Səfiabad – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Erməni mənbələrində kəndin adı Sefiabad, Səfiabad formalarında göstərilir. Rayon mərkəzindən 14 km cənub-şərqdə, Böyük Qarasu çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
XVII əsrin 70-cı illərində Çuxur-Səəd bəylərbəyi Səfiqulu xan Qarasu çayından susuz torpağa arx çəkdirmiş və həmin yerdə kənd saldırmışdır. Kənd Səfiabad adlanmışdır.
Kənddə 1831-ci ildə 49 nəfər, 1873-cü ildə 190 nəfər, 1886-cı ildə 145 nəfər, 1897-ci ildə 223 nəfər, 1908-ci ildə 203 nəfər, 1914-cü ildə 234 nəfər, 1916-cı ildə 218 nəfər, 1918-ci ildə 243 nəfər, 1919-cu ildə 1640 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1919-cu ilin sonunda azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Kənd 1930-cu illərdə ləğv edilmişdir.