Kurud – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 36 km şimal-qərbdə, Şotalı çayının sahilində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1897-ci ildə 145 nəfər, 1922-ci ildə 172 nəfər, 1926-cı ildə 185 nəfər, 1931-ci ildə 220 nəfər, 1939-cu ildə 216 nəfər, 1959-cu ildə 356 nəfər, 1970-ci ildə 440 nəfər, 1979-cu ildə 274 nəfər, 1987-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin 500 nəfərə yaxın sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilinin yazıyaqədərki dövründə “dağ” mənasında işlənən “kur” sözünə “-ud” şəkilçisinin artırılmasından düzəlib “dağlıq, uca, yüksək yerdə yerləşən kənd, yaşayış yeri” mənasını verir. Kurud kəndi uca dağlıq bir yerdə yerləşir. Kəndin adı ilə onun yerləşdiyi yer arasında bir eynilik vardır.
Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Karut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°16′ şm. e., 46°07′ ş. u.