İbiş

İbiş – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 40 km məsafədə, Türkiyə sərhəddində, Arpa gölünün cənubunda, dəniz səviyyəsindən 2120 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Ayçınqılı” olmuşdur.

Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşlar. Erməni müəlliflərinin əsərlərində kənddə qarapapaqların yaşadığı göstərilir. Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biridir. Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914-cü ildə 568 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. 1922-ci ildə kənddə 221 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 275 nəfər, 1939-cu ildə 278 nəfər, 1959-cu ildə 219 nəfər, 1970-ci ildə 382 nəfər, 1987-ci ildə 580 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən öz doğma torpaqlarından qovulmuşdur. Hazırda kənddə, əsasən, Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yerizak” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°59′ şm. e., 43°39′ ş. u.