Göysu

Göysu – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 97 km şərqdə, dəniz səviyyəsindən 2075 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914-cü ildə 360 nəfər, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar 1922–1924-cü illərdə ata-baba torpaqlarına qayıda bilmişdilər. 1926-cı ildə burada 227, 1931-ci ildə 215 nəfər, 1939-cu ildə 314 nəfər, 1959-cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 531 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi-etnik vətənlərindən qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində rəng bildirən “göy” sözü ilə qədim türk dilində “çay” mənasında işlənən “su”sözünün birləşməsindən əmələ gəlmişdir.

Kəndin adı Ermənistan Respublikası prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə dəyişdirilərək “Avazan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°18′ şm. e., 45°42′ ş. u.