Quşçu

Quşçu (Quşçu Dərəsi) – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Göyçə gölünün şimal-şərqində, Basarkeçər kəndindən 27 km şimal-qərbdə yerləşmişdir. 1728-ci ildə tərtib olunmuş “İrəvan əyalətinin icmal dəftəri”ndə Məzrə nahiyəsinə daxil olduğu göstərilir. 1826–1828-ci illərdə baş vermiş Rusiya–İran müharibəsi zamanı Quşçu kəndi də darmadağın edilmişdir.

İ.Şopenin tərtib etdiyi kameral siyahıyaalmaya əsasən kənd “adları unudulmuş ölü kəndlər” qrafasına salınmışdır. Quşçu kəndinin əzəli sahiblərinin sonrakı taleyi barədə dürüst məlumat yoxdur. Yalnız kəndin xarabalığından 200–300 metr kənardakı qədim məzarlıqdakı qəbirüstü kitabələrin qalıqlarına əsasən oğuz türklərinin burada məskunluğunun 1000-1500 illik bir dövrü əhatə etdiyi məlum olur. Quşçu kəndinin ocaq yerləri Pəmbək kəndindən 4-5 km şimalda, dağlarla əhatələnmiş dərə içərisindədir.