Molla Dursun

Molla Dursun – keçmiş İrəvan quberniyasının Eçmidəzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 28 km şimal-şərqdə, Abaran çayının yanında, dəniz səviyyəsindən 940 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İranın Səlmas və Türkiyənin Muş vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişlər. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır. 1918-ci ilin əvvəlində burada 320 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişlər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 14 nəfər, 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənddə yaşayan azərbaycanlılar sıxışdırılaraq deportasiya olunmuşlar. Axırıncı azərbaycanlı ailəsi kəndi 1954-cü ildə tərk etmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.

Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır. Ona görə kənd onun adı ilə adlanmışdır.

Kəndin adı 1920-ci ildən sonra dəyişdirilərək “Şaumyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 44°17′ ş. u.