycan nəzərdə tutulur) doqquz tümənindən biri olmuşdur. Onun şərq sərhədləri Qapandan başlamış qərbdə Sürməliyə qədər uzanmışdır. Həmdullah Qəzvininin verdiyi məlumata görə Naxçıvan tüməni geniş ərazini əhatə edirdi. Qərbdə Ərmən vilayəti ilə sərhədlənən bu tümən Makudan Qafan dağlarına qədər olan geniş ərazini əhatə etmişdir. Əslində, Naxçıvan tüməni Arazın hər iki sahilindəki əraziləri birləşdirmiş, qərbdə Dəbil (Dvin) şəhəri də bu tümənin tərkibinə daxil olmuşdur. Ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi yazır: Dvin “Arran vilayətində, Azərbaycanın uzaq hüdudlarında” yerləşir.

V.Z.Piriyev XIV əsr müəllifi Əbu Bəkr əl Qütbi əl-Əhərinin verdiyi məlumata əsaslanaraq yazır ki, 1338-ci ildə Şərur və Dəbil əraziləri Əkəncinin oğlu Nacıbəy tərəfindən idarə olunmuşdur. Qərbdə Sürməliyə qədər olan ərazilər Naxçıvan tüməninə daxil olduğuna görə  İrəvanətrafı ərazilər də həm Elxanilər, eləcə də Cəlairilər dövründə Naxçıvan tüməninin tərkibində olmuşdur.

XIV əsrin son rübündə Azərbaycanın qərb bölgəsində Naxçıvan, Sürməli və Xoy bölgəsində Qaraqoyunlu tayfa birliyi yüksəlməyə başlayır. Qaraqoyunlu tayfa birliyinə daxil 13 tayfadan biri də Sədli tayfası olmuşdur. Qaraqoyunlu tayfa birliyində Sədli tayfasının böyük rolu var idi. Bu tayfa öz adını XIV əsrdə Səəd adlı bəyin adından almışdır. Hafiz Əbru Naxçıvanda və Sürməli bölgəsində qədim dövrlərdən Qaraqoyunluların əsas tayfalarından olan Sədli tayfasının yaşadığını qeyd etmişlər. Foma Metsopski də XIV əsrin sonunda Səəd adlı igid türkman bəyi haqqında məlumat vermişdir. Hafiz Əbrunun və Dövlətşah Səmərqəndinin verdiyi məlumata görə sədlilər Qaraqoyunlu hökmdarları ilə əmiuşağı olmuşdular. Buna görə də Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasında və möhkəmlənməsində bu tayfadan çıxmış əmirlər mühüm rol oynamışdılar.

XIV əsrin sonu – XV əsrin başlanğıcında sədlilərin qədim yurdu olan Naxçıvan və Sürməli bölgəsi Əmir Səəd başda olmaqla sədlilərin hakimiyyəti altında olmuşdur. Məhz buna görə də sədlilərın yaşadığı ərazi Çuxursəəd kimi tanınmışdır. Çuxursəəd vilayətinin adı ilə bağlı elmi fikirlərin hamısı həmin bölgənin adının qədim Azərbaycan türk tayfalarının adından götürüldüyünü təsdiqləyir. Bu, inkarolunmaz tarixi faktdır ki, Azərbaycan tayfalarından biri olan sədlilər Qaraqoyunlu tayfa birliyinə daxil idi. Dövrə aid mənbədə Əmir Teymurun yürüşlərindən bəhs olunarkən Əmir Səədin Çuxursəəd hakimi olduğu qeyd olunur.

1411-ci ildə dünyasını dəyişmiş Sədli hakimi Əmir Səəd İrəvan yaxınlığında dəfn olunmuşdur. Əmir Səədin ölümündən sonra Çuxursəəd vilayətinin hakimi onun oğlu Pir Hüseyn olmuşdur. Oğlu Pir Hüseyn 1413-cü il oktyabrın 11-də atasının qəbri üzərində məqbərə ucaltmış və ərəbcə mətn yazdırmışdır. Pir Hüseynin dövründə sədlilərin inzibati mərkəzi İrəvan olmuşdur. L.Bretanitski Əmir Səəd məqbərəsini Möminə-xatun məqbərəsinin kərpic memarlığı formasından daş memarlığa “keçidin” özünəməxsus forması adlandırmışdır.

Məqbərənin ərəb dilində olan kitabəsindəki yazının birinci hissəsi rəhmli Allahın adı ilə və bir çox sərdabələrdə rast gəlinən “Quran-i Kərim”in əl-Bəqərə surəsinin 255-ci ayəsi ilə başlayır. Sonra isə Azərbaycan Qaraqoyunlu dövlətinin bir sıra tarixi şəxsiyyətlərinin adları çəkilir. Kitabədə yazılır: “Bu müqәddәs qübbәli sәrdabә әn böyük, әn gözәl, әn nәcib, xoş xasiyyәtli padşahların vә sultanların dayağı, fәqirlәrin, sәfillәrin arxası, aqillәrin vә biliklәr üçün susamışların himayәçisi, yoxsullara vә iztirab çәkәnlәrә әl tutan, dövlәtinә eşq olmuş Әmir Sәədin oğlu Pir Hüseynin buyruğu ilә ucaldılmışdır. Qoy onun әdalәtli, idarә üsulu var olsun. Qoy mәrhәmәtli, mәrhum, mәrhәmәtlilәrin ağuşuna atılmış Әmir Sәədin torpağı pak olsun. Qoy Allah böyük padşahın hökmranlıqı dövründә, alicәnab xaqan, Şәrqin vә Qәrbin şahlar şahı, dövlәtin vә dinin dayağı Pir Budaq xan vә Yusif noyanın hakimiyyәtini әbәdi etsin, – 816 hicri, rәcәb ayının 15-i”. Bu tarix miladi təqvimi ilə 11 oktyabr 1413-cü ilə təsadüf edir.

Çuxursəədin tarixi Azərbaycan torpağı olduğunu erməni mənbələri də təsdiq edir. Erməni mənbələri buranı “Sahata pos” – “Səhədin çuxuru”, yaxud da “Yerkin Sahar” – “Səhədin ölkəsi” adlandırırlar.

Çuxursəəd toponimi rəsmi sənədlərdə ilk dəfə 1428-ci ildə Üçkilsə kəndinə sahibliklə bağlı ərəbdilli sənəddə xatırlanır. 1428-ci il 18 noyabr tarixli həmin alqı-satqı sənədindən görünür ki, qeyd olunan kəndi Pir Hüseyn Sədlinin qızı Mülük Xatunun adından Şeyx Məhəmməd ibn-Dehxuda adlı şəxs yepiskop Qriqora satmışdır. Ərəbcə tərtib edilən həmin sənəddə şahidlər də özlərini “sədlilər” adlandırmışlar. Farsdilli qaynaqlarda isə Çuxursəəd adına ilk dəfə Əbu Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərində rast gəlinmişdir. Faruk Sümər bu haqda yazır: “… Çox uzun araşdırmalardan sonra gəldiyim nəticəyə görə, iranlı müəlliflərin Çuxursəəd adlandırdığı məntəqə İrəvanın qərb və cənub-qərb hissəsində bir bölgə olmuşdur. Osmanlı mənbələrində “Səəd çuxuru” kimi verilmişdir. Bu nahiyə qərbdə Araz və Arpaçayın qovuşağına, cənubda isə Araza qədər uzanırdı”.

Arpaçayın Arazla qovuşduğu yerdən Naxçıvan və Arazın sağ sahilində yerləşməklə Ağrıdağa qədər əraziləri əhatə edən Sürməli yuxarıda qeyd olunduğu kimi Sədli tayfasının qədim yurdu idi. XV əsrdə Arazın sahillərini əhatə edən və Ağrıdağla Alagöz dağları arasındakı vadi də sədlilərin nəzarəti altında idi. Teymuri tarixçisi Hafiz Ebru Sultan Şahruxun Azərbaycana yürüşlərindən bəhs edərkən Naxçıvan və Sürməli bölgəsinin Sədli tayfasının qədim yurdu olduğunu qeyd etmişdir. Bu faktı Teymuri tarixçisi Əbdürrəzzaq Səmərqəndi özünün “Mətləüs-səədeyn və məcməül-bəhreyn” adlı əsərində də təsdiq edir.

Qeyd etmək lazımdır ki, Əmir Səəd məqbərəsinin yerləşdiyi Cəfərabad kəndi ona bitişik olan qədim Göykümbət kəndindən sonralar ayrılmışdır. Buna görə də Əmir Səəd məqbərəsi yeni yaranan Cəfərabad kəndinin ərazisinə düşmüşdür. Göykümbət kəndinin adı elə onun ərazisində yerləşən Əmir Səəd məqbərəsinin günbəzinin göy rəngdə olması ilə bağlı olmuşdur. Bu kəndin adı bəzi mənbələrdə Göygünbəz kimi çəkilir. Zəngibasar (Masis) rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Cəfərabad kəndinin adını Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti 4 aprel 1946-cı il tarixli qərarı ilə dəyişdirərək “Arqavand” qoymuş, Göykümbət kəndinin adını isə 1 dekabr 1949-cu ildən “Gexanist” adlandırmışdır.

Göykümbət kəndində Qaraqoyunlu tayfa birliyinə daxil olan Sədli tayfa başçılarının qəbiristanlığı mövcud olmuşdur. Həmin qəbiristanlıqda bir neçə türbə olmuşdur ki, onlardan da yalnız biri – Əmir Səəd məqbərəsi günümüzə qədər gəlib çatmışdır.

Qaraqoyunlu tayfa birliyinin başçısı Qara Yusif Əmir Teymurun vəfatından bir il sonra, yəni 1406-cı ilin oktyabrında Teymuri Əbu Bəkri Çuxursəəd ərazisində, Naxçıvanın qərbində Araz çayının sahilində məğlubiyyətə uğradaraq qaçmağa məcbur etmişdir. Həmin döyüşdə Qara Yusifin ordusunun sağ cinahına məhz Pir Hüseyn Sədli rəhbərlik etmişdir. Əldə olunan qələbə nəticəsində bölgədə teymurilərin hakimiyyətinə son qoyulmuşdur. Qara Yusif bölgənin idarəçiliyini yenidən Sədli tayfasının başçısı və həmin bölgəni XIV əsrin sonlarından idarə edən Əmir Səədin oğlu Pir Hüseynə həvalə edir. 1408-ci il aprelin 21-də Təbriz yaxınlığında Sərdrudda Teymurilərə qarşı baş vermiş əsaslı döyüşdə Qara Yusifin ordusunun sol cinahına Pir Hüseyn Sədli rəhbərlik etmişdir. Onun qardaşı Pir Məhəmməd də həmin cinahda yer almışdı. Qara Yusifin teymurilərlə döyüşdə əldə etdiyi böyük qələbə Azərbaycanda Teymuri ağalığına son qoyulmasına və paytaxtı Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasına səbəb olmuşdur. 1410-cu ildə Təbriz yaxınlığındakı Əsəd kəndində Sultan Əhməd Cəlairi ilə döyüşdə də Qara Yusifin ordusunun sağ cinahına Pir Hüseyn Sədli rəhbərlik etmişdir. Onun qardaşı Pir Məhəmməd Sədli də digər Qaraqoyunlu əmirləri ilə yanaşı həmin cinahda yer almışdır.

1410-cu ildə Azərbaycan sülaləsi olan Qaraqoyunlular Təbrizdə hakimiyyətə gələrkən sədlilər İrəvanətrafı ərazilərin sahibi idilər və yeni yaranmış dövlətin əsas dayağına çevrilmişdilər.

Azərbaycan Qaraqoyunlu dövlətinin yaranması və möhkəmlənməsində Pir Hüseyn Sədli və qardaşı Pir Məhəmməd Sədli mühüm rol oynamışdır. 1420-ci ilin noyabrında Teymuri hökmdarı Sultan Şahruxla döyüşə yollanan Qara Yusifin Təbrizdən cənubda Ucanda vəfat etməsindən istifadə edən Sultan Şahrux Azərbaycanda möhkəmlənmişdir. Əbubəkr Tehrani yazır ki, məhz bu zaman “Azərbaycanda Sədli camaatı İsfahan bəyi (Qara Yusifin oğlu) taxta çıxardılar. O, xəzinəni və Bəyazid qalasını ələ keçirdi. Çuxursəəddə qışladı”. Göründüyü kimi, Qaraqoyunlu dövlətinin yaranmasında əsaslı rol oynayan Sədli tayfası dövlətin ən çətin dövrlərində də onun əsas dayağını təşkil etmişdir. İrəvanətrafı ərazilər, o cümlədən Çuxursəəd vilayətinin idarəsi uzun müddət Sədli tayfasının irsi mülkü kimi mərkəzi hökumət tərəfindən onlara tapşırılmışdır.

1420-ci ildə Qaraqoyunlu taxtına çıxan İsgəndər onun taxt-tac rəqibi olan qardaşı Əbu Səidin tərəfini saxladıqları üçün Əmir Pir Hüseynin xələflərini vilayətin idarəçiliyindən kənarlaşdırmış və Çuxursəədin idarəsini birbaşa mərkəzi hakimiyyətə tabe etmişdir. Bu zaman Çuxursəəd vilayəti şimalda Gürcüstanla (Gürcüstan 1469-cu ildə parçalandıqdan sonra Kartli çarlığı ilə), şərqdə Naxçıvan, Qafan və Qarabağ vilayəti ilə, qərbdə Samsxe-Saatabaqo, Pasin, Ələşgird və Bəyazidlə, cənubda isə Maku ilə həmsərhəd idi.

1421-ci il iyulun sonlarında Qaraqoyunlu Qara İsgəndərin Teymuri hökmdarı Şahruxla Ələşgird düzündə baş verən döyüşdə Qaraqoyunlu ordusunun sağ cinahına Pir Hüseyn Sədli rəhbərlik etmiş, həmin cinahda onun oğlu Pir Qeyb, qardaşları Pir Üveys və Pir Məhəmməd yer almışdır. Döyüş qaraqoyunluların məğlubiyyəti ilə başa çatdığı üçün Pir Məhəmməd Sədli, Pir Üveys və Pir Qeyb əsir düşmüşdür. Həsən bəy Rumlu yazır ki, “Əmir İbrahim Cahanşah sol cinahda mərdlik göstərdi və Mirzə İsgəndərin böyük əmirlərindən olan Pir Hüseyn bəy Sədlini əsir tutdu”. “Qızılbaşlar tarixi” əsərinin müəllifinin qeyd etdiyinə görə Pir Hüseyn Sədli Ələşgird döyüşündə Teymuri sultanı Şahruxun mülazimləri tərəfindən öldürülmüşdür.

Pir Hüseyn Sədlinin öldürülməsindən sonra onun övladları (Pir Qaib və Əbdül) hələ də irsi mülklərinin idarə olunmasında yaxından iştirak edirdilər. Teymuri hökmdarı Şahruxun 1429-cu ildə Azərbaycana ikinci yürüşü zamanı Qaraqoyunlu hökmdarı Qara İsgəndər Salmas döyüşündə məğlub olaraq Şərqi Anadoluya çəkilmək məcburiyyətində qalmışdır. Sultan Şahrux Qaraqoyunlu taxt-tacını Qara Yusifin kiçik oğlu Əbu Səidə verərək geri qayıtmış və Əbu Səid Sultan Şahruxun vassalı kimi dövləti idarə etməyə başlamışdır. O, zəif iradəli olduğu üçün Qaraqoyunlu əmirləri arasında ciddi mübarizə yaranmışdır. Vəziyyətdən istifadə edən Qara İsgəndər narazı əmirlərin yardımı ilə 1431-ci ildə qardaşı Əbu Səidi öldürərək hakimiyyəti yenidən ələ almışdır.

Görünür, məhz bu dövrdə Qara İsgəndər üsyankar əmirlərə divan tutan zaman qardaşı Əbu Səidi müdafiə etmiş Sədli əmirlərindən Pir Qaiblə Əbdülü də cəzalandırmışdır. Qara İsgəndər üsyankar əmirləri cəzalandıraraq onların hüquqlarını məhdudlaşdırmağa və mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışmışdır. Sədli əmirləri Çuxursəədin idarəsindən uzaqlaşdırılmış, vilayət bilavasitə mərkəzi divanın idarəçiliyinə verilmişdir. Tədqiqatçılardan B.Ə.Budaqov və Q.Ə.Qeybullayev Borçalıda və Qarabağda Saatlı adlı yaşayış yerlərinin olduğuna diqqət çəkərək yazırlar ki, 1431-ci ildə Qara İsgəndər Çuxursəəddə Sədli əmirlərinin nüfuzunu qırdıqdan sonra sədlilərin bir hissəsi Qazax mahalına, sonralar isə Qarabağa köçmüşdür.

Qara İsgəndərin mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədilə həyata keçirdiyi tədbirlər Çuxursəəddə sədlilərin mövqeyini zəiflətsə də, Sədli əmirləri dövlətin digər vilayətlərinin idarə edilməsində yaxından iştirak etmişlər. Hüseyn Sədli Cahanşah dövründə Astrabad hakimi olmuşdur. Maraqlıdır ki, Qara İsgəndər dövründə Çuxursəəddə yerləşən Üçkilsə monastırının keşişləri ətraf kəndləri məhz sədli camaatından satın almağa başlamışdılar. Alqı-satqı sənədlərindən də görünür ki, Qara İsgəndərin mərkəzi hakimiyyəti möhkəmləndirməsində İslamı qəbul etmiş Əmir Rüstəmin böyük rolu olmuşdur. Əmir Rüstəm Qara İsgəndərin qardaşı Əbu Səid üzərində qələbədən sonra onun ən yaxın silahdaşına çevrildiyi üçün ona Çuxursəəddə geniş soyurqallar paylamışdır. Görünür, məhz bu dövrdə Əmir Rüstəm yaranmış vəziyyətdən istifadə edərək alqı-satqı sənədlərində deyildiyi kimi Azərbaycan ölkəsinin Çuxursəəd vilayətinin Karpi nahiyəsində yerləşən müəyyən kəndləri satın alaraq Üçkilsə monastırına vəqf etmişdir.

Qara İsgəndərin qardaşı Əbu Səidi öldürməsi və Qaraqoyunlu dövlətinin keçmiş əzəmətini bərpa etməsi Teymuri hökmdarı Şahruxun Azərbaycana növbəti yürüşünə səbəb olmuşdur. O, 1436-cı ilin mayında Qarabağı tərk edərək Ucana gələn zaman vassallığı qəbul etmək şərti ilə Azərbaycan hökmdarlığını Cahanşaha vermişdir.

Teymuri sultanının Azərbaycanı tərk etməsi ilə İsgəndər sığınmış olduğu Osmanlı torpağından Azərbaycana qayıtmış, bununla da İsgəndərlə qardaşı Cahanşah arasında kəskin mübarizə başlanmışdır. Əbu Bəkr Tehrani yazır ki, “İsgəndərin orduya və əhaliyə etdiyi zülm nəticəsində ona nifrət edən Azərbaycan qalalarının başçıları Əlincə qalasından başqa bütün digər qalaları Cahanşah Mirzəyə verdilər”. Amma o zaman Əlincə qalası və Naxçıvan İsgəndərə sadiq qüvvələrin nəzarətində qalmışdır.

İsgəndər Əlincə qalasında olduğu vaxt oğlu Şah Qubad atasını öldürmək fikrinə düşüb qırx nəfərlə birlikdə İsgəndərin yataq otağına soxulmuş və onu qətlə yetirmiş, xəzinəni ələ keçirərək bir qismini qoşuna paylamış və əhvalatı əmisi Cahanşaha bildirmişdir. Xəzinənin yarısı, Avnik qalası və Pasin vilayəti Cahanşah tərəfindən ona verilmişdir. Bununla da Əlincə qalası Cahanşahın ixtiyarına keçmişdir.

Cahanşahın hakimiyyəti dövründə Çuxursəəd vilayətinin tarixində sonralar bütün Azərbaycan üçün son dərəcə ağır problemlər yaradan bir hadisə də baş vermişdir: Cahanşahın icazəsi ilə 1441-ci ildə erməni katolikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən İrəvan yaxınlığındakı Üçkilsə monastırına köçürülmüşdür. Bununla Cənubi Qafqazda Qriqoryanlığı yayan erməni missionerləri üçün əlverişli şərait yaranmışdır. Qaraqoyunlu hökmdarları erməni katolikoslarını himayə etmiş və onlara sərbəstlik vermişdilər. Bu vaxtdan Azərbaycanın Çuxursəəd diyarında yerləşən Üçkilsə monastırı bütün ermənilərin dini mərkəzinə çevrilmişdir.

Qaraqoyunlulardan sonra Ağqoyunlulara sığınan Üçkilsə katolikoslarının mövqeyi daha da möhkəmlənmişdir. Beləliklə, Azərbaycanın Çuxursəəd diyarında Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının icazəsi ilə Azərbaycan ərazisində erməni kilsələri tikilmişdir.

Tofiq Nəcəfli
Tarix elmləri doktoru, dosent
Rəşad Mustafa
Tarix üzrə fəlsəfə doktoru
Ramin Əlizadə