Kələşkənd

Kələşkənd – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Zəngi çayının sağ qolunun üzərində yerləşirdi. Erməni mənbələrində “Kyalaşkənd” formasında, Qafqazın beşverstlik xəritəsində “Kələskənd” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 288 nəfər, 1886-cı ildə 363 nəfər, 1897-ci ildə 404 nəfər, 1904-cü ildə 373 nəfər, 1914-cü ildə 437 nəfər, 1916-cı ildə 372 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni daşnak silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq yerli sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Kənd 1926-cı ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Kələş şəxs adına “kənd” sözünün qoşulması yolu ilə əmələ gəlmişdir.