Üləşik

Üləşik – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Axta yaşayış məntəqəsindən 18 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində, Təkəli kəndinin yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni mənbələrində kəndin adı “Ulaşik” formasında qeyd edilməklə, onun qədim və ya başqa adının “Ulyaşeyx” olduğu da göstərilir.

Kənddə 1831-ci ildə 66 nəfər, 1873-cü ildə 225 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 337 nəfər, 1908-ci ildə 425 nəfər, 1914-cü ildə 733 nəfər, 1916-cı ildə 385 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənddən didərgin salınmışlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 121 nəfər, 1926-cı ildə 209 nəfər, 1931-ci ildə 302 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra 1950-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim ulaş tayfa adına cəmlik bildirən “-ik” şəkilçisinin qoşulması yolu ilə düzəlmişdir.