Köçbək

Köçbək – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayəti ərazisində kənd. Cul çayının sağ qolu olan Köçbəkçayın sahilində, Paşalı (Əzizbəyov) – Qarakilsə (Sisian) yolunun üstündə, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Qoçubəy” kimi qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 25 nəfər, 1873-cü ildə 226 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 417 nəfər, 1904-cü ildə 425 nəfər, 1914-cü ildə 470 nəfər, 1916-cı ildə 537 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk edənlər ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 179 nəfər, 1931-ci ildə 365 nəfər, 1939-cu ildə 446 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisinin bir qismi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir hissəsi sonradan doğma kəndlərinə qayıda bilmişdi. Kənddə 1959-cu ildə 281 nəfər, 1970-ci ildə 575 nəfər, 1979-cu ildə 579 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci il noyabrın 24-28-də Ermənistan dövlətinin bilavasitə xüsusi göstərişi ilə kənddə yaşayan 1002 nəfər azərbaycanlılar deportasiya olunmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim türk dilində “düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd” mənasında işlənən “koş” (→koç) sözü ilə qədim türk dilində “təpə” mənasında işlənən “bək” (“bak”) sözünün birləşməsindən əmələ gəlib “təpəlikdə yerləşən köç, düşərgə, çobanların yaşayış yeri” mənasını ifadə edir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Uğedzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°41′ şm. e., 45°40′ ş. u.