Rəhimabad

Rəhimabad – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Zəngibasar (Masis) yaşayış məntəqəsindən 9 km məsafədə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək (14 yanvar 1969) Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibində olmuşdur.

Kənddə 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 223 nəfər, 1916-cı ildə 246 nəfər, 1919-cu ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında erməni silahlı dəstələrinin törətdikləri qırğınlardan sonra kəndin sağ qalan azərbaycanlı əhalisi Türkiyəyə köç etmək məcburiyyətində qalmışdır. Kənddə ermənilər məskunlaşdırılmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılr ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 242 nəfər, 1931-ci ildə 188 nəfər azərbaycanlı yaşamışdır. 1987-ci ildə 500 nəfərdən artıq azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi 1949-cu ildə zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. 1988-ci ildə noyabr-dekabr aylarında kənddə yaşayan 500 nəfərə yaxın azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Rəhim şəxs adı ilə fars dilində “çoxlu tikinti, yaşayış üçün hər cür şəraiti olan” mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmişdir.

Kənd sonradan Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il fərmanı ilə Rəhimabad kəndi yaşayış məntəqələrinin siyahısından çıxarılmış, Qaraqışlaq kənd sovetliyinə tabe edilmişdir. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən kəndin ərazisinin hazırda daxil olduğu Hayanist kəndi Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°22′ ş. u.