Xancallı

Xancallı – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiya şəhərindən 20 km şimal-qərbdə, dəniz səviyyəsindən 2110 m hündürlükdə yerləşirdi. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və eyni zamanda qarapapaqlar müstəqil xalq kimi təqdim edilir. Halbuki qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qruplarından biri və peçeneqlərə daxil olan tayfalardan birinin adıdır.

Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914-cü ildə 392 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. 1922-ci ildə kənddə 95 nəfər, 1926-cı ildə 137 nəfər, 1931-ci ildə 134 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd ləğv edilərək əhalisi Balıqlı kəndinə köçürülmüşdür. Hazırda xarabalıqdır.

Toponim xancallı tayfa adı əsasında yaranmışdır.