Musluqlu

Musluqlu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 35 km cənubda, Arpaçayın yaxınlığında, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. 1930-cu ildə keçmiş Talin (Talın) rayonunun tərkibində olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. 1829–1830-cu illərdə Türkiyənin Ələşkirt, Ərzurum və Muş vilayətlərində köçürülüb gətirilən ermənilər Musluqlu kəndinə yerləşdirilmişlər.

Toponim qədim türk dilində “kran, kiçik turba kranı” mənasında işlənən “musluk” sözünə “-lu” şəkilçisinin qoşulması əsasında yaranmışdır. Relyef əsasında yaranan düzəltmə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 fevral 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lancik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°30′ şm. e., 43°51′ ş. u.