Soyuqbulaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Zəngi çayının sağ axarında, Soyuqbulaq çayının yuxarısında yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənddə 1831-ci ildə 43 nəfər, 1897-ci ildə 186 nəfər azərbaycanlı və yezidi kürdü yaşamışdır. Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri kimi yalnız kürdlər göstərilir. 1926-cı ildə kənddə yalnız bir nəfər azərbaycanlı yaşamışdır. Sonralar kənd yaşayış məntəqələri siyahısından çıxarılmışdır.
Toponim Azərbaycan dilində sərin mənasında işlənən “soyuq” sözü ilə “bulaq” hidroniminin əsasında əmələ gəlmişdir.