Qəzənfər

Qəzənfər – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 49 km şimalda, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində, dəniz səviyyəsindən 1968 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Ermənilər kənddə 1828–1829-cu illərdə Türkiyənin Ələşkirt, Muş, Sasun vilayətlərindən köçürülüb yerləşdirilmişlər.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Araqats” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°29′ şm. e., 44°21′ ş. u.