İmanov Xansuvar Abbas oğlu

“1937-ci ildə Qafan rayonunun Gığı kəndində anadan olmuşam. Qafan rayonunda ancaq azərbaycanlıların kəndləri olub. Qafanın Qazangölü ərazisi Ordubad ilə baş-başadır. Atam fermada işləyirdi və mən tez-tez Qubadlıya gedirdim. Yolboyu heç bir erməni evi yox idi. Qatar kəndində 700-dən çox ev olub, 5000-dən çox əhalisi olub. Bizlərə orada oxumağa, vəzifədə işləməyə imkan vermirdilər. Qafan ərazisində ermənilərə aid heç bir ad yoxdur. Sovetlər zamanı Gığı kəndində 10 illik məktəb fəaliyyətə başladı. Kəfşan ərazisində kilsə var idi. Ermənilər özlərinə aid etmək üçün öz yazılarını yazırdılar. 1988-ci ildə isə mal-mülkümüz orada qaldı. Heç nə gətirə bilmədik. Meyvə bağları salınmışdı. Min bir əzab-əziyyətlə canımızı qurtardıq.”