Damcılı

Damcılı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 27 km şimal-şərqdə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. XIX əsr rus mənbələrində kəndin adı “Tamceli”, “Damcalu” formasında qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşlər.

Toponim “az sulu bulaq”, “quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su” mənasında işlənən damcı sözünə “-lı” şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mravyan” adlandırılmışdır. Hazırda kənd “Yeğipatruş” adlandırılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°32′ şm. e., 44°28′ ş. u.