Tulus

Tulus (Dulus) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 109 km şimal-qərbdə, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə qeydə alınmışdır.

Kəndin adı təhrif edilərək erməni müəlliflərinin əsərlərində Tolors kimi verilir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 24 nəfər, 1873-cü ildə 142 nəfər, 1886-cı ildə 176 nəfər, 1897-ci ildə 263 nəfər, 1914-cü ildə isə 390 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. 1926-cı ildə ermənilərdən başqa cəmi iki nəfər azərbaycanlı yaşamışdır. Hazırda burada yalnız Türkiyədən gələn ermənilər yaşayırlar.

Toponim qədim türk tayfalarından olan “tolos”, “teles” etnonimi əsasında əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°27′ şm. e., 46°02′ ş. u.