Qaraxaç

Qaraxaç – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzindən 48 km cənub-şərqdə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. 1873-cü ildə burada 324 nəfər azərbaycanlı, 276 erməni, 1886-cı ildə 498 nəfər azərbaycanlı, 288 erməni, 1897-ci 589 nəfər azərbaycanlı, 416 erməni yaşamışdır. 2008-ci ildə erməni dilində  çap olunmuş “Ermənistanın yaşayış məntəqələrinin lüğəti”ndə Qaraxaç kəndində yaşayanların etnik tərkibi göstərilmədən əhalinin ümumi sayı göstərilmişdir ki, bu da tarixi faktları saxtalaşdırmaqdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. İndiki Ermənistan ərazisində  sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər. Qaraxaçda ermənilərlə yanaşı, 1922-ci ildə 22 nəfər, 1926-cı ildə 31 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi 1948-1949-cu illərdə zorla Azərbaycana deportasiya edilmişdir. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq zorla Azərbaycana köçürülmüşdür. Kənddə indi yalnız ermənilər yaşayır.

Toponim türk dilində “böyük, hündür, uca” mənasında işlənən “qara” sözü ilə “arxac” sözünün təhrif olunmuş forması əsasında əmələ gəlmişdir. Toponim “böyük arxac” mənasını daşıyır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə dəyişdirilib “Lusaşoğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°50′ şm. e., 44°58′ ş. u.