Şamama Ələsgərova

Şamama Məmmədkərim qızı Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olmuş, ilk təhsilini gimnaziyada almışdır. Həyatın hər cür sərt üzünü görən Şamama 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş və cəbhəyə göndərilmişdir. Sonra müharibə illərində Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olmuşdur.

1945-ci ildə Şamama xanım N.Krupskaya adına 5 nömrəli klinik doğum evinin baş həkimi təyin olunmuş və ömrünün sonuna kimi – 1977-ci ilədək kimi həmin vəzifəni yerinə yetirmişdir. Onun yüksək təşkilatçılıq qabiliyyəti sayəsində doğum evi respublikanın iri müalicə profilaktika idarəsinə çevrilmiş və keçmiş İttifaqda geniş şöhrət qazanmışdır.

Şamama Ələsgərovanın tədqiqatları, əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr olunmuşdur. O, respublikada malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərində fəal iştirak etmişdir.

Şamama xanım haqqında dövri mətbuatda “Pravda”, “Komsomolskaya pravda”, “İzvestiya”, “Bakı”, “Baku” və digər mərkəzi orqanlarda müntəzəm olaraq məqalələr dərc edilmişdir.

Şamama xanım 1958-ci ildə “Səhiyyə əlaçısı”, iki il sonra isə “Əməkdar həkim” fəxri adlarına layiq görülmüşdür. 1969-cu il fevralın 5-də Şamama xanıma xidmətlərinə görə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdir. О, respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi idi.

Şamama xanım Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilmiş, “Lenin”, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir.

Görkəmli həkim Şamama Ələsgərova 1977-ci ildə vəfat etmişdir.

Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)