Talış – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 29 km cənub-qərbdə, dəniz səviyyəsindən 1220 m hündürlükdə yerləşir. Məşhur Talış karvansarası bu kəndin ərazisində yerləşir. Kəndin ərazisində XIII–XIV əsrlərlə səsləşən azərbaycanlılara aid qədim qalanın xarabalıqları indi də qalır.
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışlar. 1828–1829-cu illərdə Türkiyənin Bəyazid vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Toponim qızılbaş türk tayfasından olan “talış” etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11 noyabr 1970-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Aruç” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 44°04′ ş. u.