Qızılvəng

Qızılvəng – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 67 km cənub-şərqdə, Alagöz çayının yanında, dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 429 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 563 nəfər, 1908-ci ildə 733 nəfər, 1914-cü ildə 812 nəfər, 1916-cı ildə 807 nəfər azərbaycanlı yaşamışdır. Kənddə 1828–1829-cu illərdə Türkiyənin Van, Muş, Qars vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə ermənilərlə yanaşı 168 nəfər, 1926-cı ildə 241 nəfər, 1931-ci ildə 282 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir.

Toponim qırmızı mənasında işlənən “qızıl” və “kilsə” sözünün sinonimi olan “vəng” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kənddə albanlara məxsus qırmızı rəngdə kilsə olduğu üçün Qızılvəng (Qızılkilsə) adlandırılmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 24 iyul 1940-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Çiçəkli”, 25 yanvar 1978-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Makenis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 45°36′ ş. u.