Qanlı

Qanlı (Qanlı Allahverdi) – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Kəndin ilk adı “Qanlı Allahverdi” olmuşdur. Sonradan Allahverdi şəxs adı ixtisar olunmuş, kənd Qanlı adlanmışdır. Kənd Basarkeçərdən 3 km cənub-şərqdə, çay kənarında, Göyçə gölünün sahilində yerləşir. Qafqazın beşverstlik xəritəsində “Qanlı Allahverdi” kimi qeydə alınmışdır. Kəndin ərazisində XI–XII əsrlərlə bağlı alban kilsəsinin, VII-VIII əsrlərə aid olan oğuz qəbiristanlığının qalıqları indi də durur.

Kənddə 1831-ci ildə 99 nəfər, 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 445 nəfər, 1914-cü ildə 476 nəfər, 1916-cı ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin yanvarında azərbaycanlılar erməni silahlı dəstələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuş və kənd yandırılmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar geri, öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 165 nəfər, 1926-cı ildə 218 nəfər, 1931-ci ildə 287 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdilər. Kənddə 1987-ci ildə 800 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin sakinləri üçüncü dəfə zorla Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim türk tayfalarından biri olan “qanlı” etnonimindən və Allahverdi şəxs adından əmələ gəlmişdir. “Qanlı tayfasından olan Allahverdiyə məxsus kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 avqust 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qamışlı” qoyulmuşdur. Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə Qanlı adlı türk yurdu qonşu Kərkibaş kəndi ilə bir inzibati vahiddə birləşdirilmiş və birləşmiş kənd “Vanevan” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 45°41′ ş. u.