Parpı

Parpı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək şəhərindən 5 km şimal-qərbdə, Alagöz dağının cənub-şərq ətəyində, dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Parpi”, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Parbi” formasında qeydə alınmışdır.

Burada 1826-cı ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1830-cu illərdə Türkiyədən bura ermənilər köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 145 nəfər, 1873-cü ildə 145 nəfər, 1886-cı ildə 140 nəfər, 1897-ci ildə 199 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişlər. Burada 1922-ci ildə 69 nəfər, 1926-cı ildə 89 nəfər, 1931-ci ildə 93 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayır.

Toponim “açıq çöl, bozqır”, “dağ silsiləsi” mənasında işlənən “par” sözünə “-pi” şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Həmin şəkilçi “p”, “ap”, “pe”, “pi” şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənmiş və belə sözlər həmin şəkilçi ilə birlikdə “el”, “tayfa”, “qəbilə”, “yurd”, “ölkə” mənalarını ifadə etmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°19′ şm. e., 44°18′ ş. u.