Qədim dövrlərdə Qərbi Azərbaycan

E.ə. VI əsrin əvvəllərində Urartu dövləti süqut etdikdən sonra İrəvanətrafı Azərbaycan torpaqlarında yaşayan əhalinin tarixində yeni mərhələ başlanmışdır. E.ə. VI-IV əsrləri əhatə edən bu mərhələ Urartu dövlətinin süqutundan Makedoniyalı İsgəndərin Şərqə yürüşünə qədərki dövrü əhatə edir. Bu dövrdə Azərbaycanın İrəvanətrafı ərazilərində yaşayan qədim tayfalarının bir sıra yeni yaşayış məskənləri meydana gəlmişdir. Azərbaycanın qərbində, əsasən də İrəvanətrafı ərazilərində yaylaq və qışlaq maldarlığı ilə məşğul olan İskit tayfalarına aid xeyli sayda maddi-mədəniyyət abidələri aşkar edilmişdir. Arxeoloji tədqiqatlar nəticəsində onların izlərinə İrəvan ətrafında, Göyçə gölü hövzəsində, Ağbaba, Pəmbək, Şörəyel yaylaqlarında rast gəlinmişdir.

İrəvanətrafı ərazilərdə şirin su qaynaqlarının, flora və faunanın, təbii resursların zəngin olması insanların bu ərazidə qədim zamanlardan məskunlaşmasına şərait yaradan başlıca amillər olmuşdur. Qərbi Azərbaycanın Göyçə, Şörəyel, İrəvan, Dərələyəz, Gərnibasar və digər ərazilərindən müasir Azərbaycan türklərinin əcdadlarına aid dolixokran kəllə sümükləri aşkar edilmişdir. Göyçə gölü ətrafındakı qədim yaşayış məntəqələrinin bir çoxunun dörd min ildən artıq yaşı var. Şörəyeldə Son Tunc və Erkən Dəmir dövrlərinə aid qəbir abidələrindən tapılmış kəllə sümüklərinin braxikran armenoid yox, məhz yerli türk boylarına aid dolixokran və uzunsifət olması öz təsdiqini tapmışdır. İskitlərin müasir Ermənistan ərazisində məskunlaşması ilə bağlı qədim mənbələrdə verilən məlumatlar arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və antropoloji dəlillərlə öz təsdiqini tapmışdır.

Şörəyeldə Sirak düzündən, Qara qala ərazisində və Lori qalası yaxınlığından, Göyçə gölünün qərbində Əyricə çayının sağ sahilində Dəliqardaş kəndinin ərazisindən, həmçinin Nərədüz kəndi yaxınlığından Erkən Tunc dövrünə aid xeyli sayda kurqanlar aşkar edilmişdir. Bu ərazilər Kür-Araz mədəniyyətinin yaradıcısı olan maldar tayfaların yaylaq yerləri idi. Buradakı qəbir abidələrindən Azərbaycan türklərinin qədim əcdadlarına aid xeyli sayda dolixokran kəllə sümükləri tapılmışdır. İndiki Ermənistan Respublikası ərazisinin müxtəlif yerlərindən aşkar edilmiş kəllə sümüklərinin tədqiqi qədim türk boylarının bölgənin avtoxton əhalisi olduğunu göstərir. Məlumdur ki, özlərini “hay” adlandıran ermənilər antropoloji cəhətdən “armenoid tipi”nə aid olub braxikefal (yastıbaş) kəllə quruluşuna malikdir. Ermənistan ərazisində isə arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş ən qədim insanların dolixokran kəllə quruluşuna malik olması öz təsdiqini tapmışdır.

Ermənilər Qafqaza Anadoludan gəlmə olsalar da, onlar Anadolunun da yerli əhalisi olmamışdırlar. Tanınmış türk antropoloqu M.S.Şənyürək uzun illər apardığı tədqiqatlar nəticəsində ermənilərin Anadolunun qədim əhalisi olmadığını qeyd etmişdir. Keçən əsrin 30-cu illərində alman tədqiqatçılarının Hind çayı hövzəsində apardıqları araşdırmalar nəticəsində buradan armenoid tipinə aid kəllə sümükləri aşkar edilmişdir. Buradan aydın olur ki, vətənləri Şimali Hindistan olan haylar sonradan Ön Asiyada məskunlaşmışlar. Haylar istər eradan əvvəlki minilliklərdə, istərsə də eranın ilk əsrlərində olsun, Cənubi Qafqazda, eləcə də İrəvanətrafı tarixi torpaqlarda yaşamamışlar. Xəzər dənizindən qərbdə, Azərbaycanın müxtəlif bölgələrində, eləcə də e.ə. VI-II minilliklərə aid Naxçıvandakı Kültəpədə, e.ə. II minilliyin ortalarına aid Daşkəsəndəki Xaçbulaq yaylağında, Qarabağ kurqanlarında, e.ə. I minilliyin əvvəllərinə aid Mingəçevirdə aşkar edilmiş kəllə sümükləri İrəvanətrafı bölgələrin yerli əhalisi olan qədim Azərbaycan türklərinin antropoloji xüsusiyyətləri ilə genetik cəhətdən eyni irqi tipə aiddir. Azərbaycanın qərbində Səngər, Bərk qala, Daşlı qala, Kolagirən, Yeridar, Atamxan kimi qalalar yerli türk boylarının yadelli hücumlardan müdafiə olunduğu ən etibarlı məkanlar idi.

İrəvanətrafı ərazilərdə yaşayan qədim türk boyları içərisində iskitlər mühüm yer tutur. Burada aparılmış arxeoloji qazıntılar iskitlərin regionda e.ə. VII-VI əsrlərdə hərbi-siyasi cəhətdən ən güclü amil olduğunu sübut edir. Şəmşəddin ərazisində Tovuzqala siklopik qalasının 300 m qərbində yerləşən e.ə. V-IV əsrlərə aid qəbir abidələrinin və Azərbaycan Respublikasının şimal-qərbindəki abidələrin tapıntıları regionda vahid mədəni arealın sərhədlərini müəyyənləşdirməyə imkan verir. Şörəyel ərazisində Çıraqlı kəndindən Post-Urartu dönəminə aid məzarlardan aşkar edilmiş maddi mədəniyyət nümunələri İrəvan yaxınlığında Qırmızıtəpə (Teyşebaini qalası), İrəvandan şimalda Ellər ərazisində Baş Gərni kəndindən, Borçalıda Beşdaş (Barmaqsız) kəndindən, həmçinin Gəncə və Mingəçevir ərazilərindən aşkar edilmiş materiallarla eynilik təşkil edir. Bu ərazilərdən aşkar olunmuş e.ə. VI-IV əsrlərə aid maddi mədəniyyət nümunələri qədim türk boylarının, əsasən də İskit-Sak boylarının tarixini araşdırmağa imkan verir.

Azərbaycanın qərb bölgəsinin qədim tarixinin təhrif edilməsi erməni tədqiqatçılarının fəaliyyətində başlıca istiqamət olmuşdur. Onların bu sahədə saxtakarlıqları saysızdır. İstər arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi mədəniyyət nümunələri, istərsə də yazılı mənbələrdə verilən məlumatlar real tarixi faktları üzə çıxarmağa imkan verir. Hələ e.ə. VIII əsrə aid Urartu mixi yazılı mənbələrini diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, Azərbaycanın qərbində, o cümlədən İrəvan və Göyçə gölü hövzəsində qədim yer-yurd adlarının ermənilərlə heç bir əlaqəsi yoxdur. İrəvan və onun ətrafındakı Azərbaycan torpaqları e.ə. I minilliyin ortalarında İskit-Sak (İşquz, İç Oğuz) dövlətinin tərkibində olmuşdur. Qədim Şərq tarixi üzrə tanınmış tədqiqatçı İ.M.Dyakonov Mada imperiyasının şimal sərhədinin Araz çayının şimalından – “keçmiş İskit dövlətinin ərazisi”ndən keçdiyini göstərir. O, bu əraziyə şamil edilən Sakasena adının “Sakların yurdu” (İran dillərində “Saka-sayana”) mənasını bildirdiyini qeyd edir. Azərbaycan və Şərqi Anadolu ərazilərində İskit-Sak boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi regionda onların hərbi-siyasi cəhətdən ən güclü olduğunu sübut edir.

Azərbaycan ərazisində iskit-saklarla bağlı yer-yurd adları haqqında antik mənbələrdə xeyli məlumat öz əksini tapmışdır. Strabon Sakasenanın Sak boyunun adı ilə əlaqədar olaraq meydana gəldiyini qeyd etmişdir. Herodot və Böyük Plini iskitlərin farslar tərəfindən Sak adlandırıldığını qeyd etmişlər. I əsrdə Böyük Plini “Təbiət tarixi” əsərində Sak ölkəsinin (Sakasena) Kürdən cənubda geniş coğrafiyanı əhatə etdiyini qeyd edir. O, Ərsak sülaləsi tərəfindən idarə olunan Parfiya imperiyasının 18 vilayətindən 11-nin əhalisinin həyat tərzi, mədəniyyət və adət-ənənə baxımından İskit boyları ilə eyni olduğunu qeyd edir.

Makedoniyalı İsgəndərin Şərqə yürüşü haqqında əsərin müəllifi Arrian Cənubi Qafqazda yaşayan Sak boylarını Xəzər dənizinin şərqində və Aral gölü ətrafında yaşayan İskit-Sak boylarından fərqləndirmək üçün “sakasenlər”, yəni “sakasenalılar” (“Sak ölkəsindən olanlar”) adlandırır. Bir çox tədqiqatçılar “sakasen” sözünün “sakabənzər” mənasını bildirməsini irəli sürürlər. Arrian albanların adını sakasenlərlə birlikdə çəkir: “ἐπὶ δὲ Ἀλβανοὶ καὶ Σακεσ[ε]ῖναι”. Bu, sakasenlərin albanlarla yaxın coğrafiyada yaşadığını göstərir. Sak türk boyları, əsasən, Şərqi Anadoludan Kür və Araz çaylarının qovuşduğu yerə – Sak düzünə qədər geniş yayılmışdılar. Bir sıra mənbələrdə Balasakan adı ilə tanınan Sak düzü müasir Qarabağın düzən hissəsini – Mil düzünü əhatə edirdi. Arrian həmçinin eradan əvvəl 331-ci ilin oktyabrında Qavqamela döyüşündə madalıların kadusilər, albanlar və sakasenlərlə birlikdə çıxış etdiyini yazır: “Μήδων δὲ ἡγεῖτο Ἀτροπάτης ξυνετάττοντο δὲ Μήδοις Καδούσιοί τε καὶ Ἀλβανοὶ καὶ Σακεσῖναι”(Midiyalılara Atropat rəhbərlik edirdi, midiyalılarla birlikdə kadusilər, albanlar və sakasenlər də var idi).

Məlumdur ki, Əhəməni imperiyasının süqutundan sonra onun ərazisi Makedoniyalı İsgəndərin imperiyasının tərkibinə qatılmışdı. Makedoniyalı İsgəndərin ölümündən sonra isə onun diodoxları arasında mərkəzi hakimiyyət uğrunda gedən mübarizə regionda qədim dövlətçilik ənənələrinin yenidən dirçəlməsinə şərait yaratmışdı. Bu zaman həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda dövlətçilik ənənələrinin bərpa olunmasında İskit-Sak boyları həlledici rol oynamışdılar.

Qeyd etmək lazımdır ki, Ərsak sülaləsinin türk mənşəli olması haqqında ilk dəfə Fransa “Asiya cəmiyyəti”nin (Société Asiatique) üzvü olan M.J.Sen-Martin 1850-ci ildə Parisdə nəşr etdirdiyi “Arsakilərin tarixinə dair fraqmentlər” adlı kitabında məlumat vermişdir. O, mənbələrə istinadən İskit-Sak boylarının turanlılar, ölkələrinin isə Turan adlandığını qeyd edirdi. Ərsak adı erməni mənbələrində Arşakuni kimi çəkilir. “Erməni tarixi”nin atası sayılan M.Horenli bu adın Parfiya dövlətinin qurucusu Arsakın adı ilə bağlı olaraq meydana gəldiyini yazır.

224-cü ilin aprelində Hörmüzqan döyüşündə Parfiyanın sonuncu hökmdarı V Ərdavanın Sasani fars sülaləsindən olan I Ərdəşir tərəfindən məğlub edilməsinə qədər Azərbaycanın şimalında Alban dövləti, cənubunda isə Adurbadaqan məhz Ərsak sülaləsindən olan hökmdarlar tərəfindən idarə olunurdu. III əsrin ikinci yarısına aid Sasani mənbələrində Cənubi Qafqazda Alban, Adurbadaqan (Atropatena), İberiya kimi dövlətlərlə yanaşı Sakan və Balasakan ölkələrindən də bəhs edilir.

M.Kalankatlı və M.Horenli eramızın I əsrində Alban dövlətinin cənubda Araz çayından şimalda Hunan qalasınadək uzanan geniş dağlıq və düzən torpaqları əhatə etdiyini yazırlar. Onların verdiyi məlumatlara əsasən Alban ölkəsini Böyük Sak soyundan olan Ərən və onun cəsur varisləri idarə etmişlər. Eradan əvvəl II əsrdən eramızın III əsrinədək Azərbaycan və Şərqi Anadolu ərazilərində Ərsak sülaləsinin pulları geniş yayılmışdır. XIII əsr alban tarixçisi Gəncəli Kirakos və Bizans tarixçisi L.Dyakon “Tarix” adlı əsərlərində türk boylarının qədim zamanlarda olduğu kimi orta əsrlər dövründə də İskit adı ilə tanındığını qeyd etmişlər.

XVIII əsrin əvvəllərindən başlayaraq Avropada anti-türk təbliğatının genişlənməsinə xidmət edən və katolikliyi qəbul etmiş erməni mxitarist cərəyanının üzvləri qrabarca yazılmış mənbələri təhrif edərək Venesiyada nəşr etməyə başlamışlar. Həmin dövrdən başlayaraq M.Horenli, L.Parplı, Yegişe, Koryun və digər müəlliflərin əsərləri mxitaristlər tərəfindən təhrif edilərək “Hayos patmutyun” (“Hay tarixi”) adı ilə nəşr olundu və Avropa dövlətlərində “Armeniya tarixi” adı ilə təbliğ edilməyə başlanılmışdır. Qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimlərinin, hazırda isə Şəki, Zaqatala, Zəngəzurda Sisakan (Qarakilsə) rayonlarının və Şəki kəndinin adları məhz Sak tayfaları ilə bağlı olmuşdur.

Beləliklə, İrəvanətrafı ərazilərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və yazılı mənbələrə görə Azərbaycanın qərb torpaqları e.ə. I minillikdə İskit-Sak (İç Oğuz) dövlətinin tərkibində olmuş, bu dövlətin süqutundan sonra isə onun ərazisi antik dövr mənbələrindən də məlum olduğu kimi “Sakasena ölkəsi” adlandırılmışdır. Həm yazılı mənbələr, həm də arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi mədəniyyət nümunələri Azərbaycanın tarixi-coğrafiyasının mühüm tərkib hissəsi olan İrəvanətrafı ərazilərin qədim əhalisini yerli Azərbaycan etnosları təşkil etmişdir.

Tofiq Nəcəfli
Tarix elmləri doktoru, dosent
Rəşad Mustafa
Tarix üzrə fəlsəfə doktoru
Ramin Əlizadə