Ördəkli – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nanahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiya yaşayış məntəqəsindən 15 km şimali-qərbdə, Arpa gölünün cənub-şərqində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı qeyd edilir. Qarapapaqlar azərbaycanlıların etnogenezində iştirak edən tayfalardır.
Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914-cü ildə 531 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi Qars vilayətinə köç etmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Kənddə Türkiyədən gələn ermənilər yerləşdirilmişdir. 1930-cu illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim ördəkli türk tayfasının adı əsasında formalaşmışdır.