Ellərkənd

Ellərkənd (Elləroyuğu) – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 43 km şimal-qərbdə, Türkiyə, Ermənistan və Gürcüstan dövlətlərinin sərhədlərinin kəsişdiyi yerdə, dəniz səviyyəsindən 2170 m hündürlükdə yerləşir. Kəndin adı Qafqazın beşverstlik xəritəsində “Elyaroyuğu”, erməni müəlliflərinin əsərlərində “Elləroğlu”, “Ellər”, “Elləroyuğu”, “Yelləryuğ”, “Elləryuğ” formalarında qeyd edilmişdir. Sonralar kəndin adı sənədlərdə “Ellərkənd” kimi rəsmiləşdirilmişdir.

Kənddə azərbaycanlılar etnoqrafik qruplarından biri olan qarapapaqlar yaşamışdır. Erməni müəlliflərinin əsərlərində kənddə yaşayan qarapapaq tayfası xüsusi bir xalq kimi qeyd edilir. Kənddə 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 361 nəfər, 1908-ci ildə 363 nəfər, 1914-cü ildə 437 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində Sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Kənddə həmçinin Gümrü şəhərində ermənilərin törətdikləri qırğınlardan canını qurtaran azərbaycanlılar da məskunlaşmışlar. Burada 1922-ci ildə 222 nəfər, 1926-cı ildə 284 nəfər, 1931-ci ildə 294 nəfər, 1959-cu ildə 165 nəfər, 1970-ci ildə 305 nəfər, 1987-ci ildə 328 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr və 1989-cu ilin yanvar aylarında kəndin köklü sakinləri – azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə Gürcüstanın Axılkələk rayonundan gələn ermənilər məskunlaşmışlar.

Toponim “-lar” cəm şəkilçisi qəbul etmiş qədim türk dilində “tayfa ittifaqı, tayfa təşkilatı”, “xalq, tayfa” mənasında işlənən “el” (il) sözü ilə qohumluq bildirən və III şəxsin təkində işlənən “oğlu” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lorasar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°05′ şm. e., 43°33′ ş. u.