Sultanəli Qışlağı (Canəhməd) – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Kəndin başqa adları Əhmədli, Canəhməd olmuşdur. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 97 km cənub-şərqdə, Ağyoxuş aşırımının ətəyində, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində “Canəhməd kəndi” kimi öz əksini tapmışdır.
Kənddə 1873-cü ildə 245 nəfər, 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 442 nəfər, 1908-ci ildə 422 nəfər, 1914-cü ildə 523 nəfər, 1916-cı ildə 475 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 194 nəfər, 1926-cı ildə 335 nəfər, 1931-ci ildə 383 nəfər, 1939-cu ildə 339 nəfər, 1959-cu ildə 337 nəfər, 1979-cu ildə 589 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabr ayının axırlarında kəndin əhalisi ermənilər tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim şəxs adı əsasında formalaşmışdır. Kənd Sultanəli adlı şəxs tərəfindən salındığı və onun qışlaq yeri olduğu üçün Sultanəli qışlağı adlanmışdır.
Kəndin adı əvvəlcə dəyişdirilərək “Canəhməd” qoyulmuş, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1969-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Günəşli”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən adı dəyişdirilərək “Kutakan” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 45°50′ ş. u.