Oğurbəyli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 2 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Uğurbəyli”, Qafqazın beşverstlik xəritəsində “Oğuzbəyli” formasında qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində də kəndin adı “Oğurbəyli” kimi göstərilir.
Buranın köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər kəndə 1829-cu ildə İranın Xoy və Səlmas bölgələrindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 87 nəfər, 1873-cü ildə 104 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə isə 110 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 23 nəfər, 1926-cı ildə 27 nəfər, 1931-ci ildə 26 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim oğuz türk tayfasının adını əks etdirən “oğur” və “bəyli” sözlərindən əmələ gəlmişdir. Toponim əvvəlindəki “oğur” sözü “oğuz” etnonimini əks etdirir. “Oğuz və oğur sözləri eyni mənalıdır. “Oğur (oğuz) bəylərinin yaşadığı yer” mənasını bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Berkanuş” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°59′ şm. e., 44°31′ ş. u.