Yarpızlı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 65 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 2040 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 121 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 465 nəfər, 1897-ci ildə 584 nəfər, 1908-ci ildə 719 nəfər, 1914-cü ildə 815 nəfər, 1916-cı ildə 771 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin yanvarında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuş və kənd yandırılmışdır. Kənddə 1828–1829-cu illərdə İrandan, 1918–1920-ci illərdə Türkiyənin Qars və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. Köçürülən az sayda ermənilərlə yanaşı burada 1922-ci ildə 336 nəfər, 1926-cı ildə 419 nəfər, 1931-ci ildə 547 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948–1950-ci illərdə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür. Lakin sonradan azərbaycanlıların bir qismi geriyə Yarpızlıya qayıtmışdır. Yarpızlılar üçüncü dəfə 1988-ci ildə zorla Ermənistan dövləti tərəfindən qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim yabanı bitki olan “yarpız” sözünə çoxluq, cəmlik anlayışı bildirən “-lı” şəkilçisi artırmaqla düzəlmişdir. Fitotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lçavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°36′ ş. u.