Sarıyal – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində təpə. Toxluca (Draxtik) kəndinin ərazisində yerləşir.
Toponim qədim türk dilində “iri, nəhəng, uca, hündür, yüksək, dik” mənasında işlənən “sarı” sözünə Azərbaycan dilində “hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı”, “dağın döşü, yamac, təpə” mənasında işlənən “yal” sözünün birləşməsindən əmələ gəlmişdir.