Vağudi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 95 km şimal-qərbdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə, dəniz səviyyəsindən 1575 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi. Vağudi kəndi həmin üç Vağudi adlı kəndlərin birləşməsindən yaranmışdır.
Kənddə 1831-ci ildə 44 nəfər, 1873-cü ildə 653 nəfər, 1886-cı ildə 926 nəfər, 1897-ci ildə 1286 nəfər, 1908-ci ildə 1395 nəfər azərbaycanlı yaşamışdır. Erməni silahlı dəstələri ilk dəfə 1905-ci ildə kəndə hücum edərək kütləvi qırğınlar törətmişdir, vəziyyət sabitləşəndən sonra kəndin sağ qalan əhalisi geri qayıda bilmişdilər. 1918-ci ildə azərbaycanlılara qarşı erməni silahlı birləşmələri yenidən qırğınlar törətmiş, əhalisini kənddən didərgin salmışlar. Bundan sonra kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 226 nəfər, 1931-ci ildə 336 nəfər, 1987-ci ildə 700 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında kənddə yaşayan 2000-ə yaxın azərbaycanlı əhali qırğınlara məruz qalaraq Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Kəndin adı “Ağudi” toponiminin əvvəlinə “v” samitinin artırılması əsasında yaranmışdır. “Ağudi” toponimi ilə “Vağudi” toponimi eyni semantik xüsusiyyətə malikdir. Toponim qədim türk dilində “hörmətli, uca, yüksək” mənasında işlənən “ağ”sözü ilə “uti//udi” türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir.
Ermənistan Respublikasının prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vağatin” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°30′ şm. e., 46°07′ ş. u.