Sarıbudaq

Sarıbudaq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə qeydə alınmışdır. Qafqazın beşverstlik xəritəsində “Sarıbulaq” kimi göstərilmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1831-ci ildən sonra burada heç kim yaşamamışdır. Hazırda xarabalıqdır.

Toponim qədim türk dilində “təmiz, saf, pak, içməyə, istifadəyə yararlı su” mənasında işlənən “sarı” sözü ilə “çayın qolu” mənasında işlənən “budaq” sözünün birləşməsindən əmələ gəlmişdir.