İmirli

İmirli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 37 km şimal-şərqdə, Abaran çayının sol tərəfində, dəniz səviyyəsindən 1910 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin digər adı Əmirli göstərilir. Mənbələrdə kəndin XVII əsrdə salındığı qeyd edilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Ermənilərin bölgədə məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir.

Toponim oğuzların “eymur” etnoniminə mənsubluq bildirən “-li” şəkilçisinin qoşulması ilə əmələ gəlib “eymurların (əmirlərin) yaşadığı kənd” mənasını ifadə edir. Oğuzların eymur tayfasının adı həm də imir formasında qeyd edilir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Ttucur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°34′ şm. e., 44°27′ ş. u.