Güllübulaq – keçmiş Qars vilayətinin Qars qəzasının Şörəyel nahiyəsində, sonralar Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 13 km şimal-qərbdə, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olmuşdur. Qızılqoç nahiyəsindəki Güllübulaqla, Ağbaba nahiyəsindəki Güllübulağı fərqləndirmək üçün bu kənd rəsmi sənədlərdə “Türk Güllübulağı” və yaxud “Qarapapaq Güllübulağı” kimi yazılırdı.
Kənddə 1886-cı ildə 673 nəfər, 1897-ci ildə 958 nəfər, 1914-cü ildə 1.137 nəfər, 1926-cı ildə 1142 nəfər, 1939-cu ildə 1388 nəfər, 1959-cu ildə nəfər, 1970-ci ildə 2459 nəfər, 1979-cu ildə 2580 nəfər azərbaycanlı yaşamışdır. Kənddə 1987-ci ildə 2985 nəfər azərbaycanlı yaşamışdır. 1937-ci ilədək əhalisi qarapapaqlar kimi qeydə alınmışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. Kəndin əhalisi 1988-ci ilin dekabr ayında Ermənistandan deportasiya edilmişdir. Hazırda kənddə, əsasən, Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.
Toponim “güllü” və “bulaq” sözlərinin qoşulması əsasında əmələ gəlmişdir.
Ermənistan prezidentinin 4 iyul 2006-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Byurakn” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°52′ şm. e., 43°42′ ş. u.