Yeniköy

Yeniköy – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 7 km cənub-qərbdə, Arpaçayın sol sahilində, dəniz səviyyəsindən 1450 m hündürlükdə yerləşir.

1897-ci ilədək kənddə azərbaycanlılar yaşamışdır. 1897-ci ildə xaricdən köçürülən 285 erməni bu kənddə yerləşdirilmiş, azərbaycanlılar isə qovulmuşlar. Həmin ildə (1897) kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamışdır.

Toponim “təzə” mənasında işlənən “yeni” sözü ilə türk dilində kənd mənasında işlənən “köy” sözünün birləşməsindən əmələ gəlmişdir.

Kəndin adı dəyişdirilərək əvvəlcə “Xarkov”, daha sonra Ermənistan Respublikası prezidentinin 4 iyul 2006-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Norşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°31′ şm. e., 43°36′ ş. u.