Eynəzir (Əyənzir) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Meğri rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) yaşayış məntəqəsindən 16-18 km şimal-şərqdə, Nüvədi kəndinin yaxınlığında yerləşirdi. Kəndin başqa adı “Eynazor”dur.
Kənddə 1873-cü ildə 153 nəfər, 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 163 nəfər, 1904-cü ildə 238 nəfər, 1914-cü ildə 562 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 207 nəfər, 1926-cı ildə 219 nəfər, 1931-ci ildə 219 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd sonradan Nüvədi kəndi ilə birləşdirilərək ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qaraqoyunluların əyənzur tayfasının məskunlaşması nəticəsində yaranmışdır.