Donuzyeyən

Donuzyeyən (Zəngilər) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 21 km şimal-qərbdə, Zəngi çayının sol sahilində, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir.

1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Donuzyeyən” formasında, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı “Donuzpayan”, Qafqazın beşverstlik xəritəsində “Donquzian” formasında qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin 1712-ci ildə salındığı qeyd edilir. Əslində kəndin adı yaşayış məntəqəsi kimi, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan əyalətinin İrəvan nahiyəsinin tabeliyində Donuzyeyən formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 355 nəfər, 1873-cü ildə 905 nəfər, 1886-cı ildə 1012 nəfər, 1897-ci ildə 1077 nəfər, 1908-ci ildə 1131 nəfər, 1914-cü ildə 1464 nəfər, 1916-cı ildə 864 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuş, yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra onlar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 399 nəfər, 1926-cı ildə 493 nəfər, 1931-ci ildə 518 nəfər azərbaycanlının yaşadığı qeydə alınmışdır. Kəndə 1939-cu ildə 738 nəfər, 1959-cu ildə 868 nəfər, 1970-ci ildə 1266 nəfər, 1979-cu ildə 1472 nəfər əhali yaşamışdır ki, onların da 90%-dən çoxunu azərbaycanlılar təşkil etmişdir. 1987-ci ildə 2050 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabr–dekabr aylarında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim donuz heyvan adına “girən” (daxil olan mənasında) feli sifətinin artırılması ilə düzəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zəngilər” qoyulmuşdur. Zəngilər toponimi türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: “Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər”. Ərəb ölkələrindəki məmlük türkləri də qıpçaq tayfalarıdır. Zəngilər qıpçaq tayfalarından biridir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək “Zorak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°05′ şm. e., 44°23′ ş. u.