Sarıyaqub – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 83 km şimal-şərqdə, Məzrə çayının yaxınlığında, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 294 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 436 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 675 nəfər, 1916-cı ildə 651 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Sarıyaqubda 1922-ci ildə 343 nəfər, 1926-cı ildə 377 nəfər, 1931-ci ildə 471 nəfər, 1939-cu ildə 568 nəfər, 1959-cu ildə 594 nəfər, 1970-ci ildə 834 nəfər, 1979-cu ildə 1049 nəfər, 1987-ci ildə 1780 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin əhalisi ermənilər tərəfindən zorakılıqla deportasiya edilmişdir. Hazırda orada yalınız ermənilər yaşayırlar.
Kənd Miskin Abdalın babası Sarı Yaqub tərəfindən salındığı üçün onun adı ilə adlandırılmışdır.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Cağazadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 45°48′ ş. u.