Sətənağac – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 100 km şərqdə, Göyçə gölünün şərqində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin adı “Satanaxaç” kimi də işlədilir. Kəndin digər adı “Hacı Qərib” olmuşdur.
Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 299 nəfər, 1908-ci ildə 343 nəfər, 1914-cü ildə 659 nəfər, 1916-cı ildə 430 nəfər, 1919-cu ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprelində azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 300 nəfər, 1926-cı ildə 327 nəfər, 1931-ci ildə 411 nəfər, 1939-cu ildə 481 nəfər, 1959-cu ildə 562 nəfər, 1979-cu ildə 1223 nəfər, 1987-ci ildə 1890 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında və dekabrın əvvəllərində Ermənistan dövləti kəndin köklü sakinləri olan azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim türk dilində “çəpər”, “hasar” mənasında işlənən “sadan” (əsil sedan) sözünə, “tir, dirək, taxta” mənasında ifadə edən “ağac” sözünün qoşulması əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Güney”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən adı dəyişdirilərək “Arequni” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°20′ şm. e., 45°36′ ş. u.