1918–1920-ci illərdə Qərbi Azərbaycan ərazisində daşnakların hakimiyyəti dövründə olduğu kimi, Sovet Ermənistanında da azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti müxtəlif mərhələlərlə və müxtəlif üsullarla davam etdirilmişdir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə yanaşı Azərbaycan ərazilərinin hesabına Ermənistan ərazisinin genişləndirilməsi prosesi davam etdirilmişdir.
Əgər 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kvadratkilometrə bərabər idisə, sovet hakimiyyətinin qurulması ərəfəsində daşnak Ermənistanı təqribən 18 min kvadratkilometr əraziyə nəzarət edirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu. 1920-ci il dekabrın 2-də İrəvanda Sovet Rusiyası ilə Sovet Ermənistanı arasında hərbi-siyasi saziş imzalanmışdı. Sazişi Rusiya tərəfindən Ermənistandakı diplomatik nümayəndə Boris Leqran, Ermənistan tərəfindən isə dərhal bolşeviklərin tərəfinə keçən general Dro və A.Terteryan imzalamışdılar. Ermənistanın sovetləşməsinin müqabilində Rusiya bütün keçmiş İrəvan quberniyasının, Zəngəzur qəzasının, Qazax qəzasının dağlıq hissəsinin Sovet Ermənistanına daxil olmasını mübahisəsiz tanıdığını bəyan etmişdi.
Ermənistan Xalq Komissarları Soveti 20 iyul 1921-ci ildə Ermənistanın 8 qəza 33 nahiyədən ibarət inzibati-ərazi bölgüsünü təsdiq etmişdi. Avqustun 31-də isə yeni 9-cu qəza – mərkəzi Gorus şəhəri olmaqla Zəngəzur qəzası yaradılmışdı. Azərbaycan isə öz növbəsində Zəngəzurun qərb hissəsini öz inzibati-ərazi bölgüsündən çıxarmışdı. Bununla da Zəngəzur iki hissəyə bölündü və onun qərb hissəsi Ermənistana birləşdirildi. Daha sonra Qərbi Zəngəzur ərazisində Mehri (Meğri), Qafan, Qarakilsə (Sisian) və Gorus rayonları yaradıldı.
Sovet Ermənistanı iqtisadi cəhətdən Azərbaycandan asılı olduğu üçün azərbaycanlılara qarşı 1918–1920-ci illərdə törədilən etnik təmizləmə siyasətini daşnak hökumətinin ayağına yazmağa çalışırdı. Əslində isə Sovet Ermənistanı hökuməti də azərbaycanlı qaçqınların öz əzəli torpaqlarına qayıtmalarını hər cür bəhanələrlə əngəlləməyə çalışırdı. Ermənistan hökuməti, əsasən, İran ərazisində sığınacaq tapmış azərbaycanlı qaçqınlara Zəngibasar və Vedibasar mahallarına qayıtmağa o şərtlə razılıq vermişdi ki, onlar gərək 1918–1920-ci illərdə ermənilərə qarşı döyüşlərdə iştirak etmədiklərini sübuta yetirmiş olaydılar.
1921-ci ilin payızında Ermənistan hökuməti ölkənin ağır iqtisadi vəziyyətini və yoluxucu xəstəliklərin yayılmasını əsas gətirərək qaçqınların 1922-ci ilin yazınadək Culfa–İrəvan dəmiryol xətti ilə azərbaycanlıların reevakuasiyasını dayandırmaq haqqında qərar qəbul etmişdi. Ermənistan hökuməti bir tərəfdən Azərbaycan hökumətinə müraciət edirdi ki, Azərbaycanda sığınacaq tapmış azərbaycanlı qaçqınların öz vətənlərinə qayıtmalarını dayandırsın, digər tərəfdən isə Türkiyə ərazisindən gələn erməni qaçqınlarının əsasən azərbaycanlılar yaşayan mahallarda yerləşdirilməsi haqda qərar qəbul etmişdi. Zəngibasarda 25 min, Vedibasarda 60 min, Gərnibasarda 25 min, Dilican dairəsində 25 min, Qarakilsə dairəsində 25 min, Novo-Bəyazid dairəsində 10 min erməninin məskunlaşdırılması qərara qalınmışdı. Ermənistan hökuməti bunu ona görə edirdi ki, azərbaycanlı qaçqınlar vətənə döndükdə öz evlərinin və eləcə də bütövlükdə kəndlərin erməni qaçqınları tərəfindən məskunlaşdırıldığını görüb ya geri qayıtsınlar, ya da başqa bir yerdə özlərinə yeni sığınacaq tapsınlar. Bütün bunlar Sovet Ermənistanı hökumətinin azərbaycanlıların diskriminasiyaya məruz qoyulmaları üçün atdığı düşünülmüş addım idi.
Bütün bunlara baxmayaraq, azərbaycanlılar Qərbi Azərbaycandakı doğma yer-yurdlarına qayıdırdılar. 1921-ci ilin mayından 1922-ci ilin may ayının sonunadək indiki Ermənistan ərazisinə 96,5 min nəfər azərbaycanlı qayıtmışdı. O cümlədən İrəvan qəzasına 26 min, Novo-Bəyazid qəzasına 14 min, Eçmiədzin qəzasına 9 min, Aleksandropol qəzasına 10 min, Zəngəzura 15 min, Dərələyəzə 5,5 min, Loru-Pəmbək və Karvansara (İcevan) bölgəsinə 17 min azərbaycanlı qaçqın qayıtmışdı.
1922-ci ildə Ermənistanda keçirilən siyahıya alınmaya görə, Dərələyəz qəzasında 5.431 nəfər, Dilican qəzasında 8.476 nəfər Zəngəzur qəzasında 6.464 nəfər, Qarakilsə qəzasında 4.497 nəfər, Gümrü (Aleksandropol) qəzasında 6.372 nəfər, Lori qəzasında 4.807 nəfər, Mehri (Meğri) qəzasında 53 nəfər, Novo-Bəyazid qəzasında 10.666 nəfər, İrəvan qəzasında 16.723 nəfər, Eçmiədzin qəzasında 7.224 nəfər azərbaycanlı məskunlaşmışdı. Ermənistanda həmin vaxt qəzalarda 71.190 nəfər azərbaycanlı mövcud idi ki, bu da Ermənistan əhalisinin 11,2 faizini təşkil edirdi.
1922-ci ildə Ermənistanın 164 yaşayış məntəqəsinə azərbaycanlılar qayıtmışdılar.
1926-cı ildə keçirilən ümumi Zaqafqaziya siyahıyaalınmasının nəticələrinə görə Ermənistanda 84717 türkdilli (azərbaycanlı) əhali qeydə alınmışdı. (Население Закавказье. Всесоюзная перепись населения 1926 г. Тифлис, 1928, с. 18).
1930-cu ildən etibarən Ermənistanda qəza inzibati-ərazi bölgüsü ləğv edilərək rayon inzibati bölgüsünə keçilmişdi. 1931-ci ildə Ermənistanda 27 rayon mövcud idi. Rayonların adları belə idi: Paşalı (Əzizbəyov), Allahverdi, Axta, Amasiya (Ağbaba), Əştərək, Abaran, Ərtik (Artik), Basarkeçər, Gorus, Dilican, Karvansara (İcevan), Düzkənd (Leninakan, sonralar Axuryan), Böyük Qarakilsə (Kirovakan), Kotayk, Qurduqulu (Hoktemberyan), Qəmərli (Artaşat), Qafan, Qaranlıq (Martuni), Mehri (Meğri), Keşişkənd (Mikoyan), Novo-Bəyazid, Şəmşəddin, Qarakilsə (Sisian), Cəlaloğlu (Stepanavan), Üçkilsə (Vağarşapat), Vedi. Həmin rayonlarda 99.796 nəfər azərbaycanlı yaşamışdır. 1931-ci ildə İrəvan şəhərində 6656 nəfər, Gümrüdə (Leninakanda) 316 nəfər azərbaycanlı yaşamışdır. Üst-üstə Qərbi Azərbaycanda 106.708 nəfər azərbaycanlı qeydə alınmışdı ki, bu da respublika əhalisinin 10,1 faizini təşkil edirdi. Həmin dövrdə Qərbi Azərbaycanda 1242 yaşayış məntəqəsi mövcud idi.
Ümumiyyətlə, indiki Ermənistan ərazisində müxtəlif vaxtlarda üst-üstə 40 rayon mövcud olmuşdur.
1939-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə görə Qərbi Azərbaycanda 130.896 nəfər azərbaycanlı qeydə alınmışdı ki, bu da respublika əhalisinin 10,2 faizini təşkil edirdi.
1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan K(b)P MK-larının birinci katiblərinin adından İ.Stalinin adına məktub göndərilir. Birgə məktubda Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunurdu. Surəti Azərbaycan Respublikası Siyasi Sənədlər Arxivində saxlanılan həmin məktubun altında imza, imzalanma tarixi və göndərilmə nömrəsi qeyd olunmamışdır. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. 1948–1953-cü illərdə Qərbi Azərbaycandakı azərbaycanlılar yaşayan 24 rayondakı 200-dən artıq yaşayış məntəqəsindən və İrəvan şəhərindən təqribən 100 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Deportasiya nəticəsində Ermənistan rəhbərləri Əştərək, Qaranlıq (Qaranlıq), Qarabağlar, Ellər (Abovyan), Üçkilsə (Eçmiədzin) rayonlarından azərbaycanlıların izinin silinməsinə nail oldular. Sonra isə Qarabağlar rayonu ləğv edildi (hazırda bu rayonun kəndlərinin əksəriyyəti xaraba qalmışdır). SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə fürsət verdi ki, İrəvan şəhəri ətrafında və Ermənistanın İran və Türkiyə ilə sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin əksəriyyətini yer-yurdlarından deportasiya etmək yolu ilə birdəfəlik xəritədən silə bilsin. Yalnız 1953-cü ildə İ.Stalinin ölümündən sonra Ermənistandan deportasiya edilən azərbaycanlıların bir qismi öz tarixi-etnik torpaqlarına qayıda bilmişdilər.
1959-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə görə Qərbi Azərbaycanda 107.748 nəfər azərbaycanlı qeydə alınmışdı ki, bu da respublika əhalisinin 6,1 faizini təşkil edirdi.
Ermənistanda antitürk, antiazərbaycan təbliğatı 1960-cı illərin ortalarında yenidən var gücü ilə işə salınmışdı. 1965-ci ildə uydurma “erməni soyqırımı”nın 50 illiyinin qeyd edilməsi haqqında qərarın qəbul edilməsi erməni şovinizmini daha da qızışdırmışdı.
1970-ci ildə azərbaycanlıların miqdarı 158.189 (5,3 %) nəfər, 1979-cu ildə isə müvafiq olaraq 160.841 nəfər (5,3 %) təşkil etmişdi.
Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi seçiləndən sonra Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin öz müqəddəratını təyin etməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya planı işlənib hazırlanmışdı. Ermənistanın Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik törədə biləcək yeganə şəxs – Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının “Türksüz Ermənistan” proqramını həyata keçirməyə başladılar. Moskvanın ermənilərə arxa durması nəticəsində 1987–1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Mehri (Meğri) rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu. Ermənilərin illər boyu arzuladıqları “Türksüz Ermənistan” siyasəti həyata keçirildi.
Ümumiyyətlə, son dövrədək indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 704 inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir.
1920-ci ildən sonra Moskvanın birbaşa köməyi ilə Sovet Ermənistanının ərazisinin təqribən 11 min kv km. artdığı məlum olur. Tarixi Azərbaycan ərazisində mövcud olan Ermənistan Respublikasının ərazisi hazırda 29.743 km²-ə bərabərdir. Bu gün Ermənistanın sərhəd xəttinin ümumi uzunluğu 1261 kilometrə bərabərdir. Azərbaycanla sərhəd 787 km (bunun 221 km-i Naxçıvanla sərhəddir), Türkiyə ilə sərhəd 268 km, Gürcüstanla sərhəd 164 km, İranla sərhəd 42 km-dir. Faktiki olaraq Ermənistanın xarici sərhədləri boyunca yerləşən yaşayış məntəqələrinin hamısında azərbaycanlılar yaşayırlar.
7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilmişdir. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qızıl Qoç (Qukasyan), Düzkənd (Axuryan), Ağin (Ani) və Ərtik (Artik) rayonları, Lori vilayətinə keçmiş Vorontsovka (Kalinino), Cəlaloğlu (Stepanavan), Allahverdi (Tumanyan), Hamamlı (Spitak) və Böyük Qarakilsə (Quqark) rayonları, Tavuş vilayətinə keçmiş Barana (Noyemberyan), Karvansara (İcevan) və Şəmşəddin (Tavuş) rayonları, Araqatsotn vilayətinə keçmiş Talın, Abaran, Ələyəz (Araqats), Əştərək (Aştarak) rayonları, Kotayk vilayətinə keçmiş Axta (Hrazdan), Ellər (Abovyan, Kotayk), Nairi rayonları, Geğarkunik vilayətinə keçmiş Çəmbərək (Krasnoselsk), Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Kəvər (Kamo) və Yelenovka (Sevan) rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Qurduqulu (Hoktemberyan) və Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonları, Ararat vilayətinə keçmiş Zəngibasar (Masis), Qəmərli (Artaşat) və Vedi (Ararat) rayonları, Vayotsdzor vilayətinə keçmiş Paşalı (Əzizbəyov, Vayk) və Keşişkənd (Yeğeqnadzor) rayonları, Sünik vilayətinə keçmiş Mehri (Meğri), Qarakilsə (Sisian), Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə də ayrıca vilayət statusu verilmişdir.
Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı