Dəlikdaş

Dəlikdaş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 29 km cənub-şərqdə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Erməni ədəbiyyatında kəndin 1828-ci ildə salındığı göstərilir. Əslində, erməni tədqiqatçıları bununla tarixi həqiqəti saxtalaşdırmışlar. Çünki 1728-ci il tarixdə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Göyçə nahiyəsinin kəndlərindin birinin Dəlikdaş kəndinin olduğu qeyd edilir.

İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər kənddə Türkiyənin Muş və Ələşgird bölşələrindən gəlib yerləşmişlər.

Toponim “dərin, dar çuxur”, “mağara” mənalarında işlənən “dəlik” sözü ilə Azərbaycan dilində “dağ, qaya” mənasında işlənən “daş” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Kəndin adı hərfi tərcümə edilərək 1920-ci ildə dəyişdirilərək “Tsaxkar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°11′ ş. u.