Kiçik Şollu Dəmirçi – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Kəndin digər adı rəsmi sənədlərdə “Şorlu Dəmirçi” kimi qeyd edilir. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 23 km şimal-qərbdə, Zəngi çayının yanında, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Dəmirçiliye-Şollu” formasında, Qafqazın beşverstlik xəritəsində “Kiçik Şorlu Dəmirçi” kimi qeydə alınmışdır. Zəngibasar rayonu təşkil edilənədək, yəni 1969-cu ilədək keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.
Kənddə 1831-ci ildə 338 nəfər, 1873-cü ildə 1400 nəfər, 1886-cı ildə 1318 nəfər, 1897-ci ildə 1360 nəfər, 1904-cü ildə 1432 nəfər, 1914-cü ildə 2216 nəfər, 1916-cı ildə 2263 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 687 nəfər, 1931-ci ildə 601 nəfər, 1939-cu ildə 626 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdilər. Kənddə 1959-cu ildə 654 nəfər, 1970-ci ildə 560 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin oktyabr-noyabr aylarında kəndin əhalisi Ermənistan dövləti tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim üç komponentdən: fərqləndirici əlamət bildirən “kiçik” sözündən, “şollu” və “dəmirçi” etnonimlərindən ibarətdir. Toponimdəki “Şollu” mənsubluq bildirən “-lu” şəkilçisi qəbul etmiş türk mənşəli “çol” (→şol) etnonimini, dəmirçi isə şahsevən türk tayfasından olan “dəmirçi” etnonimini əks etdirir. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Dəmirçi”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Darbink” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°22′ ş. u.