Qarakilsə

Qarakilsə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində şəhər. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1930–1935-ci illərdə Qarakilsə rayonunun, 1935–1940-cı illərdə Sisakan rayonunun mərkəzi, 1940–1995-ci illərdə isə yenidən Qarakilsə rayonunun mərkəzi olmuşdur. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilərlə yanaşı, burada 1831-ci ildə 63 nəfər, 1873-cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914-cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünün qurbanı olmuşdur. Az bir qismi sağ qalaraq canlarını qurtara bilmişdir. 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərinin ortalarında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. Hazırda Qarakilsə (Sisian) şəhərində yalnız ermənilər yaşayır.

Yaşayış məntəqəsinin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart  1940-cı il tarixli fərmanı ilə şəhərin adı dəyişdirilərək “Sisian” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°31′ şm. e., 46°01′ ş. u.