Mollaqışlaq

Mollaqışlaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə şəhərindən 4 km cənub-qərbdə, Pəmbək çayının sahilində yerləşir.

Kənddə 1916-cı ildə 167 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 130 nəfər, 1926-cı ildə 156 nəfər, 1931-ci ildə 163 nəfər, 1939-cu ildə 201 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1949-cu ildə kənddən 31 ailə (128 nəfər) azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. 1959-cu ildə 118 nəfər, 1970-ci ildə 188 nəfər, 1979-cu ildə 190 nəfər, 1987-ci ildə 550 nəfər azərbaycanlı yaşamışdır. 2008-ci ildə erməni dilində çap olunmuş “Ermənistanın yaşayış məntəqələrinin lüğəti”ndə kənddə hansı xalqın nümayəndəsinin yaşadığı deyil, kənddə yaşayanların ümumi sayı göstərilmişdir. Bu da məqsədli şəkildə edilmişdir. Məqsəd kəndin aborigen sakinlərinin azərbaycanlılar olduğunu gizlətməkdir. 1988-ci ilin noyabr–dekabr aylarında azərbaycanılar son nəfərinə kimi Ermənistan dövləti tərəfindən qırğınlara məruz qalaraq tarixi-etnik vətənlərindən qovulmuşlar.

Toponim dini məna bildirən molla sözü ilə “qış vaxtı heyvanların saxlandığı yer, otlaqlı qışlama yeri”, “qış yaşayış yeri, kənd əhalisinin daimi yaşayış yeri” mənasında işlənən “qışlaq” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Güllüdərə” qoyulmuşdur. Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Qyulludara” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°44′ şm. e., 44°25′ ş. u.