Yuxarı Qarxın

Yuxarı Qarxın – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 37 km cənub-şərqdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci 885 nəfər, 1873-cü ildə 967 nəfər, 1886-cı ildə 991 nəfər, 1897-ci ildə 1186 nəfər, 1904-cü ildə 1153 nəfər, 1914-cü ildə 1304 nəfər, 1916-cı ildə 893 nəfər, 1918-ci ilin yanvarında 1153 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayının axırlarında, martın əvvəllərində kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1918–1920-ci illərdə Türkiyənin Sürməli vilayətindən köçürülüb gətirilən ermənilər və yezidi kürdlər kəndə yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə oğuzların “qarxın” (mənbələrdə qarqın, karkın kimi göstərilir) türk etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Crarat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°44′ şm. e., 44°05′ ş. u.