Türk Düzkəndi

Türk Düzkəndi – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Qarabulaq çayının sahilində, Alagöz dağının ətəyində yerləşirdi.

Kənddə 1873-cü ildə 379 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 592 nəfər, 1908-ci ildə 713 nəfər, 1914-cü ildə 784 nəfər, 1916-cı ildə 703 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. Türkiyədən köçürülən ermənilər və yezidi kürdlər burada yerləşdirilmişlər. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada erməni və kürdlərlə yanaşı 1922-ci ildə 170 nəfər, 1926-cı ildə 50 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1928–1930-cu illərdə sıxışdırılaraq kənddən çıxarılmışlar. Kənd 1959-cu ildə ləğv edilmişdir.

Mənbələrdə kəndin adı “Düzkənd”, “Türk Düzkəndi”, “Tatar Düzkəndi”, “Düzkənd” formalarında qeydə alınmışdır. Sonralar toponimin əvvəlindəki “türk”, “tatar” sözləri – etnonimləri ixtisar edilərək rəsmi sənədlərdə “Düzkənd” formasında göstərilmişdir. “Düzkənd” toponimi türk etnonimi ilə relyef bildirən “düz” sözünə, “kənd” sözünün qoşulmasından yaranmışdır.