Mağaracıq – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 23 km şimal-qərbdə, dəniz səviyyəsindən 1860 m hündürlükdə yerləşir. Kəndin adı Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri azərbaycanlılarn etnoqrafik qruplarından biri kimi qarapapaqlar göstərilir.
Kənddə 1886-cı ildə 309 nəfər, 1897-ci ildə 375 nəfər, 1908-ci ildə 480 nəfər, 1914-cü ildə 539 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan sovet hakimiyyəti qurulduqdan sonra kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. 1922-ci ildə kənddə 304 nəfər, 1926-cı ildə 430 nəfər, 1931-ci ildə 490 nəfər, 1959-cu ildə 557 nəfər, 1970-ci ildə 983 nəfər, 1979-cu ildə 925, 1987-ci ildə 1109 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci iln sonu, 1989-cu ilin əvvəlində azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Toponim “dağ və qayanın içinə doğru uzanan, yaxud yer altında olan geniş oyuq, zağa, kaha” mənasında işlənən “mağara” sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Qtaşen” qyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°55′ şm. e., 43°43′ ş. u.